“Oğrular və korrupsionerlər azadlıqda gəzməməlidirlər”

Daxili işlər naziri cənab Ramil Usubova müraciət

 

Veronika Tarbayeva probleminin həlli üçün nazirlə görüşmək istəyir

Mən, Azərbaycan Respublikasının vətəndaşı Tarbayeva Veronika Viktorovna hüquq-mühafizə orqanlarının naziri cənab Usubova qəzet vasitəsilə müraciət edirəm. Çünki mənim nəinki sadə poçtla, heç elektron poçtla göndərdiyim məktublar da sizə çatmır. Artıq ikinci ildir ki, sizə müraciət edirəm, cənab Usubov. 

Mənimlə əlaqədar 177.3.2-ci maddə üzrə açılan cinayət işinə qanunun bütün ciddiliyi ilə baxılmır. Sizin tabeliyinizdə olanlar işləmir, işə sadəcə gün keçirmək üçün gəlirlər. Lap əvvəldən başlayacam. 2012-ci il sentyabrın 4-dən 5-nə keçən gecə saat 01.30-da mənim yeni qəzet köşküm malları ilə birlikdə oğurlanıb. Köşk Nizami rayonunda “Neftçilər” metrosunun çıxışında idi. Həmin gecə mən Nizami rayon 24-cü polis bölməsinə müraciət etdim. Köşkü oğurlayanları tutdular və dərhal buraxdılar. Mənə dedilər ki, “ərizə yazmaya bilərsiniz, onsuz da onlara heç nə etməyəcəklər. Bu köşklərin arxasında elə adamlar durur ki, şikayət etməyin faydası yoxdur”.

Cənab Usubov, indi də mən sizdən soruşmaq istəyirəm: belə məlum olur ki, bizdə qanunlar hamı üçün deyil? Əgər həmin gün polis bu işlə ciddi məşğul olsaydı mən bu məktubu sizə yazmazdım və sizdən kömək istəməzdim. Yeddi ay ərzində cinayət işinin qaldırılmasına nail olmağa çalışdım. Bu yeddi ayda mənim işimə baxılması üçün yazdım, xahiş etdim. Məni məhkəməyə, oradan da polisə göndərdilər. Sonra iş Nizami rayon 24-cü polis bölməsinin təhqiqatçısına verildi, lakin iş yenə də irəliləmədi. Mən yenidən sizə yazmağa məcbur oldum, cənab Usubov. Sonra iş Nizami Rayon Polis Idarəsinin baş təhqiqatçısına verildi. Bir ay yarım ərzində o, iş üzrə faktları və sübutları topladı. Lakin yenə də cinayət işi qaldırılmadı. Mən yenə də yazmağa və cinayət işinin qaldırılmasını tələb etməyə başladım. Və budur, Nizami Rayon Prokurorluğu 177.3.2-ci maddə üzrə cinayət işi qaldırdı. Iş Nizami Rayon Polis Idarəsinin müstəntiqi Ceyhun Kərimova tapşırıldı. Lakin o da işi axıra çatdıra bilmədi, mənim işimlə əlaqəsi olanları çağıra bilmədi. Mən yenə də sizə yazmağa başladım, cənab Usubov. Məni şəhər polisinə çağıraraq şikayətimin səbəbini soruşdular. Məni dinləyib bildirdilər ki, polis işi düz aparır və yenidən işi Nizami rayonuna qaytardılar. Bundan sonra müstəntiqi dəyişdilər, işi Rüfət Əlləzova verdilər. Amma əhvalat yenidən təkrar olundu. O da mənim işimlə əlaqədar çalışa bilmədi. Mən şəhər prokuroru Əziz Seyidova müraciət etdim ki, iş şəhər polisinə verilsin. O, dərhal belə göstəriş verdi. Şəhər polisində iş Fəxrəddin Əliyevə tapşırıldı. O, iki ay ərzində heç bir iş görmədi, ancaq məni aldatmaqla məşğul oldu – guya, bu gün-sabah işə baxacaq. Mən ondan nəticə tələb etsəm də faydası olmadı. Gözlənilmədən xəstələndi və guya hospitala düşdü. Əgər rəhbərlik onun pensiyaya gedəcəyini və ya xəstə olduğunu bilirdisə, niyə işi ona həvalə edirdi? Düzünü desəm, o, xəstə adama oxşamırdı. Indi də iş başqa müstəntiqə veriləcək və hər şey yenidən əvvəldən başlayacaq. 

Hörmətli cənab Usubov. Bu cür ətraflı yazmaqla sizin tabeliyinizdə olanların necə çalışdıqlarını, baxılan cinayət işlərinə necə səhlənkar yanaşdıqlarını sizin diqqətinizə çatdırmaq istəyirəm. Mən üç generalın yanında oldum. Sizə yazmağa başlayandan sonra dərhal məni çağırır, sorğu-sual edirlər, nəyin baş verdiyini, nədən nazirə yazmağımın səbəbini soruşurdular.

Əvvəlcə məni Rafiq Abbasov çağırdı. O söz verdi ki, hər şeyi yoxlayacaq və hər şey yaxşı olacaq. Lakin yaxşı heç bir şey olmadı. Sonra məni Elxan Həsənov çağırdı və hər şey təkrarlandı. Növbəti dəfə Kamal Qılıcovun yanında oldum, yenə də hər şey təkrarlandı. Bu qəbullardan sonra indiyədək onları tapa bilmirəm. Halbuki, mənə demişdilər ki, “istədiyiniz vaxt gəlin, sizi qəbul edəcəyik”. Ancaq təəssüf ki, yalanlar təkrarlandı. 

Hörmətli cənab Usubov. Sizdən xahiş edirəm ki, məni qəbul edib dinləyəsiniz. Ümid edirəm ki, çıxış yolu tapmaq olar və mənim əziyyətlərimə son qoyular. Azərbaycan Respublikasının qanunlarına görə, oğrular və korrupsionerlər azadlıqda gəzməməlidirlər. Ümid edirəm ki, siz mənimlə razılaşacaq və məni qəbul edəcəksiniz.

Məktublar şöbəsi