Rusiyadaki süni faşizm dalğası bu ölkənin «Xalqların ittifaqı»na hazır olmadığını ortaya qoydu və rusiyameylliləri məyus etdi
Neçə gündür Rusiyada qeyri ruslara qarşı başlamış faşist hərakatı gündəmi zəbt edib. Bu olayın beyinləri və kompüterləri tutmasından qabaq biz Kremllə bağlı hansı məsələləri müzakirə edirdik? Yəqin ki, Rusiyanın Gömrük Ittifaqını genişləndirməsi məsləsini. Bu məsələyə də qayıdacağıq, öncə Moskvada nə baş verir?
Orxan Zeynalovdan da betər
Bir azərbaycanlı miqrantın törədib-törətmədiyi bəlli olmayan (bu qədər işgəncədən sonra özünü qismən təqsirli bilir) bir qətl hadisəsinə görə ayağa qalxan Moskva “özünütəmizləmə” aksiyalarına başlayıb. Ilk baxışdan bunu təbii olay kimi də qarşılamaq olar. Amma xanımlar və cənablar, Rusiya cəmiyyəti bu qədər siyasi cəhətdən həssas, ictimai cəhətdən fəaldırsa, niyə Putinə belə aqressiv reaksiya vermir? Guya Orxan Zeynalovun və ya bütün miqrantların birlikdə Rusiya üçün Putindən daha təhlükəsiz olduğunu bilmirlərmi? Putin bu ölkədən oğurladığı pullar bir tərəfə, ölkəni stalinist qaydalarla idarə edir. Kriminogen vəziyyətin nə yerdə olduğunu anlamaq üçün son bir ildə bu ölkədə ölən qanuni oğruların sayını bilmək yetir. Ölkədə o qədər qanundankənar dəstələr fəaliyyət göstərir ki, onlarla lideri öləndən sonra yenə də olduğu kimi davam edir. Onların ölümünü də qanun həyata keçirmir, daxili razborklar belə nəticələnir. Putin bütün bu şəbəkənin beyət etdiyi adamdır və küçələrdə ölüm şüarı səsləndirib meydan oxuyan faşist dəstələri də Putinin nəzarətindədir. Yadınızdadırsa, o hətta bu dazalaq gənclərin məşqinə də tamaşa etmək üçün onların düşərgəsinə getmişdi. Burdan o qənaətə gəlirik ki, Orxan Zeynalov hadisəsi və onun ardınca qızışan antimiqrant, faşist hərəkatı sadəcə bir blefdir və bunun arxasında dayanan həqiqi siyasi məqsədlər var.
Putinə alternativ axtarışı
Rusiyanın məşhur mətbuat orqanlarını səhifələmək yetir ki, Putinin əsl dərdini görmək mümkün olsun. Məsələn, “Soverşenno Sekretno” qəzetinin sonuncu sayında təxminən ona yaxın tanınmış rusiyalı alim və hüquq müdafiəçisi belə bir suala cavab verir: “Putinin alternativi aqressiv millətçilik ola bilərmi?”. Verilən cavablardan bəhs edəcəyik, amma aydın görünür ki, Rusiyada elita ciddi-ciddi Putinə alternativ axtarır və bu axtarış Kremlin indiki sahibini narahat edir. Bu fəal faşist hərəkatının “ortaya çıxması”nın mühüm səbəblərindən biri odur ki, Putin cəmiyyətə demək istəyir ki, mən olmasam meydanda bunlar olacaq. Bunların qarşısını mən almışam, yoxsa Rusiyanı cəhənnəmə çevirərlər. Məntiqlə düşünəndə isə Putin miqrantlardan yem kimi istəfadə etməklə Rusiya xalqını qorxudur. Tutaq ki, bu faşist dəstələri Rusiyanı miqrantlardan təmizlədilər, sonra neynəyəcəklər qana batmış dişlərini? Heç kimin yadından çıxmayıb faşist Almaniyası. Əvvəlcə bütün yəhudiləri qovdular, sonra da hər şeyi bəhanə edib kütləvi güllələnmə həyata keçirdilər. Bunu təbii ki, Rusiya elitası da bilir və Putinin məlum mesajını alır. Bu mesajı ciddiyə alırmı? Görünən odur ki, xeyr. Rusiyada ağlı kəsən hər kəs Navalnıdan danışır və ölkənin gələcəyini liberal demokratiya ilə sosial demokratiyanın iqtisadi siyasi çulğaşmasında görürlər. Yəni azad iqtisadiyyat və sosial ədalət. Putin isə Rusiyada artıq keçmiş sayılır. Onun varlığı sadəcə, o anlamı verir ki, Rusiya daha bir neçə il keçmişdə qalacaq.
Sirkə tünd oldu və…
Yazının əvvəlində demişdik ki, biz bu faşizm dalğasından qabaq Rusiyanın Gömrük Ittifaqı məsləsi barədə düşünürdük. Amma əlahəzrətin birdən-birə qopardığı tozanaq hər şeyi naməlum divarın o tərəfində qoydu. Bayaqdan sadaladığımız Putinin taktiki mənafeləri idi. Indi görək onun guya Rusiya üçün düşündüyü neoimperializm üçün bu olaylar nə demək idi. Yəqin ki, ağlı başında olan heç kim inkar etməz ki, xalqları bir arada tutmağın idelojisi faşizm deyil. Millətlər nə qədər öz eqosentrizminə yuvarlansa, o qədər təkbaşına siyasət yürütmək yolunda və ya zorundadır. Putin isə açıq şəkildə yeni ittifaq qurmaq istəyirdi və bu ittifaqa üzv eləmək istədiyi Ermənistan, Azərbaycan, üzvü olan Qazaxıstan və perespektivdəki bir neçə ölkənin əhalisi bu gün Moskvada Putinin dazalaq dəstələrinin hədəfindədir. Dünən Rusiya ilə bir ittifaqa girmək haqqında düşünən hökumətlər bu gün Rusiyadan geri gələcək miqrantlarla nə edəcəklərini düşünürlər. Yəni Rusiya artıq birgə ittifaqa yaramır. O, etibarlı və sabit tərəfdaş deyil. Bunu qıraqdan heç kim iddia etmir. Sadəcə, Moskvanın küçələrindəki olaylara baxmaq bəs edir.
Bunu Amerika təşkil edib?
Yuxarıdaki abzası oxuyanda yəqin sizin də ağlınızdan keçdi ki, bu sətirlərin müəllifi demək istəyir ki, baş verənlər hansısa qıraq və “məkrli”, Putinin təbirincə, ABŞ, ya da ABŞ dəyirmanına su tökən qüvvələrdir. Xeyr, biz qətiyyən bu iddiada deyilik. Məsələn, Rusiyanın daxili işlər nazirinin bir təsadüfi qətldə təqsirli bilinən Orxan Zeynalova qarşı davranışı deməyə əsas verir ki, bu, Kremlin rəsmi tamaşasıdır. Zatən, nazirin bu hərəkətindən, rəsmi KIV-in çağırış tipli agitasiyasından sonra o faşistlər meydana çıxdılar. Burada sadəcə bir məntiq var – Putin şüurda biri heç zaman dövlət gələcəyini ön planda tutub strateji qura bilməz. Onların şəxsi maraqları hər zaman belə manelərə çevrilir. Məslən, Azərbaycanda Əliyevin Qarabağ uğrunda çalışmaları da buna oxşayır. Günün birində demokratiya maneəyə çevrilir və təbii ki, Ilham Əliyev kürsünü möhkəmlədən avtoritar yolu seçir. Putin isə bir ucu Ingiltərəyə bağlanan radikal vəhabi Islam faktorunu ölkəsində fəallaşdırmaqdansa, düşünür ki, rus millətçiliyi ilə spekulyasiya daha az ziyanlıdır. Nəticədə isə onun daha böyük birliklər qurmaq ideyası turş mayalı qatıq kimi çürüyür.
Ağıllı kameralar
Putinin miqrantlar naminə “ağıllı kameralar” projesi barədə oxuyanda yadıma Ziya Məmmədovun intellektual nəqliyyatı düşdü. Görünür, “ağıllı”, “Intellektual”, “inkişaf etmiş texnologiya” sözləri təkcə bizdə deyil, rus elitasında da kompleks yaradır. Ona görə də ilk fürsətdə bu sözləri nəyinsə qarşısına əlavə edib, ağıllı olduqlarına işarə vururlar.
Nədir nəticə?
Bu olaylardan çıxaracağımız nəticələr nədir? Birincisi, Putindən yeni blok yaradan olmaz, məsləhətdir ki, heç kim onun küyünə gedib, dünyanın o biri tərəfləri ilə işlərini korlamasın. Ikincisi, Ilham Əliyev və Sərkisyan kimi rəhbərlərin tək yolu Qərbə doğru gedib özünü bu ayıdan qorumaqdır. Üçüncüsü, bütün bu olaylar Rusiyanın yeniləşən dünyada arxaizmin vətəni kimi qaldığını sübut elədi…
Irəli gedən dünyada ancaq irəli baxmaq lazımdır.
Seymur Həzi


