Sevinc Babayeva 2006-2007-ci illərdə fantastik həddə varlanıbmış…
Keçmiş deputat Gülər Əhmədovanın işi üzrə hər məhkəmə iclası yeni maraqlı detalların üzə çıxmasıyla yadda qalır. Məsələn, dünən məlum oldu ki, Gülər Əhmədova ilə Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayev arasında vasitəçilik etmiş Sevinc Babayeva təxminən 2006-2007-ci illərdə fantastik həddə varlanıb. Məlum videonun yayılmasından sonra S.Babayeva Türkiyədə olarkən onunla G.Əhmədova arasında “Skype” danışıqlarında yüksək vəzifəli şəxslərin adları çəkilib…
***
Dünənki məhkəmə iclasında S.Babayevanın oğlu Ayxan Məmmədov dindirildi. Ibtidai istintaq zamanı 8 dəfə ifadə verən Ayxan Məmmədov deyir ki, anası ona Elşad Abdullayevdən deputat seçilməsi üçün pul alıb G.Əhmədovaya verdiyini deyibmiş. Onun sözlərinə görə, G.Əhmədova pulu geri qaytarmadığından təxminən 2006-2007-ci illərdə anası ilə deputatın arası dəyib. Bir də 2011-ci ildə G.Əhmədova anasına zəng edərək, onu yanına çağırıb və E.Abdullayevin müəyyən videogörüntülər yaymağa hazırlaşdığını deyib.
Məlum video yayılan gün anasının Hökumət Evində G.Əhmədova ilə görüşdüyünü və gecə saat 12-yə qədər orada olduğunu deyən Ayxan Məmmədovun sözlərinə görə, S.Babayeva oradan evə gələrək, təcili Türkiyəyə gedəcəyini deyib: “Ona nə qədər dedim ki, getmə. Dedi ki, qalsam, mənə də, Gülərə də pis olacaq. Gedəndə də Gülər Əhmədovanın telefon nömrəsini verdi ki, nəsə lazım olsa, ona zəng eləyim. Bir də noyabrda zəng elədi, səsi yaxşı gəlmirdi. Danışandan dərhal sonra noyabrın 11-də Türkiyəyə getdim. Bizi Səlcuq Ağlayanın oğlu qarşıladı. Səlcuqla da anamı Gülər Əhmədova tanış eləmişdi. Gördüm ki, vəziyyəti yaxşı deyil. Gülər anama söz vermişdi ki, orada onu hər şeylə təmin edəcək, pul göndərəcək. Amma mən anamın kirayə qaldığı evə gedəndə gördüm ki, çox pis vəziyyətdədir, həm xəstə idi, həm də pulu qurtarmışdı, yeməyə çörək tapmırdı. Nə qədər dedim ki, qayıdaq, qayıtmadı. Dedi ki, hələ yox. Biz orada olarkən Səlcuq bizi bir restorana apardı. Orada anam ”Skype”la Gülər Əhmədova ilə danışdı. Anama dedim ki, Gülərə inanma, anam mənimlə razılaşmadı. Ümumiyyətlə, anama deyirdim ki, Gülər Əhmədova ilə münasibətləri kəs, mənə qulaq asmadı. Mən qayıtdım, xalama dedim ki, sən qal. Qayıdandan sonra getdim prokurorluğa. Prokurorluqda dedilər ki, onu tutmayacağıq, gəlib ifadə versin, hələ araşdırma gedir. Sonra əsəbiləşib Gülərə zəng elədim. Dedi ki, gətirmə, gətirən kimi həbs edəcəklər. Bir az sonra yenidən gedib anamı gətirmək istədim, buraxmadılar. Artıq mənim ölkədən çıxışıma “stop” qoyulmuşdu”.
G.Əhmədova ilə münasibətlərə gəlincə, Ayxan Məmmədov bildirdi ki, onlar 1996-97-ci illərdə tanış olublar.
G.Əhmədovanın həyat yoldaşının Istanbulda Sevinc Babayevaya 1000 dollar pul verdiyini deyən Ayxan Məmmədov bildirdi ki, anasının Türkiyədə Məryəm Solmaz adı ilə yaşadığını Səlcuq Ağlayanla restorana gedərkən bilib: “Səlcuq dedi ki, Sevinc adını çəkmə, ona Məryəm Solmaz deyirdilər. Anam hətta bu adla, pasport məsələsinə görə xəstəxanaya da gedə bilmirdi”.
Anasının ölümü barədə danışan Ayxan Məmmədov dedi ki, dekabrın 26-da Səlcuq Ağlayan ondan xəstəxana məsrəfləri üçün 16 min dollar pul göndərməsini tələb edib: “Sonra bu məbləğ 20 min dollara qalxdı. 28-də nənəmlə Gülərgilə getdik. Elə orada olanda Səlcuqdan mesaj gəldi ki, ”başınız sağ olsun, ananız dünyasını dəyişdi”.
Ayxan Məmmədov deyir ki, G.Əhmədovadan aldığı 20 min dolları Istanbula gedəndə Səlcuqa vermək istəsə də, o, baş verənlərdən bərk qorxuya düşdüyündən götürməyib. Özü həmin vəsaiti anasının dəfn mərasiminə xərcləyib.
Şahidin dediklərindən o da məlum oldu ki, anasının yanından qayıdandan sonra prokurorluğa S.Babayevanın yerini deyib: “Dəqiq ünvan demədim. Amma dedim ki, Istanbuldadır, evin yanındakı kompleksin adını da dedim”.
Bundan başqa, üzə çıxdı ki, Istanbulda olarkən Sevinc Babayeva Bakıdakı “Jeep” maşınının satılması üçün oğlu vasitəsilə etibarnamə də göndərib.
Vəkil şahiddən hansı əsasla anasının G.Əhmədova tərəfindən zəhərləndiyi barədə açıqlamalar verdiyini soruşdu. Lakin məhkəmə G.Əhmədovaya bu barədə ittiham verilmədiyini əsas gətirərək sualı çıxartdı: “Biz burada mətbuatda yazılanları müzakirə etmirik”.
Vəkil isə bununla razılaşmadı: “O zaman müstəntiq onun bu fikirlərini niyə yazırdı işin içində? Yazmayaydı…”
Prokuror da bildirdi ki, S.Babayevanın ölümünə görə cinayət işi başlanmasının rədd olunması haqda qərar var.
Vəkil həmçinin şahiddən S.Babayevaya hansı diaqnoz qoyulduğunu soruşdu. O isə cavabında “heç bir diaqnoz qoyulmamışdı” bildirdi.
Bu cavabdan sonra vəkil S.Babayevaya qoyulmuş diaqnozlarla bağlı Neftçilər xəstəxanası və Dövlət Gömrük Hospitalından alınmış həkim rəylərini məhkəməyə təqdim etdi.
Daha sonra vəkillə şahid arasında belə bir sual-cavab oldu:
– Deyirsən ki, anam qayıtmaq istəyirdi, Gülər Əhmədova qoymurdu. Niyə Türkiyədə olarkən hüquq-mühafizə orqanlarına şikayət etmədin?
– Anam oranın vətəndaşı deyildi.
– Bəs Bakı şəhər Prokurorluğuna ifadə verəndə niyə demədin?
– Bilmirdim ki, axırı belə olacaq.
Bundan sonra G.Əhmədova ilə A.Məmmədov arasında sual-cavab oldu.
– Ayxan, məni necə tanıyırsan? Mənə münasibətin necə olub?
– Sizi 8-9 yaşlarımdan tanıyıram. Biz sizə gedib-gəlmişik, siz də bizə. Sizə münasibətim 2005-2006-cı ildə baş verən o hadisələrdən sonra pisdir. Anamı biabır elədiz. Anamla Elşadın arasını vurduz.
– Ananla Elşadın arasında nə var idi ki?
– Anam Instituta adam düzəldirdi. O söhbətdən sonra anam bədbəxt oldu, hər şey əlindən çıxdı.
– Deyirsən ki, Istanbulda restoranda anan “Skype”la mənimlə danışanda eşitmisən. Anan nə deyirdi?
– Vəzifəli adamların adlarını çəkdi.
– Kimin?
– Yadımda qalmayıb.
– Deyirsən ki, orada acından ölürdü, xəstə idi, bəs niyə onu o vəziyyətdə qoyub gəldin?
– Anam həbs olunmaqdan qorxurdu. Deyirdi ki, Gülər hələ qayıtmağı məsləhət görmür. Anam hamıya inanan idi. Siz ondan istifadə etdiniz.
– Ananın infarkt olduğunu bilirdin?
– Xeyr.
– 2012-ci ilə qədər münasibətimiz yox idisə, 2010-cu ildə mənim seçki kampaniyamda niyə iştirak edirdi?
– …
Ayxan Məmmədovun cavablarından o da bəlli oldu ki, Sevinc Babayeva 2006-2007-ci illərdə fantastik həddə varlanıb. Onun “Mersedes”, “Audi Q7″, ”Infiniti”, “Toyota Prado” və “Toyota Camry”, “Hummer”, “Lexus” kimi maşınları olub, yeni tikilən iki binada evlər alıb və s.
Bundan başqa, S.Babayeva bir müddət jurnalist kimi fəaliyyət göstərib: “Qəzetimiz var idi, xalam redaktor idi. Anam da orada işləyirdi”.
Məlum oldu ki, S.Babayeva həmçinin Prezident yanında Dövlət Idarəçilik Akademiyasında və Texniki Universitetdə də müəllim işləyib.
G.Əhmədova şahiddən hərbi xidməti, təhsili barədə soruşandan sonra məhkəməyə bildirdi ki, Ayxan Məmmədovun danışdıqlarının əksəriyyəti yalandır: “Bundan artıq soruşmağa ehtiyac duymuram, çünki kifayət qədər yalan danışdı. Anası özü də deyirdi ki, o, Istanbula maşına görə gəlib, nə qədər yalvardım ki, qal, qalmadı”.
Ayxan Məmmədov hakimlərin suallarına cavab verərkən bir sıra ziddiyyətlər ortaya çıxdı. Bu səbəbdən onun Türkiyədən anasının yanından qayıdandan sonra prokurorluqda verdiyi ifadə elan olundu. Məlum oldu ki, o, məhkəmədəki kimi istintaqda da təhsil aldığı universitetin adını Təfəkkür deyil, “Təvəkkül” deyib, müstəntiq də elə o cür yazıb…
***
Dünənki məhkəmə iclasında həmçinin 1998-ci ildən 2004-cü ilə qədər S.Babayeva ilə qadın-kişi münasibəti olmuş Vidadi Qədirov şahid qismində dindirildi. O bildirdi ki, 2004-cü ildə ayrılsalar da, ölən günə qədər Sevinclə dost münasibətləri olub. Sevinc hətta Türkiyədə olarkən bir neçə dəfə zəng edərək, kömək istəyib: “Dedim ki, mən sənə necə kömək eləyim? Gəl, ifadəni ver. Sevinc qeyri-leqal gəlmək istəyirdi, qorxurdu ki, onu tutarlar. Mənimlə telefonla danışanda bildirdi ki, Gülər Əhmədova ona deyib ki, otur, hər şey yaxşı olacaq”.
***
G.Əhmədova Gürcüstana gedərkən onu maşınla aparmış, oğlunun dostu Rüfət Hüseynov da dünən dindirildi. O, Qazaxda buraxılış məntəqəsində G.Əhmədovanın saxlanılmasından, prokurorluqdakı təzyiqdən danışdı: “Orada bizi maşına yaxınlaşmağa qoymadılar, içəridə nə vardısa, hamısını götürdülər. Diskləri, hətta başağrı dərmanlarına qədər… Pal-paltarı tökdülər yerə. Qazaxdan bizi Bakı şəhər prokurorluğuna gətirdilər. Orada Fikrət müəllimi, məni dərman içməyə də qoymadılar”.
S.Babayeva sonuncu dəfə Türkiyəyə gedərkən onun üçün bileti də Rüfət Hüseynov alıb. Istintaqdakı ifadəsində yazılıb ki, bileti G.Əhmədovanın oğlu Toğrulun göstərişilə alıb. Məhkəmədə isə bildirdi ki, S.Babayevanı əvvəldən tanıyırdı və bilet almağı da özü ondan xahiş edib. Şahid ifadəsindəki ziddiyyəti belə izah etdi: “Istintaq zamanı müstəntiqin bəzi şeyləri doğru yazmadığını gördüm və özünə də dedim. Əvvəla, Toğrulla münasibətlərimiz elə deyil ki, o, mənə göstəriş versin, həm də mən ondan böyüyəm. Ikincisi, məni səhər saat 10-dan axşam 8-ə qədər prokurorluqda saxlamışdılar. Əgər normal şərtlər altında ifadə versəydim, təbii ki, dayanıb onun dəyişdirilməsini israr edərdim. Nəhayət, mən məhkəməyə ərizə yazıb göndərmişdim ki, ifadəmdə yazılan bəzi fikirlər doğru deyil”.
Məhkəmə prosesi noyabrın 7-də davam edəcək.
Aytən Məmmədova



