Bədbin gələcəyin müjdəçisi

Il özünün iqtisadi aspektdən əsas mövzusuna çatdı. Ölkədə büdcə müzakirələri başlandı. “Müzakirə” deyəndə ki, təbii, burada başqa ölkələrdəki kimi ciddi müzakirələr olmur. 

Əvvəlcə iqtisadi komissiya, daha sonra isə parlament bütövlükdə büdcəni ötəri müzakirə edir və bununla da iş bitmiş sayılır.

Elə müzakirələrin tonu da başqa ölkələrdəkindən fərqlənir. Daha çox tərif səslənir, nəinki təklif və tənqid. Parlamentarilərin fikrincə, tərif üçün tutarlı “əsas”lar var: hər yerdə böhran, ciddi iqtisadi sarsıntılar yaşandığı halda Azərbaycan iqtisadiyyatı öz “davamlı inkişaf”ı ilə hamını təəccübləndirir.

Amma həqiqətən də belədirmi? Dünyada iqtisadçılar iqtisadiyyatın inkişaf göstəricisi kimi nəyin əsas götürülməsi haqda mübahisələr etsələr də hər halda sosial rifah əsas göstərici kimi götürülə bilər. Burada isə vəziyyət o qədər də ürəkaçan deyil: qiymətlər durmadan artır və ölkə, deyəsən, növbəti ümumi bahalaşma fazasına qədəm qoyur.

Büdcənin özünə gəldikdə bir sıra detallar var ki, onlar da müəyyən tendensiyanın göstəricisi hesab edilə bilər. Söhbət nədən gedir?

Hətta sonda da işıq görünmür

2009-cu ili nəzərə almasaq, büdcənin gəlirləri ilk dəfədir ki, hiss olunacaq dərəcədə aşağı endirilib. Daha dəqiq desək, büdcə gəlirlərinin 4 faiz azalacağı, xərclərin isə cəmi 1.1 faiz artacağı gözlənir. 

Bu isə o deməkdir ki, davamlı artım və asan gəlir dövrü artıq arxada qalıb. Büdcə daha artmır. 

Dövlət Neft Fondundan da büdcəyə transfertlərin azaldılması nəzərdə tutulur. 2014-cü ildə bu Fonddan büdcəyə 9.3 milyard manat transfert ediləcəyi gözlənir. 

Ilk baxışda belə təəssürat yarana bilər ki, qeyri-neft sektorunun büdcədəki xüsusi çəkisi artırılır. Amma hətta indiki vəziyyətdə belə gəlirlərin 51 faizi Neft Fondundan transfertlər hesabına formalaşır.

Bu isə kiçik ədəd deyil, büdcənin yarısı deməkdir. Deməli, qeyri-neft sektorunun verdiyi gəlir büdcənin yarısından da bir qədər az həddədir. Deməli, Azərbaycanın neftsiz, real büdcəsi haradasa 10 milyard manat həddindədir.

Burada adamın yadına lap Ermənistan prezidentinin dediyi sözlər düşür. Bəli, o bir dəfə demişdi ki, Azərbaycan büdcəsindən neft gəlirlərini çıxsan, təxminən Ermənistan büdcəsi qədər ədəd alınar. 

Belə bir vəziyyət isə “davamlı və anoloqu olmayan inkişaf” haqda deyilənlərlə çox çətin uzlaşır.

Azərbaycanda post-neft dövrü haqqında əvvəllər də ehtimallar və gümanlar səslənmişdi. Bu dövrü ürəkaçan tonda təsvir edən iqtisad adamı çox azdır, hamı çox bədbin proqnozlar verir.

Düzdür, qeyri-neft sektorunun inkişafı haqda nağlıllar gen-bol səslənir, amma hələ ortalıqda bir şey yoxdur. Ən dəhşətlisi isə budur ki, qeyri-neft sektoru öz inkişafı üçün indikindən fərqli, daha sağlam iqtisadi mühit tələb edir. Bu mühit isə yoxdur.

Neft sektoru bilavasitə ölkədəki iqtisadi gerçəklikləri hiss etmir, neft hasil olunur və sonra da nəql edilir. Daha çox bu gerçəklikləri neft gəlirləri hiss edir – onlar sağa-sola, infrastruktur layihələri adı ilə sərf edilir.

Əvvəllər gələcək nəsillər haqda nəsə deyilirdi. Amma çoxdandır ki, bu xüsusda heç nə eşidilmir: məmurlar, deyəsən, gələcək nəsli çoxdan unudub.

Ona görə də gələcək, neftsiz Azərbaycan indidən çox tünd rənglərdə görünür. Ən qorxulusu isə budur ki, indiki iqtisadiyyatla və idarəçiliklə bu mənzərənin dəyişəcəyinə ümidlər azdır. Bəlkə də bu aqibətdən qrutuluş yolu var. Amma onu nə axtaran, nə də ki, axtaranlara imkan verən var.

Həqiqətən də analoqu yoxdur! 

Bir dəfə ictimai müzakirələr zamanı ibrət olsun deyə, bir əcnəbi mütəxəssis üç neft ölkəsinin adını çəkdi: Norveç, Iran və Nigeriya. Amma daha yaxşı olardı ki, o, dördüncü ölkənin də – Azərbaycanın da adını çəkəydi, çünki sonuncu bu üç ölkədən heç birinə bənzəmədi. 

O, ərəb ölkələrinə də bənzəmir, çünki neftlə zəngin ərəb ölkələrinin hamısında olmasa da əksəriyyətində əhalinin həyat səviyyəsi yüksək həddədir. Azərbaycan isə bu sırada da təkararsızdır. Çox güman ki, onun unikallığı daha çox bir məsələdə özünü göstərib – bəlkə də heç bir neft ölkəsində neft gəlirlərini məmurlar bu sürətlə mənimsəməyiblər. Nə demək olar? Məgər özümüz demirikmi bu ölkənin analoqu yoxdur?