Hüquqşünasın məhkəməsində yenə ziddiyyətlər ortaya çıxdı
Tanınmış hüquqşünas, Milli Şuranın üzvü Qurban Məmmədovun işi üzrə hər məhkəmə iclasında bu cinayət işinin saxta olduğunu sübut edən yeni-yeni hallar ortaya çıxır. Xüsusən, ziddiyyətli şahid ifadələri bu işin qurama olduğunu ifşa edir. Bu mənada, Nəsimi Rayon Məhkəməsində hakim Emin Mehdiyevin sədrliyilə keçirilən dünənki məhkəmə iclası da yaddaqalan oldu.
Əvvəlcə şahid Xanlar Bayramov dindirildi. O bildirdi ki, hadisə baş verən zaman orada olub. Qurban Məmmədovun maşını ona yola daxil olmağa imkan vermədiyindən, avtomobili söndürərək gözləyib. Qurban Məmmədov maşını arxaya verərkən dayanacaq gözətçisi Pərviz Abbasovu vurub, daha sonra isə onun maşınına toxunub. O vurğulayıb ki, hadisədən dərhal sonra Qurban Məmmədov zərərçəkmişi maşınına qoyub. Ona da öz telefon nömrəsini verib ki, yaralını xəstəxanaya yerləşdirəndən sonra onun maşınına dəymiş ziyan məsələsini həll eləsinlər.
Daha sonra sual-cavab zamanı şahid ziddiyyətli danışdı. Qurban Məmmədov bildirdi ki, bu şahidin ifadəsi zərərçəkmişin, eləcə də digər şahidlərin ifadələrilə uyğun gəlmir. O, ziddiyyətlərin araşdırlmasını, kimin yalan, kimin doğru danışdığının aydınlaşdırılmasını istədi.
Hakim isə bildirdi ki, bütün bunlara məhkəmə qiymət verəcək.
Qurban Məmmədov əvvəlki məhkəmə iclasında dindirilmiş şahid Isa Mansurovun yenidən məhkəməyə gəlməsini istədi. Bildirdi ki, onun dediklərilə şahid Xanlar Bayramovun ifadəsi arasında kəskin fərqlər olduğundan çarpaz dindirmə aparmaq istəyir.
Qurban Məmmədov onu da qeyd etdi ki, ona qarşı sonradan CM-nin 299-cu maddəsilə irəli sürülmüş ittiham (şahid, ekspert və ya tərcüməçini yalan ifadə, rəy verməyə məcbur etmə, yaxud ələ alma) əsaslandırılmayıb. Onun hansısa şahidə və ya zərərçəkmişə hədə-qorxu gəlməsi məhkəmə istintaqı zamanı təsdiqini tapmayıb. Bu səbəbdən Qurban Məmmədov onun barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsi haqda vəsatət qaldırdı.
Hakim vəsatəti təmin etmədi.
Xatırladaq ki, Qurban Məmmədova qarşı ötən ilin sentyabrında baş vermiş avtoqəza ilə bağlı CM-nin 263.1-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsilə ittiham irəli sürülüb və o, bu il iyunun 4-də həbs olunub. Daha sonra ona CM-nin 299.1-ci maddəsilə ittiham elan olunub.
Qurban Məmmədov həbsinin siyasi sifarişin nəticəsi olduğunu bildirir və bunu Milli Şurada aktiv siyasi fəaliyyəti, radikal çıxışlarıyla əlaqələndirir.

S.Novruz


