Görmüşdük ki, prezident seçkilərindən sonra bir qayda olaraq dövlət başçılarının, bir də böyük təşkilatların teleqramlarını qəzetlərdə dərc edər və telekanallarda səsləndirərdilər.
Amma Azərbaycanda kimlərin təbrikləri səsləndirilmir, hansı adamların təbrikləri dərc edilmir? Bunların arasında adi ziyalıya və hətta xarici media strukturlarının əməkdaşına da rast gəlmək olar. Ölkə elə bil təbrik mərəzinə tutulub.
Seçki də bir seçki olsaydı, dərd yarıydı. Adam heç yaza da bilmir ki, filankəs prezident seçildi, sadəcə yazırıq ki, filankəs bir daha prezident oldu, özü də üçüncü dəfə.
Əslində çox absurd vəziyyət yaranıb. Adam ya iki dəfə prezident seçilir, ya da ki, bir neçə dəfə prezident olur. Indi I.Əliyevi nəyə görə təbirik edirlər?
Mən bunu özüm üçün qətiyyən yəqinləşdirə bilmirəm, çünki üçüncü dəfə prezident olmaqla I.Əliyev nəinki ölkə üçün, eləcə də özü üçün təhlükəli siyasi həddi keçdi.
Ona bu həddi keçməmək haqqında xəbərdarlıq etmişdilər. Çox diplomatik şəkildə, incə siyasi üsullarla eşitdirildi ki, qırmızı həddi keçmək siyasətdə o qədər də təqdir olunmur, çünki özü getmək istəməyənləri bir gün məcbur olub yola salırlar.
Indi o ya ömrünün axırına qədər prezident olmaq əzmilə yaşamalı və bir gün H.Mübarək, B.Əli kimi hakimiyyətdən uzaqlaşdırılmalıdır, ya da elə üçüncü cəhddən sonra özünün hakimiyyət ehtirasına “Dayan!” deməlidir.
Amma bacarsaydı o, bunu iki dəfə prezident olandan sonra edərdi. Amma bacarmadı. Doğrusu, mən bilmirəm, bu daha çox kimin iradəsi idi? Onun özünün, yoxsa yaxın ətrafının?
Siyasətdə ətraf məsələsi çox qəliz şeydir. Məmurlar öz kresloları ilə çox çətin ayrılırlar. Ona görə də onlar çalışırlar ki, liderləri mümkün qədər çox hakimiyyətdə qalsın və onların kreslosu başqa birisinə qismət olmasın.
Təcrübə göstərir ki, avtoritarizmi həmişə məmurlar dərinləşdirir. Onlar bilavasitə məsuliyyət daşımırlar, ona görə də başqasının hesabına öz siyasi ömürlərini uzatmaqdan çəkinmirlər.
Bunları yazmaqla fikrim heç də o deyil ki, I.Əliyev üçüncü dəfə prezident olmaq istəmirdi. Əgər istəməsəydi olmazdı da. Amma oldu. O səbəbdən də bir daha qeyd edirik ki, o özü üçün də, ölkə üçün də təhlükəli siyasi həddi keçdi.
Indi geriyə qayıtmaq olduqca çətindir. Ona görə ki, I.Əliyev o səbəbdən üçüncü dəfə prezident oldu ki, dördüncü, beşincə dəfə də ola bilsin.
Amma, necə deyərlər, ya vəlvələdən, ya da zəlzələdən, bu zəncir sonsuzluğa qədər davam edə bilməz, bir gün o qırılmalıdır. Bu nə vaxt baş verəcək?
Bilmirəm. Bildiyim odur ki, əbədi olaraq belə davam edə bilməz. Bir gün gələcək, sözlərimə əmin olacaqsınız. Bu, baxıcılıq və ya ekstrasenslik deyil, bu vaxta qədərki siyasi təcrübənin ümumiləşməsidir.
Bəzən adam düşünür ki, on illərlə heç nə ola bilməz. Amma bir də görürsən ki, adi bir hadisə böyük bir etiraza gətirib çıxarır və o vaxt hamı təəccüb edir ki, axı bu, necə oldu?
Amma təəccüblənmək lazım deyil. Adətən elə belə də olur. Heç kimin inanmadığı, heç kimin gözləmədiyi bir şey bir anın içində baş verir.
Ona görə də bir daha təbriklərə qayıdaraq özüm özümdən soruşaram ki, bu, nə münasibətlə təbrikdir?
Bilmirəm, kimin şeirindəndir? Amma belə bir şey var ki, hamımız, fərqi yoxdur, siyasətçi, ya adi adam, biz hamımız bu dünyaya öz “dar ağacı”mızı çiyinlərimizdə daşımaq üçün gəlirik. Səhv etmirəmsə, bu, B.Pasternakdandır. Bəlkə də başqa bir şairin şeirindəndir. Bu, önəmli deyil. Kim deyibsə, çox yaxşı deyib.
Müxalifət siyasətçilərindən birinin gözəl ifadəsi vardı. Kimsə tutulanda o deyirdi ki, qəzan mübarək! Siyasətçilərə bu fikir daha çox uyğun gəlir.
Indi siyasətdə olan insanlara, xüsusən də böyük siyasətin adamlarına demək lazımdır ki, qəzan mübarək! Dzüdür, əvvəlki fikir də, indi söylədiyim də bir qədər sufiyanə fikirdir, özündə azacıq da olsa sufilik daşımayan adam onlardakı mənanı fəhm edə bilməz, ya da çətin fəhm edər.
Nəsimi demişkən: Bu, quş dilidir, bunu Süleyman bilir ancaq! Ona görə də bir daha hamımızın qəzası mübarək! Ona görə ki, artıq bir nəfər kimi hamımız qırmızı xəttin o biri tərəfindəyik…



