Əliyevin mühafizəçisinin səs yazısı yayıldı

Torpaq qalmaqalı ilə bağlı ilginc faktlar

Qəzətimizin 26 oktyabr 2013-cü il sayında “Əliyevin mühafizəçisinin adı torpaq qalmaqalında” adlı yazı dərc etmişdik. Yazıda Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşı Naib Dadaşovun Şüvəlan sakini Əluqulu Quliyevə məxsus 9 sot torpaq sahəsini və oradakı 70 min manatlıq evi vəzifəsindən sui-istifadə edərək aldatma yolu ilə ələ keçirməsindən söhbət açılırdı.
Xəzər rayonu Şüvəlan qəsəbəsi H.Məmmədov küçəsi, ev 50.A-da yaşayan Əluqulu Quliyevin redaksiyamıza ünvanladığı şikayət məktubu əsasında hazırlanmış yazıda qeyd olunurdu ki, 2009-cu ilin noyabrında prezident Ilham Əliyev Şüvəlanda “McDonalds” və “Şüvəlan Park Ticarət Mərkəzi”nin açlışında iştirak edərkən, mühafizəçilərdən biri olan Naib Dadaşov prezidentin təhlükəsizliyini təmin etmək məqsədi ilə tədbir keçirilən yerlə üzbəüz həyətdə özünə mövqe seçib. Əliqulu Quliyevin sözlərinə görə, həmin vaxt onunla tanış olan Naib Dadaşovun məqsədini sonradan başa düşüb. Şikayətçi bildirib ki, Naib Dadaşov etibardan sui-istifadə edərək onun əmlakını ələ keçirib. Əliqulu Quliyevin sözlərinə görə, Naib Dadaşovun onun mülkünü ələ keçirməsi bir yana bu əməlini ört-basdır etmək üçün özünü də həbs etdirməyə çalışıb. Lakin Naib Dadaşov “Azadlıq”a bildirib ki, Əliqulu Quliyevin söylədikləri əsassızdır. Onun sözlərinə görə, Əliqulu Quliyevin özü dələduzdur. Naib Dadaşov bildirib ki, sözügedən mülk də Əliqulu Quliyevə yox, onun qohumu Zemfira Babayevaya məxsusdur. “Mən həmin torpağı Zemfira xanımdan almışam. Əliqulu Quliyev sadəcə maklerlik edib və pulu da qohumuna verməyib. Ona görə də qohumu polisə şikayət edib”, – deyə Naib Dadaşov bildirib.  

* * *

Bu yazı dərc edildikdən sonra bəlli olub ki, Əliqulu Quliyev artıq şübhəli şəxs qismində AR CM-nin 178.2.4-cü maddəsilə həbs edilib. Əliqulu Quliyevin vəkili Adəm Məmmədov isə müdafiə etdiyi şəxsin həbsini əsassız sayır: “Çox təəssüf edirəm ki, bəzi hüquq-mühafizə orqanlarının əməkdaşları öz şəxsi maraqlarını dövlət mənafeyindən üstün tuturlar. Elə müdafiəsini həyata keçirdiyim Əliqulu Quliyevin cinayət işi üzrə istintaqını aparan Xəzər rayon Polis Idarəsinin müstəntiqi, polis kapitanı Ülvi Abdullayev də qanunun aliliyini yox, şəxsi maraqlarını üstün tutaraq, heç bir ilkin subut və dəlil olmadan, eyni zamanda mülki işi cinayət xarakterli işə çevirərək, zərərçəkmiş Əliqulku Quliyevi şübhəli şəxs qismində tutmaqla qanunlara bir növ arxa çevirmişdir. Mən bir vəkil olaraq mayor Naib Dadaşovun bütün günahlarını subut edən və şikayətçi tərəfindən təqdim edilən audio yazıya müstəntiq Ülvi Abdullayev nəinki tanış olmadı, heç gözünün ucu ilə də baxmadı. Sanki tutduğu insan bir ailə başçısı, əvvəllər məhkum olunmamış fağır qəsəbə sakini yox, hansısa qatı bir cinayətkardır. Ülvi Abdullayevin bu əməli isə nəinki polis adına ləkə gətirir, eyni zamanda həmişə polisin nüfuzunu qoruyan, heç vaxt haqqı nahaqqa verməyən öz naziri, cənab Ramil Usubovun imicinə də zərbə vurur. Əliqulu Quliyev bu işdə aldanmış bir şəxsdir, aldadan isə XDMX-nin əməkdaşı mayor Naib Dadaşovdur. Görəsən bu açıq həqiqəti görmək üçün müstəntiq Ülvi Abdullayevə iki göz bəs eləmirmi? Bir vəkil olaraq mən bu işdə axıra qədər gedəcəyəm. Əliqulu Quliyevin günahsız olmasını, öz haqqına qovuşmasını və bununla da ədalətin tam bərpa edilməsini təmin edəcəyəm. Təbii ki, eyni zamanda qanunlarımızın aliliyindən istifadə edərək günahkarların da cəzalandırılmasına nail olacağam”.

* * *

Əliqulu Quliyevin yaxınları deyir ki, Naib Dadaşov “ilanı Seyid Əhməd əli ilə” tutur. O, Əliqulu Quliyevi aldadaraq torpağı və evi onun qohumu Zenfira Babayevanın vərəsəlik əsasında adına keçirib. Zemfira Babayeva da bildirib ki, torpaq və ev Əliqulu Quliyevə məxsusdur. Lakin vərəsəlik əsasında torpağın və mülkün faktiki sahibi Əluqulunun adına keçirmək çox vaxt aparacaq. Ona görə də gəl bunlar üçün sən Əliqulunun etibarnamə ver ki, iş tez başa gəlsin. Buna görə də sənə istədiyin şirinliyi, yəni 500 manat pul verəcəyəm. Beləliklə də Naib Dadaşov istədiyinə nail olur. Bank vasitəsi ilə Əliqulu Quliyevi aldadaraq bir çox sənədlərə imza etdirir, nəticədə isə Əliqulu Quliyev nə 30 min manatı görür, nə də Zemfira Babayevaya veriləsi 500 manat şirinliyi. Naib Dadaşov işi elə qurur ki, qohumlar bir-birinə düşmən kəsilir; Əliqulu Quliyevə bildirir ki, sənə bir qəpik də verən deyiləm. Zemfira Babayevaya isə deyir ki, guya 30 min manatı Əliquluya verib, o isə heç nə çatdırmayıb. Nəticədə Zemfira Babayevanı qızışdıraraq onun Əliqulu Quliyevdən polisə şikayət etdirməsinə nail olur. Özünün isə sudan quru çıxaraq guya bu məsələlərə aidiyyatı yoxdur. Naib Dadaşovun Əliqulu Quliyevi Zemfira Babayevanın əli ilə tutdurması özünə aid olan şübhələri uzaqlaşdırmaqdan başqa bir şey deyil. Lakin bununla belə redaksiyamıza daxil olan məlumata görə, ötən dəfə dərc etdiyimiz yazıdan sonra yuxarı dairələrdə ciddi narahatlıq yaranıb. Belə ki, Naib Dadaşovun 2009-cu ilin noyabrında Şüvəlandakı məlum obyektlərin açlışı zamanı ona həvalə olunmuş postda prezidentin təhlükəsizliyini təmin etməməsi, əvəzində həyət sahibi ilə bazarlıq etməsi mövcud təlimatı pozmaq kimi qiymətləndirilib. Xüsusi Dövlət Mühafizə Xidmətindəki mənbədən əldə etdiyimiz məlumata görə, həmin dövrdən sonrakı vaxtlarda Naib Dadaşovun hansı mövqedə durub nə işlə məşğul olması araşdırılır. Aldığımız məlumatlar sırasında o da qeyd olunur ki, mayor Naib Dadaşov həbs oluna bilər. Yeri gəlmişkən, Əliqulu Quliyev tutulmamışdan bir neçə gün əvvəl oğlu Ələkrəm və həyat yoldaşı Yelena xanımla Naib Dadaşovla olan telefon danışığı tam yazılıb. Həmin audioyazını Əliqulu Quliyevin yaxınları redaksiyamıza təqdim edib. Danışıqdan aydın olur ki, Naib Dadaşov Əliqulu Quliyevi  aldadaraq bir qəpik belə vermədən aldığı evi qaytarmaq istəyir. Çünki “Azadlıq”ın ötən dəfəki yazısından sonra Naib Dadaşov karyerasına ağır zərbə dəyəcəyi və həbs ediləyəcəyindən ehtiyatlanıb.

* * *

Sonda bu barədə nə kimi tədbirlər göriləcəyini öyrənmək üçün yenə də Əliqulu Quliyevin vəkili Adəm Məmmədova müraciət etdik. Adəm Məmmədov bildirdi: “Hazırda bütün qanuni vasitələrdən istifadə edirik ki, Əli Quliyevin günahsız tutulmasını təşkil edən mayor Naib Dadaşovun və onun sifarişini həyata keçirən müstəntiq Ülvi Abdullayevin əməllərinə hüquqi qiymət verilsin. Onu da diqqətə çatdırım ki, hüquqlarını müdafiyə etdiyim Əliqulu Quliyev istintaqda bütün olanlar barədə ifadə verməsinə baxmayaraq, bu isdiqamətdə heç bir araşdırma aparılmamış və lazımı tədbirlər həyata keçirilməmişdir. Artıq bununla bağlı Əliqulu Quliyevin həyat yoldaşı Yelena xanım Xəzər rayonundan millət vəkili seçilmiş, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın qəbuluna düşməyə hazırlaşır. Oğlu Ələkrəm isə bütün bu qanunsuzluqlar barədə prezident Ilham Əliyevə, daxili işlər naziri Ramil Usubova və Baş prokuror Zakir Qaralova istintaqın xüsusi nəzarətə götürülməsini özündə əks etdirən müraciət hazırlayır. Mən də öz növbəmdə çalışacağam ki, tutarlı arqumentlər əldə edərək Əliqulu Quliyevin məsuliyyətdən azad edilməsinə nail olum”.

Ilham