«Mən bu hakimiyyətin «işverənlər bankı»nı dağıdacağam»
«Utandırıcıdır, niyə görə polislər işdən çıxandan sonra «işverən» işləməlidir?»
Tanınmış hüquqşünas, Milli Şuranın üzvü Qurban Məmmədovun işi üzrə məhkəmə prosesi dünən də davam etdirildi. Xatırladaq ki, Qurban Məmmədov ötən ilin sentyabrında baş vermiş avtoqəza ilə əlaqədar bu il iyunun 4-də həbs olunub. Ona qarşı əvvəlcə Cinayət Məcəlləsinin 263.1-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsilə ittiham irəli sürülüb. Ardınca 299.1-ci (şahidin, zərərçəkmiş şəxsin yalan ifadə və ya ekspertin yalan rəy verməsi, habelə tərcüməçinin yanlış tərcümə etməsi məqsədilə onları pulla ələ alma) maddəsilə yeni ittiham elan edilib.
Nəsimi rayon məhkəməsində hakim Emin Mehdiyevin sədrliyilə keçirilən prosesdə Qurban Məmmədovun hüquqlarını vəkillər Anar Qasımlı və Süleyman Qasımov müdafiə edir.
Dünən məhkəmə iclasında Qurban Məmmədova dəstək məqsədilə AXCP rəhbərliyinə daxil olan şəxslər, tanınmış ziyalılar və yazarlar da iştirak edirdi.
Qurban Məmmədov türmədəkilərə vəkillik edir
Qurban Məmmədov məhkəmə zalına yüksək əhval-ruhiyyədə daxil oldu. O, az qala, zaldakı hər kəslə zarafatlaşdı və onlara irad da bildirdi: “Siz bura nəyə gəlmisiz, bekarsız? Gedin, işinizi görün, mübarizənizi aparın, mən burada tək də bacararam. Biləsiniz ki, orada da boş dayanmıram, içəridə 500 nəfərə vəkillik edirəm”.
Ciddi tapşırıq
Məhkəmə iclası başlayanda bəlli oldu ki, dindirilməli əsas şahid olan Xanlar Bayramov məhkəməyə gəlməyib. Bu şəxs hadisə baş verərkən Maliyyə Nazirliyinə məxsus avtomobili sürüb.
Hakim bildirdi ki, Bayramov növbəti məhkəmə iclasına da gəlməsə, onun məcburi gətirilməsi barədə qərar qəbul ediləcək.
Hakim katibə tapşırdı ki, məsələnin ciddiliyi, məsuliyyəti adıçəkilən şəxsə xatırladılsın və onun iştirakı təmin edilsin.
İstintaqın qərəzi
Məhkəmədə Qurban Məmmədov çoxsaylı vəsatətlər qaldırdı. Hüquqşünas bildirdi ki, onun xeyrinə ifadə verən adamların adları istintaq zamanı qərəzli olaraq şahidlər siyahısına salınmayıb. Konkret iki nəfərin adını çəkən Qurban Məmmədov tələb etdi ki, növbəti məhkəmə iclasında onlar dindirilsin.
Üzləşmə tələbi
Qurban Məmmədov ötən məhkəmə iclasında şahid qismində ifadə vermiş Isa Mansurov və Rəhbər Hüseynovun şahidlər siyahısından çıxarılmasını istədi.
Q.Məmmədov dedi ki, məntiqlə, bir fakt barədə bir-birinə zidd olan iki həqiqət mümkün deyil: “Onlardan ya ikisi də yalandır, ya da biri mütləq yalandır. Bu şahidlərin ifadələrində hadisə ilə bağlı bir-birini inkar edən fikirlər var. Bu isə o deməkdir ki, ya onların hər ikisi yalan danışır, ya da ikisindən biri”.
Qurban Məmmədov adıçəkilən şahidlərin ifadələrindəki ziddiyyətləri sübut edən nümunələrdən danışdı. O həmçinin məhkəmədən tələb etdi ki, ziddiyyətləri aradan qaldırmaq üçün üzləşmə keçirilsin.
Yalanın ifşası – “işverənlik”
Qurban Məmmədovun daha bir vəsatəti ötən məhkəmə iclasında ifadə vermiş Isa Mansurov haqda oldu. Hüquqşünas bildirdi ki, adıçəkilən şahid ifadəsində məhkəməni və prokuroru aldadıb, ona görə də məsuliyyətə cəlb edilməli, şahidlər siyahısından çıxarılmalıdır: “Bu adam yalançı şahid və ”işverən”dir. Onun cinayət təqibi prosesinə daxil olmasının qanuni yolları – prosessual qaydası iş materiallarında görünmür. Keçən iclasda Mansurov dedi ki, guya, onu hadisədən 6-7 ay sonra müstəntiq “Medikal Plaza”nın qarşısında işlədiyi avtodayanacaqdan müəyyən edib. Başqa sözlə, bu “sübut” Cinayət Prosessual Məcəllənin 125.1-ci maddəsinin tələblərinə uyğun olmayan, yaranma mənbəyi, əldə edilmə qaydası və həqiqiliyi çox böyük şübhələr doğuran sübut olduğu üçün sübut kimi qəbul edilə bilməz. Isa Mansurovun istər ibtidai istintaqda, istərsə də məhkəmədə verdiyi ifadələrdə hadisənin mümkün halları barədə verdiyi ziddiyyətli ifadələr sübut edir ki, o da Rəhbər Hüseynov kimi, “ştatlı” hal şahidlərindəndir ki, indiki halda, şahid qismində kimi istifadə edilir. Mansurov 24 fevral 2013-cü il tarixli ifadəsində göstərib ki, “Jeep” markalı avtomaşın arxaya verdiyi zaman həmin avtomaşın ara yola verib sürüb getdi”. Eyni halla bağlı, yəni hadisədə iştirak edən II maşının mənim maşınıma dəyib-dəyməməsi, II maşının sürücüsü ilə mənim aramda hər hansı söhbətin olub-olmamasına dair sualıma cavab verərkən, o, 16 mart 2013-cü il tarixli üzləşmədə göstərib ki, “həmin avtomaşın keçib getdikdən sonra Pərviz Abbasov xəsarət aldı” və “həmin sürücü, Qurban Məmmədov avtomaşınını geri verdikdə ara yol ilə klinikanın arxasına doğru avtomaşını idarə edib çıxıb getdi”. Yəni, Qurban Məmmədovla danışmadı. Ötən məhkəmə iclasında isə bildirdi ki, ikinci maşın Abbasov zərər çəkəndə orada idi. Sonra getdi. Bu ziddiyyətlər onunla bağlıdır ki, məni öz siyasi mövqeyimdən çəkindirə bilməyənlər, əvvəl sübut etməyə çalışırdılar ki, hadisədə ikinci maşın iştirak etməyib. Abbasovun ayağı mənim maşınımın altında qalıb. Ancaq 4 iyun 2013-cü ildə mən ikinci maşının sürücüsü ilə olan telefon danışıqlarımı (mən bunu müstəntiqin tapşırığı və razılığı ilə etdim) müstəntiqə təqdim edəndən sonra “şahidlər”in ifadələrində korrektələr etmək ehtiyacı yarandığından, Isa Mansurov da belə ziddiyyətli ifadələr verməyə məcburdur. Artıq ikinci maşının sürücüsünün ifadəsi və ekspertiza rəyi ilə maşınların bir-birinə dəyməsi və Abbasovun hadisədən sonra ikinci maşının sağ tərəfində arxa qapısı boyunca uzandığı sübut edilib”.
***
Qurban Məmmədovun sözlərinə görə, P.Abbasov 23 sentyabr 2013-cü il tarixli məhkəmə iclasında deyib ki, hətta o, ikinci maşının sürücüsündən kömək istəsə də, yardım ala bilməyib. Isa Mansurov isə deyir ki, ikinci maşının sürücüsü yerə düşmədən sürüb getdi: “Şahid Rəhbər Hüseynov məhkəmədə bildirib ki, zərərçəkmiş ikinci maşının sağ tərəfində 2-2,5 metrlik məsafədə uzanmışdı. O da Isa Mansurovun ifadəsinə zidd danışır və ittihamın əvvəlki mövqeyinə, yəni, hadisədə ikinci maşının iştirak etməməsinə uyğun ifadə verir. Bütün bunlar Isa Mansurovun da yalançı şahid olduğunu ifşa edir”.
Polisin yalançılığının sübutu
Q.Məmmədov məhkəməyə Ali Məhkəmənin 29 iyul 2008-ci il tarixli qərarını da təqdim edərək, Mansurov Isa Mürsəl oğlunun yalançılığını əsaslandırdı. Bu qərarda görünən ən maraqlı faktlardan biri sözügedən şahidin cəmi 5 il əvvəl Nəsimi rayonu, 20-ci polis bölməsində sahə inspektoru olmasıdır. Iş burasındadır ki, keçən məhkəmə iclasında prokurorun, vəkillərin təkidli suallarına baxmayaraq, bu şəxs əvvəllər heç yerdə işləmədiyini demişdi.
Q.Məmmədov sadalananları nəzərə alaraq, şahid Isa Mansurovun ifadəsinin sübutlar sırasından çıxarılmasını tələb etdi.
“Həbsimlə fəxr edirəm!”
Q.Məmmədov bəyan etdi ki, həbsdə olmasıyla fəxr edir və buna görə narahat deyil: “Mən fəxr edirəm ki, hakimiyyət məni həbs etmək üçün fəaliyyətimdə bircə qanunsuzluq da tapa bilməyib. Mən onları vadar etmişəm ki, qanunsuzluğa əl atsınlar. Bu prosesdə hələ çox şeylər üzə çıxacaq. Mən bu hakimiyyətin ”işverənlər bankı”nı dağıdacağam. Bu şatatlı işverənlərin kimliyini hər kəsə göstərəcəyəm. Bu, rüsvayçılıqdır. Gör insanları nə günə qoyublar, belə çıxır ki, polislər işdən uzaqlaşandan sonra “işverən” kimi işlədilir. Niyə belə olmalıdır axı?”
Şaxtababa xatırlaması
Q.Məmmədov onun barəsində həbs-qətimkan tədbiri seçilərkən “ölkədən qaça bilər” adı ilə gətirilən əsası da darmadağın etdi. O bildirdi ki, hadisə baş verəndən 3 ay sonra Ingiltərəyə səfər edib və qısa müddətdən sonra geri qayıdıb:ÿ”Bütün internet istifadəçiləri bilir ki, mən, hətta Ingiltərədə Şaxta babalıq eləmişəm. Şaxta baba paltarında video çəkib internetə də yerləşdirmişəm. Yəni, harada olmağımı gizlətməmişəm. Qısa müddətdən sonra da geri qayıtmışam. Heç kimdən gizlənməmişəm”.
***
Hakim Emin Mehdiyev Qurban Məmmədovun qaldırdığı vəsatətləri qismən təmin edib. Istintaq zamanı dindirilmiş bəzi şahidlərin məhkəməyə dəvət olunacağını bildirdi.
Məhkəmə prosesi bu gün saat 10.00-da davam edəcək.
Natiq Güləhmədoğlu


