Rahim Hacıyev: «Azad və ədalətli seçkilərin keçirilməsi Gürcüstan hakimiyyətinə bütün dünyanın diqqətini cəlb edəcək inauqurasiya məraisiminin keçirilməsinə əsas verdi»
Gürcüstanda inauqurasiya mərasimi prezident seçkiləri kimi Avropa standartlarına uyğun keçiriləcək. Mərasimdə iştirak etmək üçün 70 tərəfdaş ölkəyə dəvət göndərilib. Ancaq Rusiya nümayəndə heyətinə dəvət göndərilməyib. Mərasimə Mixail Saakaşvili, Eduard Şevardnadze və Gürcüstan parlamentinin bütün üzvləri dəvət olunacaq.
Ancaq Azərbaycanda inauqurasiya mərasimi çox tez və sönük keçdi. Açıq saxtakarlıqla müşayiət olunan bu seçkinin andiçməsinin bu cür olması da gözlənilən idi. Məhz buna görə Ilham Əliyevin andiçmə mərasimində heç kim iştirak etmədi. Hökumət nümayəndələri mətbuata açıqlamasında buna lüzum görmədiklərini desələr də, siyasi ekspertlər əksini söylədilər. Onların fikrincə, Ilham Əliyevin inauqurasiya mərasiminin belə tez keçirilməsi Qərbin seçkini tanımamasını qulaqardına vurması və üstəlik, olan təzyiqlərin qismən də olsa qarşısını almaq idi. Təbii ki, bu, beynəlxalq təşkilatların tənqidinin yumşaldılmasına gətirmədi və əksinə, bu mərasim böyük səs-küyə səbəb oldu. Ancaq Gürcüstanda keçirilən şəffaf seçkilər və Georgi Marqvelaşvilinin noyabrın 17-də olacaq andiçmə mərasimi maraqlı məqamlardan xəbər verir. Birincisi, Rusiyanın inauqurasiya mərasiminə dəvət edilməməsi Gürcüstanın yenə də hədəfinin Qərbə olduğunun göstəricisidir. Ikincisi isə mərasimdə Cənubi Qafqazla bağlı mesajlar olacaq. Ancaq Cənubi Qafqazın bir ölkəsi Qərbə doğru addımlayır, digəri isə uzaqlaşır.
Siyasi ekspert Rahim Hacıyev deyir ki, Azərbaycan hakimiyyəti bu vaxta qədər keçirilmiş saxta seçkilərin ən saxtasını keçirməyə məcbur oldu: “Seçki saxtakarlığı o qədər kobud və primitiv şəkildə həyata keçirildi ki, hakimiyyət hətta normal inauqurasiya mərasimi belə təşkil edə bilmədi. Yarımgizli şəraitdə inauqurasiyanın keçirilməsi nəticələri saxtlaşadırılmış seçki prosesinin əslində məntiqi yekunudur. Istər Azərbaycan ictimaiyyəti, istərsə də beynəlxalq ictimaiyyət seçkilərin nəticəsini qəbul etmədi. Bu da hakimiyyəti hamıdan gizlin inauqurasiya mərasimini keçirməyə vadar etdi. Azərbaycandan fərqli olaraq Gürcüstanda azad və ədalətli prezident seçkiləri oldu. Gürcüstan bununla demokratiya sahəsində Cənubi Qafqazın lideri ölkəsi faktını sübut etdi. Bu isə Gürcüstanı sivil dünyaya xeyli yaxınlaşdırdı. Məhz azad və ədalətli seçkilərin keçirilməsi Gürcüstan hakimiyyətinə bütün dünyanın diqqətini cəlb edəcək inauqurasiya məraisiminin keçirilməsinə əsas verdi. Gürcüstanda keçiriləcək inauqurasiya mərasimi faktiki demokratik dünyanın toplantı yerinə çevriləcək. Özünü demokratik ölkə kimi dəstəkləmiş Gürcüstan bu sahədə regionda nümunəyə çevrilib və bu amil regionun demokratikləşməsini təmin etmək üçün beynəlxalq aləmə kifayət qədər ciddi əsaslar verir”.
Ramin DEKO


