Bəxitiyar Sadıqovdan bayram günü “hədiyyəsi”

Vaqif Aydınoğlu: «Kriminal xəbərlər də xəbərin tərkib hissəsidir»

 

Vüsalə Mahirqızı: «Hər bir media qurumu özəl şirkətdir və onlardan hər birinin özünə görə seçimi var»

Noyabrın 6-sı Azərbaycanda radio və televiziya işçilərinin peşə bayramı günüdür. 1926-cı ilin bu günündə Azərbaycanda ilk dəfə radio verilişlərinin yayımına başlanıb. Rəsmi dövlət qəzeti “Azərbaycan”ın baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov bu bayram günü radio və televiziya işçilərini özünə məxsus formada “təbrik edib”.

Medianın xəbər siyasətini sərt tənqid edən yazyıla çıxış edən B.Hacıyev “Azərbaycan”ın 6 noyabr sayında dərc olunan “Bəd xəbər aludəçiliyi” adlı məqaləsində yazır ki, süni sensasiya yaratmaq; adamları qarşıdurmaya çəkərək qalmaqallar törətmək; kriminal mövzulara hədsiz həvəs göstərmək; milli-mənəvi dəyərlərin tapdalanması hesabına qəzeti, televiziya proqramını “maraqlı” etmək; təsadüfi hadisələri şişirdərək millətin və xalqın ümumi bəlası kimi təqdim etmək müstəqil qəzetlərin, informasiya agentliklərinin və televiziya kanallarının şakərinə, bəlkə də artıq xəstəliyinə çevrilib”.

Baş redaktor vurğulayıb ki, bir-birlərinə bənzəyən şou proqramları, saxta süjet və göz yaşları əsasında qurulan verilişlər, əttökən və primitiv qalmaqallar tamaşaçını bezdirərək iyrəndirib: “Bəd xəbər vermək aludəçiliyi isə lap həddini aşıb. Elə bil qara xəbər verməkdən, insanlarda qanqaralığı, pis əhval-ruhiyyə yaratmaqdan zövq alırlar. ”Bəd xəbər”in “pis xəbər” “variantı” isə istisnasız olaraq bütün özəl televiziya kanallarının ən “sevimli” mövzusuna və verilişlərinə çevrilib. Harada “ən pis ana”, “ən xəyanətkar ər”, “ən nankor övlad”, “ən yaramaz bacı və qardaş”, “ən tərbiyəsiz və mənəviyyatsız azərbaycanlı” varsa, tapıb gətirirlər studiyaya. Kim hansı biabırçılığı edibsə, söylədirlər, doğmaları bir-birlərinə qarşı qoyurlar, dalaşdırırlar, qarşılıqlı formada ifşa etdirirlər!”.

B.Sadıqov yazır ki, kriminal xarakterli bəd xəbərlərə də xüsusi aludəçilik var. Ən “dəbdə” olan xəbərlər sırasında isə baş redaktor avtomobil qəzaları ilə bağlı xəbərləri görür: “Avtomobil aşaraq qəzaya uğrayıb, bir nəfər ölüb, ikisi isə yaralanıb. Süjet xəbərlər proqramında təqdim edilərkən əvvəlcə aparıcı diktor bunu söyləyir. Kadrlar göstərilərkən reportajı hazırlayan jurnalist onu təkrar edir. Sonra yol-patrul xidmətinin əməkdaşı hadisə barədə yenidən danışır. Ən nəhayət, dördüncü dəfə yaralıların çatdırıldığı xəstəxananın həkimi məlumat verir.

Elə bil bəd xəbəri bir dəfə deməklə ürəkləri soyumur.

Dini-mənəvi dəyərlərimizə, o cümlədən dünyanın bir sıra ölkələrində qəbul edilmiş qaydalara görə, yenicə dünyasını dəyişmiş və hələ dəfn olunmamış insanların meyidinin göstərilməsi yasaq edilir. Hərdən “vətənpərvərliyi” güc gələn jurnalist şok vəziyyətinə düşərək keyləşmiş ata-anaya “Mən fəxr edirəm ki, oğlum şəhid gedib!” sözlərini söylədirlər. Televiziya kanalları ekran vasitəsilə evlərə meyit gətirməkdən çəkinməlidirlər”.

Səslənən fikirlərlə bağlı telekanalların rəhbərliyindən münasibət öyrənməyə çalışdıq.

“ATV” telekanalının Xəbərlər redaksiyasının baş redaktoru Vaqif Aydınoğlu qəzetimizə açıqlamasında bildirdi ki, səslənən ittihamlarda həqiqət yükü olsa da, hər bir telekanal tamaşaçısı qarşısındakı borcunu layiqincə icra etməyə çalışır: “Bəxtiyar Sadıqovun söylədiklərində haqlı olduğu məqamlar var. Amma daha yaxşı olardı ki, Bəxtiyar müəllim yazısında konkret adlar çəksəydi, cavab vermək daha asan olardı. Biz bilərdik ki, nələr onu qane etmir və bununla bağlı cavab verərdim. Amma ümumilikdə bizim kanalda kriminal xarakterli xəbərlər cüzi yer tutur. Onu da nəzərə almaq lazımdır ki, kriminal xəbərlər də xəbərin tərkib hissəsidir. Müəyyən problemli insanları efirə çıxarmağa gəlincə, bu bizim həm də jurnalist borcumuzdur. Bizə problemləri ilə bağlı müraciət edən vətəndaşlar olur. Bir imkansız ailənin xəstə uşağı ilə bağlı problemləri göstərərək, ona imkanlı şəxslərin kömək etməsində vasitəçi olmağın nəyi pisdir? Biz də öz dəstəyimizi göstərir, müəyyən problemləri qabardırıq”.

Teletənqidçilərin daha çox Azərbaycan tamaşaçılarının yerli telekanallara baxmadığından şikayət etdiyini deyən V.Aydınoğlu vurğuladı ki, amma son vaxtlar təmsil etdiyi telekanalın atdığı addımlar, xəbərlərdə etdiyi yeniliklər nəticəsində tamaşaçının diqqətini cəlb etmək mümkün olub. “Tamaşaçını saxlamaq üçün efirdən kriminal xəbər də verməlisən, çağdaş xəbərçiliyə uyğun məsələləri də qabartmalısan”, deyə ATV təmsilçisi vurğuladı.

“APA-Holdinq”in rəhbəriÿ Vüsalə Mahırqızı də bildirdi ki, B.Sadıqovun yazısında razılaşdığı fikirlərlə yanaşı, razılaşmadığı fikirlər də var: “Yazıya hörmətlə yanaşıram. Bu da Bəxtiyar müəllimin yanaşmasıdır. O özü də qeyd edib ki, bu gün dünya mediasının çoxu əsasən qara xəbər işləyir. Hər halda hər bir media qurumu özəl şirkətdir və onlardan hər birinin özünə görə seçimi var. Düşünürəm ki, daha çox ümumivətəndaş, dövlətin mövqeyi qorunmaqla hər bir media qurluşu öz xəbər siyasətini istədiyi şəkildə qura bilər. Ona görə mən həm Bəxtiyar müəllimin fikirlərinə, həm də hər bir media orqanının xəbər siyasətinə hörmətlə yanaşıram”.

B.Sadıqovun fikirlərinə eyni zamanda MTRŞ sədriÿNuşiravan Məhərrəmlinin fikirlərini öyrənmək istədik. Amma N.Məhərrəmli xaricdə olduğundan suallarımıza cavab verə bilmədi.

Məsələ ilə bağlı digər telekanalların rəhbərliyinin mövqeyini öyrənməyə çalışsaq da cəhdimiz nəticə vermədi.

Xəyal