Rahim Hacıyev: «Qadağanın yüksək instansiyalardan gəldiyi heç bir şübhə doğurmur»
Rauf Arifoğlu: «Baş verənlər azad mətbuatı susdurmaq cəhdidir»
Mətbuat Şurası hələ ki, gözləmə mövqeyində dayanıb
Müxalifətyönlü mətbuata basqılar həmişə olub. Lakin bu dəfə müxalifət qəzetlərinin satışına növbəti əngəl yaratmaqla onları əməlli-başlı çökdürmək planı cızılır. Metro stansiyalarında “Azadlıq”, “Yeni Müsavat” və digər qəzetlərin satışına qadağa qoymaqla, hökumət bu qəzetlərdən sanki qisasını alır.
Üstəlik “Azadlıq” qəzeti Binə ticarət mərkəzinin rəhbəri Kəbirə Məmmədovanın iddiası əsasında 32000 manat cərimə olunub və cəriməni ödəmədiyi üçün daha 3000 manat qəzetə cərimə yazılıb. Bundan öncə isə “Azadlıq” qəzeti ilə Bakı metropoliteninin rəisi Tağı Əhmədov arasında məhkəmə çəkişməsi olmuşdu və məkhəmə qəzeti 30000 manat cərimə etdi. Hazırda həmin məbləğ hiss-hissə Tağı Əhmədova ödənilir.
Ilahiyyatçı Taleh Bağırzadənin keçmiş müstəntiqi Vüsal Salehovun “Azadlıq” qəzetinə qarşı iddiası üzrə məhkəmə prosesi isə noyabrın 12-nə qədər təxirə salınıb.ÿKeçmiş müstəntiq qəzetdən 100 min manat təzminat tələb edir.
Eyni zamanda qəzetin hər an nəşri dayandırıla bilər. Çünki, qəzetin nəşriyyata 20000 manatdan çox borcu var.
“Qasid” yayım firmasının isə qəzetə 50000 manata yaxın borcu olduğu halda, ödəməkdən imtina edir.
Bir sözlə “Azadlıq” qəzetinin azadlığını bütün cəhdlərlə boğmaq istəyirlər.
Bütün bunlarla yanaşı müxalifyönlü qəzetlərin satışına metrolarda qadağa qoymaq həmin qəzetləri müflisləşdirməyə xidmət edir.
Qəzet ətrafında yaranmış vəziyyətlə bağlı Mətbuat Şurasının sədrinin müavini Müşviq Ələsgərli bildirdi ki, qəzetlərin satışına qadağa ilə bağlı məlumatlıdılar və bu istiqamətdə müəyyən addımlar atılacaq: “Qəzet yayımına qadağa qoymaq olmaz və qəzetlər vətəndaşalara çatdırılmalıdır. Mətbuat Şurasında bu məsələ ilə bağlı müzakirələr keçirilib və aidiyyatı orqanlara müraciət ünvanlanıb. Biz qarşı tərəflərin cavabın gözləyirik və bundan sonra ictimaiyyətə məlumat verəcəyik”.
“Azadlıq” qəzetinin baş redaktorunun birinci müavini Rahim Hacıyev bildirdi ki, qəzetə qarşı təşkil olunmuş hücumlar hakimyyətin yuxarı eşalonu tərəfindən təşkil edilir və biz sona qədər mübarizəmizi davam etdirəcəyik. “Artıq 20 gündür ki, metro stansiyalarında qəzetlərin satışına qadağa qoyulub. Qadağanın yüksək instansiyalardan gəldiyi heç bir şübhə doğurmur. Bu müddət ərzində ən müxtəlif instansiyalara müraciətlər edilməsinə baxmayaraq müsbət cavab almaq mümkün olmayıb. Azərbaycan hakimiyyət nümayəndələrinin mətbuat azadlığı barədə bəyanatlar verdiyi vaxt, həmişə azad mətbuata təzyiqlərlə eyni vaxta təsadüf edir. Məqsəd azad mətbuata olan təzyiq faktlarını ört-basdır etməkdir. Mətbuatın vəziyyətini gündən-günə pisləşdirən hökumət eyni zamanda mətbuata qayğı haqqında saxta bəyanatlar vermək praktikasından əl çəkmir. Bizim mövqeyimiz haqlıdır, fəaliyyətimiz təmizdir. Yaranmış böhranlı vəziyyətin dəyişəməsi üçün bundan sonra da əlimizdən gələni edəcəyik”.
“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu yaranmış vəziyyətlə bağlı bütün instansiyalara müraciət etdiklərini və problem həllini tapmayacağı təqdirdə müəyyən addımlar atacaqlarını bildirdi: “Bu hadisə azad mətbuatın susdurulmasına yönəlib və təsadüfi hal deyil. Iqtisadi cəhətdən qəzetlərin fəaliyyətini məhdudlaşdırmaq istəyirlər. Bu günə qədər Əflatun Amaşova müraciət etmişəm, PA rəsmisi Əli Əsədovla şəxsən danışmışam, Metropoliten rəisinə, Daxili Işlər Nazirinə məktublar göndərib, məsələni izah etmişəm. Ancaq bu günə qədər cavab almamışam. Son olaraq Ilham Əliyevə müraciət edəcəm. ”Azadlıq” və “Yeni Müsavat” qəzetləri bu qadağa nəticəsində hər ay 8000 manat pul itirir. Bu təkcə qəzetlərin iflic edilməsi deyil, həm də Azərbaycan oxucusuna hörmətsizlikdir, oxucunun hüquqlarının pozulmasıdır. Biz rəsmi instansiyaların cavabın gözlədiyimiz üçün aksiyalara ara vermişik. Ümumiyətlə isə biz bu məsələdə güzəşt edə bilmərik. Çünki, güzəşt etmək bizim batmağımız deməkdir. Hesab edirəm 5 qəzetin redaksiyası bir yerdə müzakirə aparmalıdır və cəmiyyəti, beynəlxalq aləmi reallıqdan xəbərdar etməlidir”.
Ilham


