YAP-çı deputatın cavabı verildi

Nurəddin Məmmədli: «Bu fikir, ən yumşaq şəkildə ifadə etsəm, absurddur»

Hakimiyyət təmsilçiləri arqument tapmaqda çətinlik çəkən kimi, “erməni dəyirmanına su tökənlər”, “xarici qüvvələrə işləyənlər” kimi tezislərə əl atırlar. Eyni duruma düşən deputat Musa Quliyev müxalifətin oktyabrın 9-da keçirilmiş seçkinin nəticələrinin tanımamasını, saxtakarlığa etiraz olaraq mitinq keçirməsini “şeytana daş daşımaq” kimi qiymətləndirib:

“Indi onlar həm özlərini nahaq yerə yorurlar, həm də onlara az-çox inamı olan azsaylı Azərbaycan vətəndaşlarını incidir, onları ümidsizliyə yuvarladırlar. Yəni, radikalların seçkilər və onun yekunları ilə bağlı iddiaları mənasız iddialardır. Bu, əslində şeytana daş daşımaqdır”.

AXCP sədrinin müavini Nurəddin Məmmədli deyir ki, bu iddia musakimilərin hansı əqidədə olduğunun göstəricisidir. AXCP yetkilisi xatırladır ki, bu gün hansısa xarici dövlətin bir əyalətindən bir təbrik gələndə onu bir neçə sutka müzakirə mövzusuna çevirirlər, bunu hakimiyyətin dünyada nüfuza sahib olması faktı kimi təqdim etməyə çalışırlar.

“Azərbaycan xalqı isə konkret faktlarla seçkidəki saxtakarlığı ifşa edir. Bu saxtakarlığı beynəlxalq müşahidəçilər də görür və dilə gətirir. ”Şeytana daş daşımaq” deyəndə, seçki saxtakarlığını dilə gətirən beynəlxalq müşahidəçilərə yardım etməyimizi nəzərdə tuturlar. Bu isə ən yumşaq şəkildə ifadə etsəm, absurddur”, – deyə Nurəddin Məmmədli bildirib.

AXCP yetkilisi onu da qeyd edir ki, Musa Quliyev “şeytan” deyəndə seçki saxtakarlığına görə hakimiyyəti tənqid edən Qərbi nəzərdə tutur: “Bu adamlar ya başa düşmürlər, ya da düşmək istəmirlər ki, Azərbaycan dünyaya inteqrasiya prosesindədir, hakimiyyətin demokratiya, insan hüquqlarının müdafiəsilə bağlı beynəxlalq təşkilatlar qarşısında öhdəlikləri var. Azad, ədalətli və şəffaf seçkinin keçirilməsi də öhdəliklərə aiddir. Əgər bu öhdəliklər yerinə yetirilmirsə, bu, hakimiyyətin qəbahətidir, utancverici hadisədir. Biz şeytana yardım etmirk, ölkənin xilası uğrunda çalışırıq”.

Ramin DEKO