Noyabrın 4-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Jak For (Fransa), Ceyms Uorlik (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşiki qəbul edib.
Müdafiə Nazirliyi mətbuat xidmətindən “Media forum” saytına verilən məlumata görə, görüş zamanı həmsədrlər Dağlıq Qarabağ münaqişəsi, cəbhənin təmas xəttində mövcud vəziyyətlə bağlı öz təəssüratlarını çatdırıblar.
Müdafiə naziri onlara regiondakı vəziyyətdən, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalının davam etməsindən, qaçqın və məcburi köçkünlərin problemlərindən danışıb, beynəlxalq təşkilatların münaqişənin həlli istiqamətində atdığı addımların nəticəsiz olduğunu bildirib.
Zakir Həsənov Rusiyanın Ermənistanda yerləşən 102-ci hərbi bazasının komandirinin son çıxışını da həmsədrlərin diqqətinə çatdırıb və bu məsələyə rəsmi səviyyədə reaksiya verilməsinin vacibliyini qeyd edib.
Minsk qrupunun rusiyalı həmsədri İqor Popov bu məsələnin anlaşılmazlıq nəticəsində baş verdiyini istisna etməyərək araşdırılacağına söz verib.
Sonda Azərbaycanın ordu quruculuğu sahəsindəki imkanlarının genişliyi və müasir tələblərə cavab verən Silahlı Qüvvələrin qurulması istiqamətində fəaliyyətləri vurğulayan müdafiə naziri deyib ki, Azərbaycan tərəfi işğal altında olan torpaqların sülh yolu ilə azad edilməsinin tərəfdarıdır. Ancaq nazir qeyd edib ki, Azərbaycan xalqı işğal faktı ilə barışmayacaq və işğal olunmuş ərazilərin azad edilməsi hüququnu özündə saxlayır.
Görüşdə müdafiə nazirinin birinci müavini, Silahlı Qüvvələrin baş qərargah rəisi general-polkovnik Nəcməddin Sadıqov da iştirak edib.
Ötən ayın sonunda Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının komandanı Andrey Ruzinski “Krasnaya Zvezda” qəzetinə müsahibəsində qeyd edib ki, Rusiyanın hərbi bazasının cavabdehlik zonasında hərbi-siyasi vəziyyət həyəcanlı olaraq qalır və Ermənistan-Azərbaycan münaqişəsi regionunda qarşıdurmanın gərginləşməsi ehtimalı ilə bağlı sabitliyi pozan bir sıra amillərin mövcudluğu ilə səciyyələnir: “Azərbaycan rəhbərliyi Dağlıq Qarabağ üzərində nəzarəti güc yolu ilə bərpa etməyi qərara alarsa, hərbi baza Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində Rusiya Federasiyasının müqavilə öhdəliklərinə uyğun olaraq silahlı münaqişəyə başlaya bilər”.


