Kamran Həşimov oğlunun saxlanılma şəraitini erməni əsir Akop İnciqulyanın saxlanma şəraitilə müqayisə edir
MTN-nin istintaq təcridxanasında saxlanılan jurnalist, hüquq müdafiəçisi Pərviz Həşimli dünən kamerada huşunu itirib. Bu barədə mətubata jurnalistin vəkili məlumat vermişdi. Vəkilin sözlərinə görə, jurnalist həkim müdaxiləsindən sonra özünə gəlib. P.Həşimli səhhətinin pisləşməsini saxlanma şəraitinin ağır olması, keçirdiyi stresslə əlaqələndirib. Onun hüquqları pozulmaqda davam edir. Bu günə qədər vəkilləri, ailə üzvləri tərəfindən qaldırılan problemlərin heç biri həllini tapmayıb. P.Həşimliyə ailə üzləri ilə telefon əlaqəsi saxlamağa imkan verilmir. O, Ombudsman Elmira Süleymanovaya etdiyi müraciətlərin nəticəsiz qalmasından da narazıdır.
Pərviz Həşimlinin atası Kamran Həşimov Elmira Süleymanova ilə görüşüb, oğlunun MTN təcridxanasında saxlanmasına etiraz etmiş, bu günə kimi istintaq hərəkətlərinin ləng aparılmasından narzılığını bildirmişdi.
“Bu gün MTN-nin istintaq təciridxanasında saxlanılan şəxslərin qanunla nəzərdə tutulan hüquqları gobudcasına pozulur.Bu cür dözülməz vəziiyətdə 31 yaşlı gənc jurnalist 2 ay ərzində “koma”ya düşür. MTN-nin belə bir saxlama şəraiti bir neçə ay davam etsə onda hansı hadisənin şahidi olacağıq? Kim buna cavabdeh olcaq? Bu gün müharibə şəraitində olan ölkəmizdə hərbi əsir kimi saxlanılan erməni əsilli Akop İnciqulyanın saxlanılması şəraiti ilə azərbaycanlı gənc bir jurnalistin saxlanılması vəziyyəti müqayisə edilməz dərəcədədir. Qafqaz Rühani İdarəsinin rəhbəri Şüyxülislam Allah şükür Paşazadə Akop İnciqulyana baş çəkərkən mediyaya açıqlamasında onun durumunun əla olduğunu, hətta kabab yediyini bildirdi.
Mən bir ata kimi Şeyxülislam Allah Şükür Paşazadə həzrətlərinə məktubla müraciə etdim ki, öz səlahiyyətləri daxilində jurnalistin üzərinə atılmış böhtanın düzgün arşdırılmasına kömək göstərsin. Ümidvaram ki, Şeyximiz Akop İnciqulyan baş çəkdiyi kimi Pərviz Həşimlinin saxlanma şəraiti ilə də yaxından tanış olcaq”, – deyə Kamran Həşimov oğlunun durumundan narahatlığını “Azadlıq”a bildirib.


