“Azadlıq”a hamımız arxa durmalıyıq”

“Bu qəzetə hamımız arxa durmalıyıq, “Azadlıq”ı qoruya bilmək cəmiyyətimiz üçün növbəti sınaq olacaq”

AXCP sədri Əli Kərimli “Azadlıq” qəzeti ətrafında yaranmış böhranlı vəziyyətlə əlaqədar fikirlərini bölüşüb. AXCP sədri “facebook” səhifəsində yaydığı statusda həmçinin “Azadlıq”la bağlı çağırış edib:

“Oğrular hakimiyyəti hüququ pozulanların, sərvəti talan edilənlərin tribunası olan ”Azadlıq” qəzetini bağlatdırmaqda qərarlıdır. Hazırda hakimiyyət qəzetin hesabına həbs qoyub və 65 min manat cərimənin dərhal ödənilməsini tələb edir. “Azadlıq” ona görə hakimiyyətin qəzəbinə tuş gəlib ki, 100 minlərlə insan məhz bu qəzet və onun saytı vasitəsilə hakimiyyət komandasının cinayətlərindən, iri miqyaslı korrupsiyasından, kütləvi saxtakarlığından xəbər tutur. “Azadlıq” yeganə qəzetdir ki, Ilham Əliyevin şəxsən özünü sərt tənqid etməkdən çəkinmir. Beynəlxalq mətbuatda Ilham Əliyev və yaxınları haqda gedən tənqidi yazıları Azərbaycan oxucularına bir qayda olaraq yalnız “Azadlıq” çatdırır. “Azadlıq” ardıcıl olaraq müxalifətin birləşməsinə, Milli Şuraya və onun vahid namizədi Cəmil Həsənliyə dəstək verir. Indi isə hökumət bütün bunların qisasını almaq istəyir “Azadlıq”dan. Qəzetin taleyinə biganə olmayanlar bu link vasitəsilə qəzetə necə kömək edə biləcəyini öyrənə bilər.
http://www.azadliq.info/component/content/article/368-azadliga-destek/20926-azadliga-destek.html 

Bundan qürur duyaraq xatırladıram ki, “Azadlıq”ı 1989-cu ildə Azərbaycan Xalq Cəbhəsi təsis edib. 1998-ci ildən AXC qəzetin təsisçiliyindən könüllü imtina edib (indi təsisçi kollektivdir). Vaxtilə mən də prokurorluqda təklif olunan işdən imtina edərək bu qəzetdə çalışmışam. Heç şübhəsiz ki, qəzetin kollektivi ilə AXCP arasında ciddi mənəvi-siyasi bağlılıq qalır. Amma o da faktdır ki, bu qəzet çoxdan partiya çərçivələrini aşaraq, ümummüxalifət qəzetinə, hakimiyyətə qarşı əks-elitanın qəzetinə, bir növ ictimai qəzetə çevrilib. Hazırda qəzetin kollektivi və cəbhəçilər qəzeti qorumaq üçün çox ciddi səylər göstərirlər. Amma yalnız cəbhəçilərin dəstəyi və kollektivin fədakarlığı ilə dövlət səviyyəsində təşkil olunan bu hücumların qarşısında duruş gətirmək mümkün deyil. Bu qəzetə hamımız arxa durmalıyıq. Bu qəzeti qoruya bilmək cəmiyyətimiz üçün növbəti sınaq olacaq”.