Direktor vəzifədən çıxarılması haqda qərarı qəbul etmir; Təhsil Nazirliyi isə onun özünün bu haqda ərizə yazdığını iddia edir
Sumqayıtda yerləşən 24 saylı məktəbdə dünən qarşıdurma yaranıb. Bu barədə “musavat.com”un yaydığı məlumatda bildirilir ki, məktəbdə yaranmış qarşıdurmaya səbəb direktor Mehriban Nəcəfovanın gözlənilmədən işdən çıxarılmasıdır.
Mehriban Nəcəfova sözügedən qərarı qanunsuz sayır və ona müqavimət göstərir. Məktəbin müəllimləri, habelə yüzlərlə valideyn də bu məsələdə onu müdafiə edir. Nəticədə dünən təhsil şöbəsinin işçilərilə məktəbin kollektivi arasında saçyoldu və cırmaqlaşma ilə müşayiət olunan qarşıdurma baş verib. Məktəbə polis və təcili yardım maşınları çağırılıb. Təhsil şöbəsinin işçiləri qaçıblar.
Valideynlər bildiriblər ki, əgər Mehriban Nəcəfova öz vəzifəsinə qaytarılmasa, övladlarını kütləvi şəkildə bu məktəbdən çıxaracaqlar.
Onu da qeyd edək ki, Mehriban Nəcəfova 24 saylı məktəbdə yerləşən məntəqə seçki komissiyasının sədri olub və seçkinin nəticələrinin hakimiyyətin istədiyi kimi alınmasında xüsusi canfəşanlıq göstərib. Direktor xanım məhz bu üzdən hesab edir ki, onun hakim komanda qarşısında xüsusi xidmətləri var və heç kəs onu vəzifəsindən uzaqlaşdıra bilməz.
Sumqayıt Şəhər Təhsil Şöbəsi müdirinin səlahiyyətlərini icra edən Vaqif Ələkbərov valideynləri sakitləşdirmək üçün məktəbin akt zalında onlarla görüş keçirib. Valideynlərdən bir neçəsi tələb və təkliflərini səsləndiriblər. Onlar bildiriblər ki, tələbləri keçmiş direktor Mehriban Nəcəfovanın işinə bərpa olunmasıdır.
Təxminən bir ildir ki, Sumqayıt şəhər təhsil şöbəsi müdirinin səlahiyyətlərini icra edən Vaqif Ələkbərov isə bildirib ki, məktəb direktoru öz ərizəsi ilə işdən çıxıb və həmin ərizəyə baxıb qərar verən qurum Təhsil Nazirliyidir. Təxminən yarım saat çəkən görüş qəzəbli valideynləri sakitləşdirə bilməyib.
Vaqif Ələkbərov üzünü etiraz edən valideynlərə tutaraq deyib: “Bilmədiyiniz çox şey var. Mən bunu burada deyə bilmərəm. Ərizəsini yazıb, nazirlik ərizəyə münasibət bildirərək onu işdən azad edib”.
Təhsil Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Mehriban Nəcəfova Təhsil Nazirliyinə oktyabrın 25-də ərizə ilə müraciət edərək, səhhətindəki problemlə əlaqədar müalicəyə ehtiyacı olduğunu, məktəb direktoru kimi vəzifə səlahiyyətlərini yerinə yetirməkdə çətinlik çəkdiyini göstərib. Ona görə də təhsil nazirinin müvafiq əmrilə Mehriban Nəcəfovanın ərizədə göstərdiyi səbəb nəzərə alınaraq, 25 oktyabr 2013-cü ildən Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən, onunla bağlanmış əmək müqaviləsinə xitam verilib.


