“Test, yoxsa yazılı imtahan” çəkişməsi davam edir

Təhsil Nazirliyinin açıqlaması aranı qata bilər 

Nabatəli Qulamoğlu: «Hələlik imtahanları test üsulu ilə keçirmək və bu prosesi də tənzimləmək lazımdır»

Son bir neçə gündə iki ali məktəbdə imtahan qaydalarının dəyişdirilməsi tələbi ilə etiraz aksiyaları keçirilib. Əvvəl Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) tələbələri semestr imtahanlarının yazılı aparılmasına etiraz edib. Onlar imtahanların test üsulu ilə keçirilməsini tələb ediblər. Etirazlardan sonra ADPU tələbələrinin tələbi yerinə yetirilib.

ADPU-nun ardınca Azərbaycan Universitetinin tələbələri də dərsləri boykot edib. Bu dəfə tələbələr şifahi imtahanın ləğv olunmasını istəyib. Tələbələrin bir etirazı da ara imtahanlarının başlaması ilə bağlı idi. Onlar 7 günə 9 imtahana hazırlaşmağın mümkünsüz olduğunu deyib. 

Artıq Təhsil Nazirliyi ali məktəblərdə imtahanların yazılı və ya test üsulu ilə aparılması məsələsinə aydınlıq gətirib. “Trend”in məlumatına görə, nazirliyin rəsmi saytında göstərilir ki, ali təhsil müəssisələrində kurs imtahanları 1994-cü ildən başlayaraq yazılı şəkildə və ya test üsulu ilə keçirilir. Ali təhsil müəssisələrində kredit sisteminin tətbiqi ilə əlaqədar “Kredit sistemi ilə təhsil alan tələbələrin biliyinin qiymətləndirilməsi haqqında Əsasnamə” təsdiq edilib. Bu Əsasnaməyə görə, tələbələrin biliyinin qiymətləndirilməsi üçün imtahanların bir qayda olaraq, yazılı şəkildə aparılması nəzərdə tutulur.

Təhsil Nazirliyinin bu açıqlaması növbəti dəfə yazılı imtahanların ləğvini istəyən tələbələrin etirazına səbəb ola bilər.

Təhsil ekspert Nabatəli Qulamoğlu ali məktəblərdə təhsilin səviyyəsinin aşağı olduğunu, tələbələrin də asan şəkildə imtahanlardan qiymət almağa öyrəşdiyini deyir. Müəyyən çətinlikləri tələbələr qəbul etmir. Çünki orta məktəbdə olduğu kimi ali məktəbdə də tələbələrin əksəriyyəti oxumur və sonda qiymət tələb edir. Bu baxımdan Təhsil Nazirliyinin müəyyən açıqlamalarını məqbul hesab etmək olar. 

Ancaq ekspert başqa bir reallığın olduğunu vurğuladı: “Bu gün ali məktəb tələbələrinin səviyyəsi çox aşağıdır. Bu aşağı səviyyəni nəzərə alıb yazılı imtahanlardan vaz keçmək lazımdır. Digər tərəfdən, yazılı imtahanlar tələbələri sıxışdırmaq və onlardan müəyyən maddi vəsait qoparmaq məqsədi daşıyır. Çünki ali məktəblərdə kiçik istisnalar olmaqla heç bir müəllimə etibar etmək olmaz ki, o, vicdanla tələbənin qiymətini verəcək. Hələlik imtahanları test üsulu ilə keçirmək və bu prosesi də tənzimləmək lazımdır”. 

Fizzə