Təbrizdə Qarabağ konfransı niyə təxriə salındı?
Noyabrı 6-da Təbrizdə Beynəlxalq Qarabağ Konfransı keçiriləcəkdi. Amma tədbirin təyin edildiyi vaxta sayılı günlər qalanda onun təxirə salındığı elan edildi. Niyə? Konfransın Azərbaycandan əsas iştirakçısı olan Azad Qarabağ Uğrunda Alyans(AQUA) keçirdiyi mətbuat konfransında bu və digər suallara cavab verdi.
Alyansın üzvü Firudin Məmmədov bildirdi ki, təmsil etdiyi təşkilat Azərbaycanda işğal olunmuş torpaqların müharibə yoluyla azad edilməsinin tərəfdarı olan QHT-lər birliyidir.ÿ Birliyin məqsədi ölkə daxilində hərbi vətənpərvərlik təbliğatı aparmaqla yanaşı, xaricdə də Qarabağ həqiqətlərinin dünyaya çatdırılması ilə bağlı tədbirlər həyata keçirməkdir. AQUA Qarabağın müharibə yolu ilə azad olunması tərəfdarıdır.
F.Məmmədov dedi ki, Alyansın iyunda Təbriz şəhərində Qarabağla bağlı toplantılarında Beynəlxalq Qarabağ Konfransının keçirilməsi qərara alınıb. Ötən müddətdə Təbriz konfransına hazırlıq məqsədilə 5 konfrans keçirilib.
Eyni zamanda, F.Məmmədov bu məsələ ilə əlaqədar Türkiyəyə səfər etdiklərini və böyük diqqət gördüklərini bildirdi. Onun sözlərinə görə, tədbirin keçirilməsinə 10 gün qalmış Alyansa qarşı mətbuat və sosial şəbəkələrdə kampaniya başlayıb, qurumun ünvanına böhtanlar səsləndirilib: “Bütün bunların fonunda həmin konfransın təxirə salındığı Iran tərəfindən elan olundu. Elan edilib ki, konfrans müəyyən müddətə ertələnib. Konfransın təşkilat komitəsinin və Təbriz Universiteti rəhbərliyinin açıqlamaları, həmçinin Iran Xarici Işlər Nazirliyinin məlumatına görə, konfrans ləğv olunmayıb, müəyyən müddətə təxirə salınıb”.
Qarabağ Azadlıq Təşkilatınınÿ sədri Akif Nağı da beynəlxalq konfransın təxirə salınması xəbərini təəccüblə qarşıladıqlarını dedi. Bununla belə, onu da qeyd etdi ki, ortada hansısa anlaşılmazlıq olduğunu və məsələnin qısa müddətdə həllini tapacağını güman edirlər.

QAT sədrinin sözlərinə görə, yaranmış problemlə əlaqədar Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə və Xarici Işlər Nazirliyinə məktubla müraciət edəcəklər. Akif Nağı bildirdi ki, əsas hədəfləri Təbrizdə keçiriləcək konfransın bərpa olunmasıdır.
Qarabağın Azadlığı Uğrunda Islami Müqavimət Hərəkatının sədri Rövşən Əhmədli deyir ki, Iran və Türkiyəyə səfərləri zamanı hökumətə müraciət etməyə ehtiyac görməyiblər. On gün əvvələ qədər bütün məsələlərin qaydasında olduğunu qeyd edən R.Əhmədli bildirdi ki, qəflətən yerli mediada kampaniya başlayıb: “Konfransa on gün qalmış Azərbaycanda bir neçə media orqanında bizim haqqımızda həqiqətə uyğun olmayan, sifarişli yazılar yayılmağa başladı. Ardınca isə konfransın ləğv olunduğu elan edildi. Bizim məqsədimiz günahkar axtarmaq deyil. Nigarançılıqların aydınlaşdırılmasını istəyirik.
Bu konfransdan əsas zərbə Ermənistana dəyəcək. Biz ümid edirdik ki, hakimiyyət tərəfindən qeyri-rəsmi də olsa, dəstək görəcəyik. Çünki bu konfransın məqsədi Qarabağ həqiqətlərinin dünyaya çatdırılması, torpaqların hərbi yolla işğaldan azad edilməsi xəttini müdafiə etməkdir. Iranda görüşdüyümüz rəsmi və qeyri-rəsmi şəxslər Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyini dəstəkləyiblər. Sülh danışıqları müddətsiz ola bilməz, 20 il danışıqlar olmaz. Qarabağın ikinci Fələstinə çevrilməsini istəmirik. Beynəlxalq Təbriz Konfrans da bu məqsədə xidmət edirdi. Qarabağ həqiqətlərinin nəinki dövlət səviyyəsində, eyni zamanda, ictimai təşkilatlar səviyyəsində çatdırılmasına çalışırıq. Inanırıq ki. Azərbaycan dövləti də bu məsələdə bizə dəstək verəcək”.
Qarabağ Qazilər Birliyinin sədri Etimad Əsədov da konfransın təxirə salınması səbəbi haqda məlumatsız olduğunu bildirdi: “20 ildir ki, danışıqlar gedir, amma torpaqlar hələ də işğal altında qalır. Aparılan danışıqlar bizə qəm laylası çaldırmaqdır. Ancaq təəssüf ki, Azərbaycanda Qarabağın hərbi yolla azad edilməsini istəyən təşkilatlar azdır”.
Etimad Əsədov ironiya ilə təxirəsalmanı özünəməxsus şəkildə yozdu: “Səbr edək, bəlkə yeni prezident, yeni müdafiə naziri şanlı ordumuzla müharibəyə başlayıb problemi birdəfəlik həll etmək istəyir”.
Nardaran Ağsaqqallar Şurasının sədri Kərbəlayi Natiq də konfransın təxirə salınmasından təəssüfünü ifadə etdi. O bildirdi ki, Azərbaycan dövləti müxtəlif vasitələrlə belə mötəbər tədbirlərin qarşısını almaqdansa, onun keçirilməsini təqdir etməlidir”.
Natiq


