Hakimiyyət Rusiyadakı vəziyyətə görə narahat olur

Ancaq Əli Həsənov baş verənlərin ölkəmizi Gömrük Ittifaqına qoşmaq üçün təzyiq olmadığını bildirir

 

Fuad Qəhrəmanlı: «Hakimiyyət çalışır ki, məsələnin siyasi mahiyyətini gizlədib, kriminal hadisə kimi təqdim etsin»

Rusiyada baş verən olaylar, vətəndaşlarımızın sıxışıdırılması, Azərbaycana müxtəlif vasitələrlə təzyiq edilməsi hələ də aktualdı və Azərbaycan hakimiyyəti də bu gərginliyi etiraf edir. Yaranmış mənzərə onu deməyə əsas verir ki, 2 ölkə arasındakı münasibətlər getdikcə pisləşməkdədir.

Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov APA-ya açıqlamasında bildirib ki, Rusiyada baş verən son proseslərə görə orada yaşayan azərbaycanlıların taleyindən narahatıq. “Proseslərdə müəyyən milliyyətçi qüvvələrin və üçüncü maraqlı tərəflərin iştirakı, hadisələrin arxasında onların kölgəsi görünür”.

Əli Həsənov bu hadisələrin Azərbaycanı Gömrük Ittifaqına daxil etmək məqsədilə təşkil edilməsinə inanmadığını söyləyib: “Mütəxəssislər, tədqiqatçılar bu məsələləri öz nöqteyi-nəzərindən yozmağa çalışır. Düşünmürəm ki, Rusiya Azərbaycana qarşı belə qeyri-populyar, təhlükəli, beynəlxalq aləmdə ciddi formada mənfi qarşılanan təzyiq və təsir vasitələrindən istifadə etsin. Rusiya hökumətinin Azərbaycana təzyiq etməyə əsası da yoxdur. Yaradılan ittifaqlar da, irəli sürülən təşəbbüslər də, MDB çərçivəsində həyata keçirilən inteqrasiya prosesləri də könüllülük əsasında aparılır”- deyə Əli Həsənov bildirib.

Əli Həsənov Rusiyanın təzyiqlərinin Gömrük Ittifaqına görə olmadığını bildirir, eyni zamanda vətəndaşlarımız üçün narahat olduqlarını da söyləyir. 

Yaranmış vəziyyət nəyin ifadəsidir və hakimiyyət niyə baş verənlərin təzyiq olduğunu inkar edir?

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı hesab edir ki, Rusiyada vətəndaşlarımızın təzyiqlərlə üzləşməsinin günahkarı Azərbaycan hakimiyyətidir və hakimiyyət özündə cəsarət tapıb ortya mövqe qoymalıdır: “Əli Həsənov əminliklə deyir ki, baş verənlər Azərbaycana təzyiq xarakteri daşımır, ölkəmizi Gömrük Ittifaqına qoşmaq üçün deyil. O zaman bu qənaətə gəlmək olar ki, Əli Həsənov məlumatlı adam kimi Azərbaycan hakimiyyəti ilə Rusiya hakimiyyəti arasında Gömrük Ittifaqına qoşulmaqla bağlı razılığın əldə olunduğunu bilir. Çünki mənzərə göz qabağındadır və Rusiyanın  Azərbaycanı bu Ittifaqa qoşmaq istəməsi inkaredilməzdir. Yəni Rusiyanın təzyiqi bu məsləyə görə deyilsə, deməli, bu məsələ həllini tapıb. Digər bir izahat bundan ibarətdir ki, Azərbaycan hakimiyyəti bu məsələylə bağlı ortaya cəsarətli mövqe qoya bilmir və inkar etməklə məslənin üstündən keçməyə çalışırlar. Çünki Əli Həsənov yaranmış vəziyyətin ölkəmizə qarşı təzyiq olduğunu etiraf etsə, Rusiya hökuməti qarşısında ciddi məsələ qaldırılmalıdır. Bunun üçün isə siyasi iradə yoxdur.

Reallıq isə çox ağırdır və hər gün vətəndaşlarımız müxtəlif zorakılıqlarla üzləşirlər. Hakimiyyətin vətəndaşlarımızla bağlı narahatlığı yalnız mətbuata açıqlamada ifadə olunmamalıdır. Vətəndaşlarımızın hüquqlarının müdafiəsi istiqamətində dövlət üzərinə düşən vəzifəni yerinə yetirməlidir. Azərbaycan hakimiyyəti çalışır ki, baş verənlərin siyasi mahiyyətini gizlədib, məsələni daha çox kriminal hadisə kimi təqdim etsin. Görünən odur ki, vətəndaşlarımıza qarşı təzyiq siyasəti həyata keçirilir və Rusiyada miqrant həyatı yaşayan vətəndaşlarımız Azərbaycan hakimiyyətinin yarıtmaz siyasəti nəticəsində ölkədən didərgin düşüblər. Vətəndaşlarımızın taleyinə görə Azərbaycan hakimiyyəti məsuliyyət daşıyır və heç bir halda hakimiyyət bu məsuliyyətdən azad olunmur”.

Ilham Hüseyn