Tələbə oyanışı nədən xəbər verir?

Nurəddin Məmmədli: «Insanlar anlayır ki, bu ölkədə etiraz etmədən uğur qazanmaq mümkünsüzdür»

 Son günlər iki ali məktəbdə imtahan qaydalarının dəyişdirilməsi tələbi ilə etiraz aksiyaları keçirildi. Əvvəl Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) tələbələri semestr imtahanlarının yazılı aparılmasına etiraz etdi. Onlar imtahanların test üsulu ilə keçirilməsini tələb etdilər.

ADPU-nun ardınca “Azərbaycan” Universitetinin tələbələri də dərsləri boykot etdi. Bu dəfə tələbələr şifahi imtahanın ləğv olunmasını istədi. Tələbələrin bir etirazı da ara imtahanlarının başlaması ilə bağlı idi. Onlar 7 günə 9 imtahana hazırlaşmağın mümkünsüz olduğunu deyirdilər…ÿ “Azərbaycan” Universitetində imtahanların test üsuluna keçirilməsi ilə əlaqədar tələbələr 2-ci dəfə də aksiya keçirdilər. Səbəb isə rektorla görüşdən razı qalmamaları olub. Tələbələrin “Azadlıq”a verdiyi məlumata görə, səsləndirdikləri təklifə müsbət cavab verilməyib.

“Biz imtahanların test üsulu ilə keçirilməsini istəyirik. Açıq imtahan bizə məzun olmağa imkan vermir. Hər il burada 5-6 tələbə məzun ola bilir. Ən yaxşı oxuyan tələbənin belə 7-8 kəsiri olur. Bütün bunlar açıq imtahana görədir. Adını Boloniya sistemi qoyublar. Ancaq Azərbaycansayağı sistemdir”.

Baş verənlər onu göstərir ki, artıq gənc nəsil onu qane etməyən reallıqlarla barışmaq istəmir. Baş verənlər siyasi etiraz olmasa da, tələbələr həmin aksiyada da “Azadlıq” şüarı səsləndirdilər. Onlar azad təhsil almaq, özlərini azad hiss etdikləri formada imtahan vermək istəyirlər. Uzun illərdir ki, Azərbaycanda tələbələrin kütləvi etirazı müşahidə olunmurdu. Təhsil haqlarının artırılması, tələbə yataqxanalarının olmaması, cüzi təqaüd verilməsi kimi hallara qarşı tələbələr susqunluq nümayiş etdirirdilər. 

Son günlər baş verənlər isə onu göstərir ki, artıq tələbələr susmağın perspektiv vəd etmədiyini görür. Bu həm də vətəndaşın öz haqqı uğrunda mübarizə aparmasıdır. Görünür, tələbələr də anlayır ki, bu ölkədə haqqını almaq üçün, hamılıqla etiraz etmək lazımdır. 

AXCP sədrinin müavini, professor Nurəddin Məmmədli hesab edir ki, baş verənlər cəmiyyətin təşkilatlanmasının göstəricisidir və insanlar mövcud şərtlərlə yaşamaq istəmir: “Insanlar artıq dözümsüz vəziyyətlə barışmaq istəmirlər. Bütün sahələrdə problemlər çoxdu və insanlar təmsil olunduqları sahələrdəki xoşagəlməz hallara etiraz edirlər. Qubada, Ismayıllıda, ”Binə” ticarət mərkəzində baş verən etirazlar təsadüf deyil, insanların hüquqları uğrunda mübarizəsidir. Bu gün də tələbələrin kütləvi etirazı onu göstərir ki, hakimiyyətin qorxu siyasəti iflasa uğrayıb və insanlar müəyyən problemlərin həlli üçün təşkilatlana bilirlər. Dünyada bu gün müşahidə olunan tendensiya, eyni zamanda sosial şəbəkələrin cəmiyyətə təsir imkanlarının genişlənməsi insanları daha aktiv olmağa yönləndirir. Son zamanlar siyasi partiyaların apardığı mübarizə, hakimiyyətin siyasətini ifşa etməyə yönəlmiş fəaliyyət də cəmiyyətin aktivləşməsinə xidmət edir. Insanlar görür ki, mübarizə aparmadan haqq etdiyini əldə etmək mümkünsüzdür. Digər tərəfdən, cəmiyyət anlayır ki, rejimə qarşı mübarizə aparıb hansısa uğurlar əldə etmək olar. Düşünürəm ki, bu lokal hadisələr getdikcə daha geniş spektrli təşkilatlanmaya səbəb olacaq. Bir tərəfdən siyasi partiyalarla xalqın inteqrasiyası sürətlənəcək, digər tərəfdən hakimiyyətin ifşa olunması daxili ziddiyyətlərə gətirib çıxaracaq. Artıq cəmiyyəti köhnə qaydalarla idarə etmək mümkün deyil”.

Ilham Hüseyn