«Azərbaycan» Nəşriyyatının rəhbəri bir daha media vasitəsilə xəbərdarlıq etdi
Rahim Hacıyev: «Qəzetin bütün gəlir mənbələri bağlanıb»
“Azərbaycan” Nəşriyyatı “Azadlıq” qəzetinə noyabrın 12-dək vaxt verib. Həmin tarixədək qəzet Nəşriyyata olan borcunu ödəməlidir. Əks halda, Nəşriyyat qəzetin çapını dayandıracaq və redaksiyanı yerləşdiyi otaqlardan çıxaracaq. Nəşriyyat rəhbərliyinin qəzetə göndərdiyi xəbərdarlıq məktubunda buna açıq-aşkar işarə vurulub.
Bundan başqa, qəzetin üzərində 65 min manatlıq məhkəmə cəriməsi var və bu vəsaiti ödəmək “Azadlıq”ın imkanı xaricindədir.
“Azərbaycan” Nəşriyyatının baş direktoru Ağabəy Əsgərov “mediaforum”a müsahibəsində bildirib ki, “Azadlıq” qəzetinin rəhbərliyi əvvəllər edilən xəbərdarlıq zamanı hansısa tədbirlər görürdü: “Amma son vaxtlar heç bir ödəniş etmirlər. Maliyyə vəsaitləri çətin olduğundan onları da başa düşmək olar. Amma bizim də maliyyə durumumuz qənaətbəxş deyil. Faktiki olaraq, qəzeti pulsuz nəşr etməyə imkanımız yoxdur. Ona görə də ayın 12-nə kimi vaxt vermişik. Əgər hər hansı məbləğ ödənilməsə, qəzeti çap eləmək bizim maliyyə imkanlarımızdan kənar olacaq”.
“Qəzetin Nəşriyyatdan da çıxarılması mümkündürmü?” sualına Ağabəy Əsgərov belə cavab verib: “Xeyr. Əgər icarə haqqını da uzun müddət ödəməsələr, Nəşriyyatdan çıxarıla bilərlər. Çünki bütün kommunal xərcləri biz ödəyirik”.
Nəşriyyatın rəhbəri əlavə edib ki, bu, bazar iqtisadiyyatıdır: “Əksinə, biz ”Azadlıq” kimi gündəlik bir qəzetin nəşr olunmasında maraqlıyıq. Qəzetin nəşr olunması bizim üçün sərfəlidir. Istəyərdik ki, qəzet hər gün vaxtlı-vaxtında çıxıb bizə pul versin. “Azadlıq” qəzeti Nəşriyyat üçün önəmli müştəridir. Amma o şərtlə ki, vaxtında pulunu ödəsin”.
“Azadlıq” qəzeti baş redaktorunun birinci müavini Rahim Hacıyev də öz növbəsində “mediaforum”a bildirib ki, qəzetin belə çətin vəziyyətə düşməsi hakimiyyətin “Azadlıq”a qarşı apardığı uzunmüddətli siyasətin nəticəsidir: “Etiraf edim ki, bizi çox çıxılmaz hala salıblar. Heç bir vaxt vermədən bizdən 65 min manatın ödənilməsi tələb olunur. Bu, xeyli müddətdir bizə qarşı aparılan siyasətdir. Qəzetin bütün gəlir mənbələri bağlanıb. Əməkdaşlarımıza maaş verə bilmirik. ”Azərbaycan” Nəşriyyatı qəzetin çapını dayandırsa, başqa nəşriyyatla işləməyimiz mümkün deyil. Çünki maliyyə vəsaitimiz yoxdur. Noyabrın 12-dək müəyyən səylər göstərməyə çalışacağıq ki, hər hansı məbləğ ödəyə bilək. Amma açığı, optimizm üçün ciddi bir əsas yoxdur. Qəzetin çətin vəziyyətdən çıxması üçün lazım ola biləcək bütün variantlar sınaqdan keçirilib. Hər hansı çıxış yolunu təsəvvür eləmək bizim üçün çox çətindir. Faktiki olaraq qəzet dayandırılmağa doğru aparılır”.


