Qurban Məmmədov “işverənləri” rəzil etdi

Vicdan məhbusu saxta məhkəmə şousunda rol alanlara ağır ittihamlar yağdırdı

Milli Şuranın üzvü, məhbus hüquqşünas Qurban Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi dünən Nəsimi Rayon Məhkəməsində hakim Emin Mehdiyevin sədrliyi ilə davam etdi. Bu məhkəmənin özəlliyi açıq prosesin qapalıyla de-fakto əvəzlənməsi oldu. Məhkəmə zalına heç bir mətbuat nümayəndəsi buraxılmadı. Hakimin əlaltından verdiyi göstərişə əsasən zalda cəmi bir “Azadlıq” qəzetinin əməkdaşı – bəndəniz vardı, lakin az çəkmədi ki, o da qondarma əsasla, əslində isə heç bir əsas olmadan zaldan çıxarıldı (Məhkəmənin xülasəsi qəzetin özəl imkanları hesabına hazırlanıb).

Milli Şuradan Qurban Məmmədova dəstək

Qurban Məmmədovun budəfəki məhkəməsində ictimia-siyasi xadimlər çox idi. Milli Şuranın prezidentliyə vahid namizədi Cəmil Həsənli, AXCP sədri Əli Kərimli, ACP sədri Sülhəddin Əkbər, Milli Şuranın üzvləri Gültəkin Hacıbəyli, Ibrahim Ibrahimli, Vidadi Mirkamal, Həsən Kərimov, Nurəddin Məmmədli, keçmiş müdafiə naziri Rəhim Qazıyev mənəvi dəstəklərini ifadə etmək üçün məhkəməyə gəlmişdilər. Çox güman ki, məhkəmənin mediaya qarşı aqressiv münasibətinin kökündə də adı çəkilən mötəbər qonaqların varlığı dayanırdı.
Dörd divar arxasından sirayət edən cəsarət
Qurban Məmmədov zala daxil olanda əqidədaşlarının alqışı ilə qarşılandı. AXCP sədri Əli Kərimli Qurban Məmmədovu salamlayaraq bildirdi ki, onun dörd divar arasındakı məhdudiyyətlərə rəğmən göstərdiyi pozitiv davranışlar cəmiyyətə, mübarizə insanlarına əlavə enerji verir.

Milli Şuranın vahid namizədi Cəmil Həsənli ilə salamlaşan Qurban Məmmədov onu uğurlu işə görə təbrik etdi.

Zərərçəkən Cəmil Həsənli

Hələ məhkəmə başlamazdan bir sıra maraqlı hadisələr də baş verdi. Məsələn, Cəmil Həsənli məhkəmə zalındakı ön sırada oturmaq istəyəndə buna imkan vermədilər. Bildirdilər ki, bu yer “zərərçəkənlər” üçün nəzərdə tutulub.
Cəmil müəllimin cavabı: “Bu ölkədə ən böyük zərərçəkmiş mənəm”.

“Millətdən iyrəndirmə siyasəti aparılır”

Qurban Məmmədov demokratik düşərgəyə qarşı başlanan siyasi məhkəmə şoularını da qısaca dəyərləndirdi və mübarizə aparan gəncliyə xitab etdi:
“Bu məhkəmələrin belə təşkil edilməsində bir siyasi məqsəd var. Hökumət istəyir ki, siyasiləri millətdən incik salsınlar. Bu cinayət işlərində adı keçən müstəntiq, hal şahidi, prokuror, hakim hamısı əxlaqdan, ədəbdən milli qeyrətdən kənar adamlardı. Belə şeyləri görəndə istər-istəməz adamın qəlbində bir hiss baş qaldırı ki, mən  kimlərin azadlığı, firavan həyatı uğurunda mübarizə aparıram, kül mənim başıma. Bu mənzərə çoxlarını mənən sındırır. Bu, hakimiyyətin düşünülmüş, millətdən iyrəndirmə taktikasıdır. Cavanları başa salmaq lazımdır ki, bu cür ütüklər millətin, xalqın təmsilçisi ola bilməz. Qoy, lap bir milyonumuz belə yaltaq-yultaq, mənəviyyatsız olsun, biz yerdə qalanlar üçün mübarizədəyik. Hətta bir nəfər haqqı pozulan ləyaqətli insanımız varsa, onun naminə mübarizə aparılmalıdır, aparılacaq da”.

Keçmiş polisin tam ifşası

Məhkəmə iclasında zərərçəkən Pərviz Abbasov və şahid kimi cəlb edilən “Medikal Plaza” klinikasının qarşısındakı avtodayanacaqda taksi sürücüsü işləyən Isa Mansurov iştirak edirdi. Həmin Isa Mansurov ki, bundan əvvəlki iclaslarda şəxsiyyətini müəyyənləşdirərkən məhkəməyə yalan ifadə verərək Azərbaycanda heç bir yerdə işləmədiyini demişdi. Ancaq Qurban Məmmədovun məhkəməyə təqdim etdiyi sənədlərdən, əvvəllər 20-ci Polis Bölməsinin sahə müvəkkili, polis kapitanı olduğu ortaya çıxmışdı.
Iclasda həmin “şahid” üzə çıxan faktların doğruluğunu etiraf etmək məcburiyyətində qaldı.
Qurban Məmmədov əvvəlki iclasda, Mansurov Isanın ifadəsinin yolverilməz sübut kimi sübutlar içərisindən çıxarılması və sonradan ortaya çıxan məhkəməyə yalan ifadə verməklə bağlı faktlar barədə tədbir görülməsinə dair vəsatətlərində israrlı olduğunu qeyd etdi. Hakim bu məsələlərə sonda qiymət veriləcəyini dedi.

Viktor Hüqo Qurban Məmmədovun müdafiəsində

Daha sonra zərərçəkən və “şahid”in çarpaz dindirilməsi oldu. Hər ikisinin istintaqa verdiyi və üzləşmələrdəki ifadələri ilə məhkəmədə verdikləri cavablar, həmçinin başqa şahidlərin hadisənin təsviri ilə bağlı ifadələri arasında köklü ziddiyyətlər ortaya çıxdı. Bunlarla bağlı da Qurban Məmmədovun israrlı tədbir görülməsinə dair tələblərinə qarşı, dövlət ittihamçısı tərəfindən susqunluq və ya “daha sonra münasibət bildiriləcək” mövqeyi sərgiləndi.
Qurban Məmmədov üzünü zərərçəkənə, “şahid”ə, prokurora və hakimə tutaraq V.Hüqonun Fransa məhkəmələri barədə bir sözünü səsləndirdi: “Yalan ifadə vermək, yalan şahidlik etmək, əsassız ittihamı müdafiə etmək, qanunsuz hökm, qərar, qətnamə qəbul etməklə qazandığı pulla arvadına və qızına alt paltarı alan kişilər evində fahişə saxlayır. Çünki həmin alt paltarlarında haqqı pozulan başqa kişilərin də haqqı var”. Sonra belə davam etdi: “Bu hamıya aiddir. Çox təəssüf ki, əsrlər əvvəl Fransadakı vəziyyətlə, indi Azərbaycandakı vəziyyət fərqlənmir. Xahiş edirəm bunu nəzərə alasınız!!!”.

Sadəcə rüsvayçılıq

Daha sonra Qurban Məmmədov zərərçəkənə sual verdi: “Mən səni və ailəni nə vaxtsa ölümlə təhdid etmişəm?”.
Zərərçəkən isə cavabında Qurban Məmmədovdan ona və ailəsinə heç bir təzyiq, təhdid və hədələmə olmadığını dedi. Istintaqa zərərçəkənin imzasıyla verilən, onun Q.Məmmədov tərəfindən ölümlə təhdid edildiyinə dair şikayət ərizəsini hakim elan etdi və zərərçəkəndən imzanın ona aid olub-olmadığı soruşuldu. Zərərçəkən, imzanın ona aid olduğunu, ancaq həmin ifadələrin ona aid olmadığını bildirdi. Hətta latın hərflərini yaza və oxuya bilmədiyini də dedi. Bununla da həmin şikayət ərizəsinin zərərçəkənə imzaladıldığı, Qurban Məmmədov haqqında həbs qətimkan tədbiri seçilməsi üçün istintaq vaxtı qondarma və məqsədyönlü şəkildə yalandan hazırlandığı ortaya çıxdı.

Qurban Məmmədovun ekspertizaya bəzi suallar verilməsi ilə bağlı verdiyi vəsatət təmin olunmadı.

Əsaslı vəsatət, əsassız rədd qərarı

Sonda Qurban Məmmədovun həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı verdiyi vəsatət də təmin edilmədi. Həmin vəsatətdə belə deyilirdi: “Artıq zərərçəkmiş və ailə üzvləri dindirilmiş və ifadələrində göstərmişlər ki, mən onlara heç bir təzyiq göstərməmiş, ifadələrini dəyişməyə məcbur etməmişəm, hər hansı hədə-qorxu və ölümlə təhdid etməmişəm. Hadisəni ”gördüklərini” və “eşitdiklərini” iddia edərək “şahidlik” edən Rəhbər Hüseynov və Isa Mansurovun hər ikisi də özlərinə qarşı heç bir təzyiq olmadığını deməklə yanaşı, ziddiyyətli və yalan ifadələr verərək məhkəməni yanıltmağa cəhd etmişlər. Həmçinin, hadisədə iştirak etmiş və şahid olan Xanlar Bayramov da ifadəsini verərkən ona qarşı heç bir təzyiq olmadığını bildirmişdi. Bunları nəzərə alaraq, mənim haqqımda seçilmiş habs qətimkan tədbirini dəyişdirib istədiyiniz başqa qətimkan tədbiri ilə əvəz edəsiniz”.
Bu qədər açıq-aşkar faktlar olmasına baxmayaraq, dövlət ittihamçısı vəsatətin təmin olunmamasını tələb etdi və hakim də müşavirədən sonra vəsatəti təmin etməyərək Qurban Məmmədovu həbsdə saxladı.

***

Növbəti məhkəmə iclası çərşənbə gününə – 13 noyabr saat 10:00-a təyin edildi.

Natiq Güləhmədoğlu