Rusiyadan Cahangir Əsgərova uçuş qadağası

“Azərbaycan Hava Yolları” Dövlət Konserni (AZAL) Rusiyanın regionlarına müntəzəm reyslər təşkil etmək üçün icazə ala bilmir.

Virtualaz.org saytı xəbər verir ki, bu barədə AZAL prezidenti Cahangir Əsgərov bildirib. AZAL prezidenti deyib ki, konsern Rusiyaya uçuşların coğrafiyasını genişləndirmək istəyir.

“Mən Rusiya şirkətlərinə Azərbaycanın regional aeroportlarına – Gəncəyə, Qəbələyə, Lənkərana uçmağa icazə vermişəm. Biz də Rusiyanın regional mərkəzlərinə uçmaq istərdik, lakin onlar hələlik bizə belə icazə vermək istəmir” – deyə Əsgərov bildirib.

AZAL keçmiş sovet respublikaları arasında praktiki olaraq yeganə aviaşirkətdir ki, öz hava donanmasını tam yeniləyib və yalnız müasir hava gəmilərindən istifadə edir.

Qeyd edək ki, Gəncə, Lənkəran və Qəbələ beynəlxalq aeroportlarına uçuşları Rusiya şirkətləri həyata keçirir. 2012-ci ilin noyabrında Rusiyanın “EK.Alyans” şirkəti Qəbələyə reyslər həyata keçirməyə başlayıb. 2009-cu ilin martından isə Rusiyanın “Ural Hava Yolları” şirkəti Sankt-Peterburq-Gəncə-Sankt-Peterburq marşrutu ilə reyslər həyata keçirir. Həmçinin bu ildən Rusiyanın “Vim Avia” şirkəti Moskva-Lənkəran-Moskva reysi ilə uçuşlara başlayıb. Belə olan halda Rusiyanın AZAL-a ölkənin regionlarına müntəzəm reyslər həyata keçirməyə icazə verməməsi anlaşılmaz görünür.