Tanınmış vəkil Aslan ismayılov “Facebook” səhifəsində polis və prokuror işçilərinin məsuliyyətsizliyindən yazıb.
A.İsmayılovun yazısını olduğumu kimi təqdim edirik:
31 dekabr 2011-ci ildə qayınıma məxsus, Sulutəpədə (Çiçək qəsəbəsi) yerləşən həyət evindən onlarla ədəd ev əşyaları və babalarımdan qalmış, mənə çox əziz olan xeyli sayda qədimi əşyalar (misdən olan samovar, sənəh, sinilər, boşqablar və s.) oğurlanmışdır. Bu barədə Binəqədi rayon polis idarəsinə müraciət edilmiş və ancaq mənim təkidli tələblərimdən sonra ərizə qeydə alınmışdır. Bu müddət ərzində yüzlərlə dəfə rayon polisindən tutmuş DİN-in, Prokurorluğun səlahiyyətli şəxslərinə telefon zənglərim, ərizələrim olmuşdur. Cinayət işi isə bu günə qədər açılmamış, bu azmış kimi həmin ünvanda yeni oğurluqlar olmuşdur. Qeyd etmək lazımdır ki, cinayət işinin xarakterindən görünür ki, cinayət tək adam tərəfindən və bir dəfəyə törədilməmişdir. Ona görə ki, oğurlanmış əmlakın sayı və həcmi az qala bir böyük yük maşını olmuşdur. Az, çox savadı və təcrübəsi olan hüquq-mühafizə orqanları işçisinə bəllidir ki, bu tip cinayət işinin açılması çox asandır. Bu cinayət işinin açılmamasının sadəcə iki səbəbi ola bilər. Polis işçiləri bu cinayət işini açmaq istəmir, yaxud da cinayətkarlarla əlbirdilər.
Qeyd edim ki, polis və prokuror işçilərinin bu cür məsuliyyətsizliyi həmin ərazidə cinayətkarlığın tüğyan etməsinə gətirmişdir. Elə bu yaxınlarda həmin ərazidə bir nəfər yüksək vəzifəli məmurun evində oğurluq zamanı həyat yoldaşı evdə olduğundan qətlə yetirilmişdir. Əksər cinayət hadisələri isə polis işçilərinin vəzifə cinayətləri nəticəsində heç qeydə də alınmırlar.
Əvəzində biz hər il Baş prokurur Zakir Qaralov və Daxili işlər naziri Ramil Usubovun rüblük, yarımillik və illik hesabatlarında pafoslu çıxışlarını eşidirik. Görəsən hər dəfə “bizdə cinayətkarlığa qarşı keçmiş SSRİ-də analoqu olmayan mübarizə aparılır” deyəndə adlarını çəkdiyim şəxslər və onların tabeçiliyində olanlar hansı hissləri keçirirlər. Mən şəxsən bu hesabatları eşidəndə, bu cür yalana utanıram.
Əgər baş verənlər mənə görədirsə, onda hamının bilməsini istəyirəm. Məni qanunsuz olaraq peşəmdən məhrum edənlər, zorla polisə apartdıranlar, alçaqcasına aldadaraq “bandotdel”ə dəvət edib orada vurduranlar əmin olsunlar ki, gec-tez cəzalarını alacaqlar.


