Boş başlar və alimə atılan daşlar

Ateistdən yaxşı riyaziyyatçı olmaz (Frensis Bekon)

Etibar Əliyev

Siyavuş Qarayevin AMEA-nın müxbir üzvü, Neft Akademiyasının kafedra müdiri professor Ramiz Qurbanovu işdən azad etməsi geniş rezonansa səbəb olub. Siyavuş Qarayev Ramiz Qurbanova Həcc ziyarətinə getmək üçün öz hesabına məzuniyyət verməyib və işdən azad edib. Bu ali məktəbdə sonsuz səlahiyyətləri olan Siyavuş Qarayev istədiyi hərəkəti edə bilir. Onun Akademiyanı çökdürməsi ilə yanaşı, Rafiq Əliyev kimi nəhəng bir alimi işdən azad etməsindən sonra atdığı bu addım heç kimi təəccübləndirməməli idi. Millət vəkili Fazil Mustafanın yazdığı “Mazut Akademiyası” yazısından sonra Siyavuş Qarayevə haqq qazandıracaq bir cümlə belə yazmaq mümkün deyildi. Amma yazdılar. Yazanlardan birinin ifadələrinə diqqət edin: “Düz edib işdən atıb, görəvinə o cür məsuliyyətsiz, təhsilə o cür barmaqarası yanaşan kafedra müdirini.ÿOdur ki, o rektora ”afərin” deyirəm, “haqlısan” deyirəm, “100 faiz doğru addım atmısan” deyirəm”!ÿHumanitar ixtisas üzrə təhsil almış bu ifadələrin müəllifinin 79 yaşlı nəhəng bir alimə qarşı etdiyi ədəbsizliyə diqqət edin. Adam bütün dəyərləri ayaq altına atır. Indi Siyavuş müəllim təəccüb içindədir: onu da tərifləyərmişlər. Yəqin ki, bundan sonra onun özünə hörməti artmağa başlayacaq.

Siyavuş müəllimin digər müdafiəçisi hüquq müdafiəçisi tanınmış professorun işdən azad olunmasını şərh edərək Əmək qanunları Məcəlləsindən sitatlar gətirib: “Işçi 2 həftə işə gəlməyibsə, ona Əmək Məcəlləsinin 70-ci maddəsinin tətbiqinin nəyi məntiqsizdir?”. Bunu oxuyandan sonra adama elə gəlir ki, bu Məcəllənin bu bəndi Ramiz müəllim üçün yazılıbmış. Və hiss olunur ki, dostum Sahib bəy Kafkanın “Proses” əsərini oxumayıb. Onda həmin Məcəllənin həmin bəndi Bakı Dövlət Universitetində kafedra müdiri olan Məzahir Pənahova, deputat Bəxtiyar Əliyevə, keçmiş nazir Misir Mərdanova, deputat Nizami Cəfərova niyə aid edilmir? Yaxud Neft Akademiyasında kafedra müdiri işləyən Hüseynbala Mirələmov Həcc ziyarətinə deyil, xarici səfərlərə gedəndə görəsən Siyavuş Qarayevdən icazə alırmı? Yəqin ki, hörmətli Mirələmovun dərslərini də başqa müəllimlər deyir. Ramiz Qurbanovun başına gələnlər “haqq-ədalət carçılarına” imkan verir ki, bu istiqamətdə də fikirlərini ifadə etsinlər. Etməsələr, deməli, Siyavuş müəllimə işləri düşüb…

Ramiz Qurbanov Neft Akademiyasında qalan axırıncı nəhəng alimlərdən biridir. Mən onu yaxşı tanıyıram. Yüksək səviyyəli mütəxəssis olmaqla yanaşı o, həm də təmiz və vicdanlı insandır. Onun Akademiyada elmi-pedaqoji fəaliyyəti elə keyfiyyətli təhsil deməkdir. Onun və Rafiq Əliyevin Neft Akademiyasında xaric olunması isə bu təhsil müəssisəsində baş alıb gedən özbaşınalığın, elmə olan hörmətsizliyin və allahsızlığın nəticəsidir. 

Yeri gəlmişkən, Siyavuş Qarayevi müdafiə edənlərin yarımçıq və səlis olmayan fikirlərindən məlum olur ki, burada rektor həm də din faktoruna görə müdəfiə olunur. Qətiyyətlə deyə bilərəm ki, dostlarımız böyük alimlərin dinə bağlılığının fəlsəfəsini anlamaq gücündə olmadıqlarından xətti təfəkkürlərini işə salır, elə bu səbəbdən təntiyir və düzgün yol tutmayanı müdafiə edirlər. Bu yerdə maraqlı bir nümunə yada düşür. 

1961-ci ildə Sovetlər Ittifaqına gələn XX əsrin nəhəng fiziklərindən biri Nobel mekafatı laureatı Nils Borun Moskva Dövlət Universitetində maraqlı çıxışı olub. O, çıxışında sovet elmini tərifləyib. Böyük fizik bunu etnəyə bilməzdi. Çünki Sovetlərin Kapitsa, Landau, Proxorov kimi fizikləri, Semyonov kimi kimyaçı alimi var idi. Ancaq Nils Bor Sovet elminin daha güclü olmasına maneçilik törədən əsas amillərdən biri kimi, “allahsız”lığın adını çəkmişdir. Mən Nils Bor və Frensis Bekon səviyyədə alim deyiləm ki, onların  fikirlərini interperetasiya edim. Ancaq bu mümunələr başa düşənlər üçün son dərəcə böyük maraq kəsb etməlidir. 

XX əsrin daha böyük bir fiziki kvant mexanikasının yaradıcısı Maks Plank yazırdı: “Dinlə təbiət elmləri arasında heç bir ziddiyyət yoxdur. Onlar bir-birilərini çox yaxşı tamamlayırlar”. Siyavuş Qarayev və onu müdafiə edənlərə tövsiyyə edirəm ki, Maks Plank, Eynşteyn, Nils Bor kimi alimləri başa düşmürlərsə, heç olmasa professor Vasim Məmmədəliyevə qulaq assınlar.  

Ramiz Qurbanovun işdən azad olunmasına özünün münasibəti maraqlıdır: “Allahın qonağı olmaq üçün istənilən vəzifəni itirməyə hazıram”. Siz deyin, Ramiz Qurbanovun bu dəyərli sözlərindən sonra Siyavuş Qarayevə yaltaqlanmaq olardımı?