Moskva polisi daha bir bazarda əməliyyat keçirdi

«Doroqomilovsk»da saxlanılan 35 miqrantın arasında azərbaycanlılar da var

Rusiyada 14 yaşlı azərbaycanlını döyərək kor edən şəxs həbs olundu

Moskva hüquq-mühafizə orqanları paytaxtın Doroqomilovsk bazarında topdansatış ticarətin aparıldığı gizli məkan aşkarlayıblar. Bazarın ərazisində yerləşən zirzəmilərdə ümumi sahəsi 1600 kvadratmetr olan 65 anbarda 24 saat quru meyvə və quru balıq topdansatışının getdiyi bildirilib. Burada gündəlik ticarətin həcmi 200-300 min rubl olub. Polisin bazarda keçirdiyi əməliyyat zamanı 35 nəfər xarici vətəndaş saxlanılıb. Onların arasındaÿ azərbaycanlılar da var.

Azərbaycanlılar qorxu içində

Moskvaətrafı Odintsovo adlanan rayondakı həmyerlilərimiz Azərbaycan diasporuna müraciət edəcəklər. Onlar özlərini təhlükəsiz hiss etmədiklərini bildiriblər. “Iki gündür nə kücəyə çıxırıq, nə də işimizin dalınca gedirik” deyə həmyerlimiz Əli Hüseynov “modern.az”a bildirib:  “Azərbaycan səfirliyinə müraciət edəcəyik. Bu işlə bağlı artıq tədbirlər görülməlidir”. 14 ildir Rusiyada ticarətlə məşğul olan Ə.Hüseynovun sözlərinə  görə, təkcə Odintsovodakı azərbaycanlılar yox, Moskvanın özündə yaşayan əksər soydaşlarımız bu gün Azərbaycan səfirliyinə getməyi planlaşdırırlar: “Hamı çox narahatdır. Bəzi valideynlər övladlarını məktəbə, ali təhsil ocaqlarına belə,  göndərmirlər”.

Peterburqda özbək miqrantı doğradılar

Rusiyada daha bir miqrant qətlə yetirilib. Qətl Sankt-Peterburqda Özbəkistan vətəndaşına qarşı törədilib. Hadisə dünən yerli vaxtla 15:30 radələrində “Rıbaçkoe” metrosunun yaxınlığında baş verib. Hüquq-mühafizə orqanlarının verdiyi məlumata görə, miqranta şəxsə çoxsaylı bıçaq zərbələri vurulub və o, aldığı zərbələrdən hadisə yerində keçinib. Hüquq-mühafizə orqanları hazırda ərazidə olan kameranın qeydlərini araşdırır. Qətlin milli-etnik zəmində baş verdiyi ehtimal olunur(anspress).

Zelenoqraddakı vəhşilik araşdırılır

Moskva vilayətinin Zelenoqrad şəhərində 14 yaşlı azərbaycanlı Rövşən Kazımovu vəhşicəsinə döyən şəxs saxlanılıb. Bu barədə Azərbaycan Daxili Işlər Nazirliyinin Rusiyadakı nümayəndəsi, polis polkovniki Eldar Səmədov məlumat verib. E.Səmədov bildirib ki, noyabrın 1-də Zelenoqrad şəhərində, 12 saylı avtobusda 1999-cu il təvəllüdlü azərbaycanlı Rövşən Müzəffər oğlu Kazmovu vəhşicəsində döyən şəxs, 1993-cü il təvəllüdlü Lısakov Mixail Valerieviç artıq polis tərəfindən saxlanıb. Onun barəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 116.2-ci (Xuliqanlıq məqsədilə döymə) maddəsi əsasında cinayət işi açılıb, araşdırma aparılır. Məhkəmə onun barəsində həbs-qətimkan tədbiri seçilməsinə baxacaq. E.Səmədov baş verən hadisənin Azərbaycanın Rusiyadakı səfirliyinin və Daxili Işlər Nazirliyinin nəzarətində olduğunu söyləyib: “Sabahdan səfirliyimiz tərəfindən zərərçəkən Rövşən Kazımov vəkillə təmin olunacaq”. Qeyd edək ki, noyabrın 1-də Moskva vilayətinin Zelenoqrad şəhərində 12 saylı avtobusda 14 yaşlı azərbaycanlı, əlil Rövşən Kazımov irqçi rus tərəfindən vəhşicəsinə döyülüb. Nəticədə xəsarət alan R.Kazımov Moskvanın Morozovsk uşaq xəstəxanasının göz cərrahiyyəsi bölməsinə yerləşdirilib. Həkimlər ona kəllə-beyin və göz travması diaqnozu qoyublar(APA).

Rusların 78%-i ölkələrində miqrant görmək istəmir

Rusiyada keçirilən sosioloji sorğu Rusiya vətəndaşlarının miqrantlara qarşı münasibətinin mənfi olduğunu ortaya çıxarıb. “Levada” Mərkəzinin keçirdiyi sorğuda respondentlərin 61,5%-i şəhərlərində yaşayan Qafqaz və Orta Asiya əsilli şəxslərə mənfi yanaşdıqlarını bildiriblər. Rəyi öyrənilənlərin 62%-i əmindir ki, oktyabr ayında Qərbi Biryulevo rayonunda qeydə alınan milli zəmində toqquşmalar gələcəkdə də baş verəcək. Onların 71%-i bu və ya digər dərəcədə “Qafqazı yedirtmək yetər!” şüarını bölüşür, 78%-i isə miqrant axınının məhdudlaşdırılmasının tərəfdarıdır. Respondentlərin 66%-i “Rusiya ruslar üçündür” ideyasının tərəfdarıdır, bu yanaşmanı faşistsayağı sayanların sayı isə 19%-i ötmür. “Levada” Mərkəzinin direktor müavini Aleksey Qrajdankin deyib ki, gəlmələrə qarşı mənfi münasibət ildən-ilə pisləşir. Onun sözlərinə görə, 2008-ci ildə Rusiyada miqrasiyanın məhdudlaşdırılmasına qarşı çıxanlar 52% olub, amma bundan sonra miqrantlara qarşı mənfi münasibətin göstəricisində artım qeydə alınıb. A.Qrajdankin hesab edir ki, anti-miqrant əhval ruhiyyəsinin artmasına səbəb iqtisadi problemlər və hakimiyyətdən narazılıqdır. O, Qərbi Biryulevo rayonunda baş verən hadisələrin də miqrantlara qarşı mənfi əhval-ruhiyyənin artmasına təkan verdiyini vurğulayıb.
“Rus elitası da bizimlə söhbətdə etiraf edir ki, 4 noyabrda keçirilən millətçi aksiyalar Rusiyanın özünün də əleyhinədir. Dünənki mitinqdə də icazə verilməyən millətçi şüarlarla çıxış edən 30 nəfər hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb”. Bunu Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) icraçı direktoru Ilqar Hacıyev bildirib. I.Hacıyev qeyd edib ki, hazırda qeyri-ruslar, o cümlədən azərbaycanlılara münasibətdə vəziyyət normallaşmağa doğru gedir: “Hər kəs sakit formada öz işi ilə məşğul olur”. ÜAK rəsmisi onu da bildirib ki, Rusiya hökuməti Moskvanın mərkəzindəki bazarları, topdansatış məkanlarını şəhərdən kənara köçürməyə start verib və keçirilən reydlər də sənədlərin yoxlanılması ilə əlaqədardır. Bu günlərdə Moskvada ictimai nəqliyyatda rus millətçisi tərəfindən döyülən 14 yaşlı azərbaycanlı Rövşən Kazımovun işindən danışan I.Hacıyev deyib ki, səfirliyin müraciəti ilə yanaşı, burada hamı bu işə cəlb olunur: “Yerli qanunların tələbinə uyğun olaraq cinayət törədilibsə, cinayətkar cəzasına çatmalıdır və çatacaq”. O, azərbaycanlılara, xüsusən orada oxuyan azərbaycanlı tələbələrə hər ehtimala qarşı ehtiyatlı olmaq, heç bir halda təxribata getməmək tapşırığı verildiyini bildirib: “Bunun üçün bizim əlaqə nömrəmiz paylanıb və tapşırılıb ki, problem olarsa, dərhal əlaqə saxlanılsın. Biz bütün regionlarla gündəlik əlaqə saxlayırıq”.

Əli Həsənov: “Rusiyadakı azərbaycanlıların taleyindən narahatıq”

“Rusiyada baş verən son proseslərlə bağlı orada yaşayan azərbaycanlıların taleyindən narahatıq”. Bunu APA-ya açıqlamasında Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib. Ə. Həsənov qeyd edib ki, Azərbaycan hakimiyyəti, o cümlədən Rusiyadakı səfirliyimiz bu proseslərin nizama salınması üçün öz təkliflərini, tövsiyələrini və problemin həllini necə gördüyünü dəfələrlə açıqlayıb: “Rusiyada bu proseslərin bir qismi kortəbii şəkildə meydana çıxır. Proseslərdə müəyyən milliyyətçi qüvvələrin və üçüncü maraqlı tərəflərin iştirakı, hadisələrin arxasında onların kölgəsi də görünür. Rusiya əlbəttə ki, bu proseslərin, xüsusən qeyri-ruslara qarşı müxtəlif formalarda təzahür edən çıxışların onun beynəlxalq nüfuzuna nə qədər zərbə vurduğunun, nə qədər mənfi çalarlar gətirdiyinin fərqindədir. Eyni zamanda görünən də odur ki, Rusiya hakimiyyəti prosesləri idarə etməyə çalışır, bu sahədə müəyyən tədbirlər görülür. Bu tədbirlərin effekti də müşahidə olunmaqdadır. Amma müəyyən dairələr tərəfindən illərlə formalaşmış bu tipli qızışdırılmış hadisələri qısa müddətdə dayandırmaq, nəzarət altına almaq və tamamilə idarə etmək də mümkün deyil. Hər halda Rusiyada baş verənlərdən narahatıq, Rusiya hökumətinin bu proseslərlə bağlı gördüyü tədbirləri diqqətlə izləyirik. Düşünürük ki, bu addımlar tezliklə effekt verəcək”.
PA rəsmisi bu hadisələrdən Azərbaycanın Gömrük Ittifaqına daxil olması üçün Rusiyanın rəsmi Bakıya təzyiq vasitəsi kimi istifadə etməsi barədə bəzi dairələrin iddialarına da cavab verib. Ə. Həsənov deyib ki, mütəxəssislər, tədqiqatçılar bu məsələləri hərə öz nöqteyi-nəzərindən yozmağa çalışır: “Düşünmürəm ki, Rusiya Azərbaycana qarşı belə qeyri-populyar, təhlükəli, beynəlxalq aləmdə ciddi formada mənfi qarşılanan təzyiq və təsir vasitələrindən istifadə etsin. Bu, belə deyil. Rusiya hökumətinin Azərbaycana təzyiq etməyə əsası da yoxdur. Yaradılan ittifaqlar da, irəli sürülən təşəbbüslər də, MDB çərçivəsində həyata keçirilən inteqrasiya prosesləri də könüllülük əsasında aparılır. Hər biz üzv dövlət ora qoşulmanın müsbət və mənfi tərəflərini dəyərləndirir, buna müvafiq də qərar verir. Hər bir üzv dövlətin bu prosesdə iştirakının ali məqsədi öz milli maraqlarını, milli mənafelərini təmsil etməkdən ibarətdir. Ona görə də düşünürəm ki, bu proseslərdə ayıq yanaşma daha çox mühüm rol oynayır. Azərbaycan və Rusiya da bu məsələyə daha ayıq başla yanaşır. Bəzi tədqiqatçıların, bu və ya digər qüvvələrin bu hadisələrin Azərbaycana qarşı təzyiq vasitəsi kimi xarakterizə etmək cəhdlərinin də müəyyən əsası var. Rusiyada bəzi dairələr – rəsmi dairələrdən söhbət getmir – bu proseslərdən anti-Azərbaycan məqsədilə istifadə etməyə, Rusiya ilə Azərbaycan, rus xalqı ilə Azərbaycan xalqı arasında illərdən bəri formalaşmış, sınaqdan çıxmış birgə maraqlar və dostluq münasibətlərini pozmağa çalışır”.