Bakıda sərnişin avtobusu 2 piyadanı öldürdü

Bu gün səhər saatlarında Bakının Suraxanı rayonu ərazisində ölümlə nəticələnən dəhşətli yol qəzası baş verib. Rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, Hövsan yolunda 175 saylı xətt üzrə hərəkət edən “Daewoo” markalı avtobus yolu keçən iki qadını vurub. Hər iki qadın hadisə yerindəcə ölüblər. Araşdırmalar zamanı ölən piyadaların 1974-cü il təvəllüdlü Təranə Hidayət qızı Cəlilova və 1968-ci il təvəllüdlü Şahnaz Xanış qızı Rəhimova olduğu müəyyən olub.

Hadisə ilə əlaqədar 175 saylı avtobusun məxsus olduğu “Transqeyt” MMC-nin rəhbərliyindən ANS PRESS-ə hadisə ilə bağlı aydınlıq gətirilib. Şirkət rəsmisi Nurəddin İsmayılovun ANS PRESS-ə verdiyi məlumata görə, səhər saat 06:00 radələrində Rəşad Priverdiyevin idarə etdiyi “Daewoo” markalı, 10 TY 300 dövlət nömrə nişanlı avtobus iki piyadanı vurub. Hadisəni törədən sürücü hazırda dindirilir. Avtobus isə cərimə meydançasına aparılıb.

“Hadisədə sürücünün günahı olmayıb. 2 qadın qəfildən qarşıda dayanan maşının arxasından çıxaraq hərəkətdə olan avtobusun qabağına çıxıblar. Sürücü çalışsa da, avtobusu saxlaya bilməyib. Qadınlar işə gedərkən tələsik olublar, avtobusu görməyiblər. Çox təəssüflənirəm. Allah ölənlərə rəhmət eləsin. Onların ailəsinə başsağlığı verirəm”, – deyə Nurəddin İsmayılov bildirib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.