Hakim komandada Minsk qrupunun fəaliyyəti ilə bağlı müxtəlif fikirlər səsləndirilir
Azərbaycan hakimiyyəti uzun illərdir balanslaşdırılmış siyasət həyata keçirdiyini söyləsə də, nə daxili, nə də xarici siyasətdə balansı qoruya bilmir. Bu “balans”ın olmadığını isə hakimiyyət nümayəndələrinin müsahibələrindən, çıxışlarından daha aydın görmək olur.
YAP icra katibinin müavini Siyavuş Novruzov “Yeni Azərbaycan” qəzetinə müsahibəsində ATƏT-in Minsk qrupunun fəaliyyətinə “barmaq silkələyib”.
“ATƏT-in Minsk qrupunun həmsədrləri 20 ildir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı heç bir iş görməyib. Açıq şəkildə bəllidir ki, həmsədrlər burada heç bir addım atmayacaq. Biz təhlil edərkən belə görürük ki, ən böyük erməni diasporu Fransada fəaliyyətdə olan erməni diasporudur. Hətta Fransanın keçmiş prezidenti işğalçı ölkəni özlərinin bacısı adlandırıb. Bilirsiniz ki, Amerikada da böyük Ermənistan diasporu fəaliyyətdədir. Onlar Konqresə mütəmadi olaraq təsir göstərir. Təbii ki, belə olan təqdirdə onlar həmsədrlərə də müəyyən mənada təsir göstərəcəklər. Üçüncü həmsədr ölkə Rusiyadır ki, bildiyiniz kimi Ermənistanda Rusiyanın hərbi bazası mövcuddur. Ermənistan Rusiyanın for-postudur. Ümumilikdə götürdükdə, həmsədrlik məsələsi gərək 3 ildən bir rotasiya olunsun. Hesab edirəm ki, artıq onları əvəzləyəcək başqa dövlətlər bu işlə məşğul olmalıdır. Bunların regiona səfəri sadəcə olaraq turistik səfərinə oxşayır”- deyə Siyavuş Novruzov bildirib.
Əslində Siyavuş Novruzovun bu açıqlaması hakimiyyətin özünüifşası və komandanın bir-birini təkzib etməsinin göstəricisidir.
Çünki Siyavuş Novruzovun partiyasının sədri, prezident Ilham Əliyev dəfələrlə ATƏT-in Minsk qrupunun fəaliyyətini təqdir etdiyini bildirib.
Dövlət başçısı ATƏT-in fransalı həmsədri Bernar Fasyeni qəbul edərkən onun fəaliyyətini yüksək qiymətləndirdiyini vurğuladı, eyni zamanda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı danışıqlar prosesində fəal işinə görə təşəkkürünü bildirdi və gələcək fəaliyyətində ona uğurlar arzuladı.ÿ
Oktyabrın 21-də isə Ilham Əliyev ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorliki qəbul etmişdi və Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı məsələlər ətrafında müzakirə aparmışdı.
Digər hökumət nümayəndələrinin də Minsk qrupunun fəaliyyəti haqqında yüksək fikir söylədiklərinin şahidi olmuşuq.
Biz Minsk qrupunun fəaliyyətindən məmnun deyilik. Sadəcə olaraq hakimiyyət daxilində bir məsələ haqqında müxtəlif yanaşmaların olduğunu diqqətə çatdırmaq istəyirik.
Siyavuş Novruzovun dediklərinə başqa rakursdan da nəzər salaraq sual etmək istəyərdik. Əgər bu 3 həmsədr ölkə Ermənistan lobbisinin təsiri altındadırsa, niyə 20 ildir məsələ Ermənistanın xeyrinə həllini tapmır? Yaxud mövcud hakimiyyət bu məsələ ilə bağlı niyə ortaya mövqe qoyub etirazını ifadə etmir?
Qarabağ məsələsi ölkənin ən böyük problemidir və ərazi bütövlüyümüzün bölünməsinin nümunəsidir. Belə bir məsələnin həlli ermənipərəstlərə tapşırılıbsa və Siyavuş Novruzovun təmsil olunduğu komanda bunu bilirsə, niyə bu qrupun ölkəmizə gəlməsinə, taleyüklü məsələyə müdaxilə etməsinə icazə verilir?
Müstəqil dövlət yalnız bayrağı, himni, ordusu olan dövlət deyil, həm də heç kimdən çəkinmədən öz siyasi iradəsini nümayiş etdirən dövlətdir.
Görünən budur ki, hakimiyyət daxilində qeyri-müəyyənlik mövcuddur və yüksək səviyyədədir.
Komanda hələ müəyyən edə bilməyib ki, ATƏT-in Minsk qrupu müsbət, yoxsa mənfi qiymətləndirilməlidir.
Ümumiyyətlə, hakim komanda Qarabağ münaqişəsinin həllinin Minsk qrupunun fəaliyyətindən asılı olub-olmadığı haqda da məlumat verə bilmir.
Əgər ATƏT-in Minsk qrupunun lazımsızlığını bəyan etsələr, gərək iradə nümayiş etdirib bu qrupun fəaliyyətindən imtina edələr. Yox, Minsk qrupunun fəaliyyətini yüksək qiymətləndirsələr, gərək bu uğurların nədən ibarət olduğunu əyani şəkildə sübut edələr.
Bir sözlə, hakimiyyətin balansı pozulmaqda davam edir və konkret mövqe sərgiləmək müşkülə çevrilir.
Ilham


