Hökümət sərt tənqidçisini susdurmaq istəyir

Media Hüququ İnstitutu (MHİ) “Azadlıq” qəzetinin üzərinə qoyulmuş cərimə cəzalarının icraya yönəldilməsindən narahatdır. Hökumətə bağlı fiqurların, məmurların qaldırdıqları defamasiya iddiaları üzrə fərqli zamanlarda çıxarılan əsassız məhkəmə qərarlarının eyni vaxtda icra edilməsinin arxasında hökumətin sərt tənqidçisini susdurmaq niyyəti durur. Belə pis niyyətlər Azərbaycanda ifadə azadlığına, toplumun doğruları bilmə haqqına çox ciddi qorxular yaradır.

“Azadlıq” qəzeti çox ağır maliyyə durumu ilə üz-üzədir. Hökuməti sərt tənqid edən qəzet artıq aylardır ki, yayım firmalarından qəzet satışına görə toplanan vəsaitləri ala bilmir. Hökumətin nəzarətində olan yayımçılar “Azadlıq”a olan 55 min AZN-dən artıq vəsaiti qəzetə ödəməkdən imtina edirlər. Qəzetin bəyanatına görə, hökumət “Azadlıq” qəzetinin satışından əldə edilən gəlirlərin redaksiyaya verilməsini yayım firmalarına qadağan edib.
Ağır maliyyə durumu yaşayan qəzetə qarşı son 2 həftə ərzində bir neçə məhkəmə qərarı çıxarılıb. Oktyabr ayının 24-də Yasamal Məhkəməsi Binə Bazarının rəhbəri K. Məmmədova “Azadlıq”a qarşı işi üzrə qərarını icraya yönəldib. “Azadlıq” həmin iş üzrə K. Məmmədovaya 32 min AZN ödəməlidir. Yasamal Məhkəməsi qəzet redaksiyasını həmin məhkəmə qərarını icra edə bilmədiyinə görə tələsik daha 3 min AZN cərimələyib. Ertəsi gün Yasamal Məhkəməsi qəzet barəsində daha bir ağır qərar qəbul edərək Bakı Metropoliteninin rəisi Tağı Əhmədov “Azadlıq”a qarşı işi üzrə qərarların dərhal icra edilməsinə qərar verib. “Azadlıq” 2012-ci ildə T.Əhmədovun iddiası 30 min AZN cərimələnmiş, tərəflər həmin məbləği hissə-hissə ödəməyə razılaşmışdılar.

MHİ vurğulayır ki, ağır cərimə cəzaları ifadə azadlığını tamamilə məhdudlaşdırmasa da demokratik toplumlar üçün yad olan senzuraya bərabərdir. Mətbuatın üzərinə ağır cərimə sanksiyalarının qoyulması, cərimələrin ödənilməsinin tələb olunması mətbuatın “informasiya daşıyıcısı” və “ictimai mühafizəçi” rolunu yerinə yetirməsinə çox ciddi əngəllər yarada bilər.
Mətbuat yalnız ödəmək gücündə olduğu cərimə sanksiyalarına, məhkəmə xərclərinə məruz qala bilər. Mətbuat məruz qaldığı cərimə sanksiyalarını, məhkəmə xərclərini ödəmək gücündə deyilsə, bu cərimələr onu maliyyə cəhətdən müflisləşmə həddinə, fəaliyyətini dayandırma durumuna çatdırıbsa, bu artıq ifadə azadlığı hüququna müdaxilə edilməsi anlamı daşıyır.

Media Hüququ İnstitutu “Azadlıq” qəzetinin üzərinə redaksiyanın ödəmək gücündə olmadığı məbləğdə cərimələr qoyan məhkəmə qərarlarını, qəzetin yayımından gələn vəsaitlərin üzərinə həbs qoyulmasını pisləyir, bunları ölkədə söz azadlığına ciddi müdaxilə hesab edir, bilavasitə ölkədə çoxsəsliliyi təmin edən qəzetin sıradan çıxarılmasına xidmət etdiyini vurğulayır. Media Hüququ İnstitutu “Azadlıq” qəzetinə qarşı qanunsuz addımları qətiyyətlə pisləyir, hökuməti ifadə azadlığının daha da inkişaf etdirilməsinə xidmət edən təsirli addımlar atmağa çağırır.