Həsən Kərimov: «Bu hakimiyyətə «ayı xidməti» göstərənlərin mükafatlandırılması artıq ənənəyə çevrilib»
MSK sədri Məzhir Pənahovun bu seçkilərdə oynadığı rola görə “mükafatlandırıldığı” haqda xəbər yayılıb. “Moderator.az”ın verdiyi məlumata görə, MSK sədrinin qardaşı Mahir Pənahov yüksək vəzifəyə təyinat alıb. O, Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentinin rəis müavini təyin olunub.
Əslində Azərbaycan reallığında bu təəccüb doğurmur və hakim ailəyə sadəqətin müxtəlif formalarda qarşılığı olur. Hakimiyyətə yarınan müğənnilərin, aktyorların, yazıçıların və digər sənət adamlarının hansısa adlarla mükafatlandırılmasını, ev, maşın almasını tez-tez müşahidə edirik. Bu mənada MSK şefinin diqqətsiz qalması ədalətsizlik olardı.
Artıq uzun illərdir ki, seçkidən, seçkilərin nəticələrindən söhbət düşəndə insanlar Məzahir Pənahovun adını mütləq xatırlayır və MSK-nın yekun nəticəsini bu adamın şəxsi istəyi kimi qiymətləndirir. Seçkilərin saxtalaşdırılmasına rəhbərlik edən şəxs kimi insanların nifrətin qazanmış məmuru hansısa formada mükafatlandırmaq lazımdır ki, “yük”ü azalsın. 85 faiz səsin əldə olunmasında xidmət olan adama, 100 fazilik jest mütləq olmalı idi.
Məzahir Pənahovun qardaşına vəzifə verilməsinə AXCP Ali Məclisinin sədri Həsən Kərimov da münasibət bildirdi: “Bu hakimiyyətə ”ayı xidməti”göstərənlər hər zaman mükafatlandırılıb və bu ənənə bu gün də davam edir. Məzahir Pənahov da uzun illərdir seçki saxtakarlığına rəhbərlik edir və cəmiyyətdə “baş saxtakar” titulu qazanıb. Məzahir Pənahova hakimiyyət bütün şəraiti yaradıb və maddi cəhətdən tam təmin edilib. Görünür, indi də onun əhatə dairəsində olanlara mükafat verirlər. Onun qardaşına hansısa vəzifə verilibsə, bu, qabiliyyətinə, dövlətə xidmətinə görə deyil, Məzahir Pənahovun hakimiyyətin taleyində oynadığı rola görədir. Ümumiyyətlə, bu “ənənə” nazirlərə, icra başçılarına, komitə sədrlərinə də şamil edilir və onların hamısının yaxın ətrafı yüksək vəzifələr tuturlar. Məzahir Pənahov da 9 oktyabrda hakimiyyətə yüksək xidmət göstərdiyi üçün, növbəti mükafatını alıb”.
Yayılan xəbərlə bağlı Vergilər Nazirliyinin mətbuat xidməti ilə əlaqə yaratmağa çalışsaq da gün ərzində zənglərimizə cavab verilmədi.
Ilham Hüseyn


