Rusiya millətçiləri noyabrın 4-ü marşa hazırlaşır

Vəfa Quluzadə: «Hazırda Rusiya hakimiyyəti millətçilərlə oynayır, bu isə olduqca təhlükəli oyundur və ciddi fəsadları ola bilər»

 

Moskvadakı Azərbaycan diaspor təşkilatları Rusiyada işləyən azərbaycanlıları noyabrın 4-də mümkün qədər küçələrə çıxmamağa çağırıb. Bu barədə Modern.az-a Moskvadakı soydaşlarımız məlumat veriblər. Noyabrın 4-də Moskvada keçiriləcək “Rus marşı”ında təxribatların baş verəcəyindən narahat olan diaspor təşkilatları belə halların olmaması üçün soydaşlarımıza müraciət ediblər.

Orxan Zeynalovla bağlı hadisədən sonra əsas hədəfə düşən azərbaycanlı miqrantlar rus millətçilərinin də iştirak edəcəyi bu marşla bağlı ciddi narahatlıq keçirir.ÿÿ

“Hazırda bazarlarda, kafelərdə və digər yerlərdə işləyən azərbaycanlılar narahatlıq içərisindədirlər. Onlar son günlər Moskvada baş qaldırmış millətçi dalğanın bu mitinqdə fəsadlar verəcəyindən qorxurlar”- deyə soydaşımız vurğulayıb. Qeyd edək ki, Moskva hökuməti “Rus marşı”nın keçirilməsi üçün rəsmən icazə verib. Toplantı noyabrın 4-də Lyublinoda keçiriləcək. Yürüşdə 15 min adamın iştirak edəcəyi bildirilir.

Rəsmi olaraq Xalq həmrəyliyi günü elan olunan 4 noyabrda ənənəvi olaraq ultramillətçi qruplar və partiyalar küçələrə çıxırlar.

Bu dəfə də millətçilərin yürüşə qatılacağı bildirilir. Ultra-milətçi qrupun rəhbəri Demuşkin aksiyaya 30 mindən çox adamın qatılacağını deyib. V.Jirinovskinin sədri olduğu LDPR isə Puşkin meydanında 5 min nəfərin iştirakı ilə mitinq keçirəcəyini elan edib. Həmin günÿ metronun “2 Oktyabr meydanı” stansiyasının qarşısında Romanovlar sülaləsinin 400 illiyi ilə bağlı aksiya təşkil olunacaq.

Maraqlıdır ki, Rusiya hakimiyyəti bir tərəfdən millətçilik toxumunu səpənlərə qarşı mübarizə apardığı görüntüsünü yaratmağa çalışsa da, digər tərəfdən bu cür millətçi marşların keçirilməsinə icazə verilir.

Politoloq Vəfa Quluzadənin fikrincə, Rusiya hakimiyyətinin atdığı addımlarda iki məqsəd güdülür. Birinci məqsəd ondan ibarətdir ki, Rusiyada millətçilərin Putin hakimiyyətindən narazılığı başqa məcraya yönəldilməyə çalışılır: “Millətçilər tələb edir ki, Kreml Qərbin tələbləri qarşısında geri çəëkilməsin. Hakim elitanın korrupsiyaya bulaşması, ölkənin inkişafında heç bir irəliləyişin olmaması millətçiləri hərəkətə gətirib. Artıq faşizmin rəmzləri olan bayraqlarının ictimai yerlərdə qaldırılması adi hala çevrilib. Artıq Rusiyada iqtidar millətçilərlə hesablaşmağa məcburdur. Ona görə millətçilərin qəzəbini özündən yayındırmağa çalışır. Bu qəzəb isə ilk növbədə miqrant azərbaycanlılara yönəldilir. Çünki Azərbaycan Rusiyanın təşəbbüsü olan Gömrük Ittifaqına daxil olmaq niyyətində deyil”.

Rusiyanı dağılmış imperiya adlandıran V.Quluzadə bildirdi ki, Rusiya çar və SSRI imperiyalarının qalığıdır. Hər iki imperiyanın problemlərinin hazırda Rusiyanı narahat etdiyini deyən politoloq əlavə etdi ki, Rusiya milli dövlət deyil, sözün əsl mənasında imperiyadır: “Hazırda Rusiya problemlərinin həlli üçün zorakılıqdan istifadə edir. Vaxtilə Stalinin dövründə problemi insanı aradan götürməklə həll edirdilər. Indi də həmin üsula müraciət olunur. Hazırda Rusiya millətçilərlə oynayır, bu isə olduqca təhlükəli oyundur. Vaxtilə Hitlerlə də bu cür oyunlar oynanılırdı. Hitleri hakimiyyətə buraxan alman burjuaziyası və yəhudi milyonerləri idi. Nəticə hamıya məlumdur. Rusiyada hazırda baş götürüb gedən millətçiliyin qarşısını almağın yeganə metodu ölkəni demokratikləşdirməkdir. Bütün dünya ekspertləri bəyan edir ki, millətçilik Rusiyanı dağıdacaq. Biz hazırda o prosesi müşahidə edirik”.

Xəyal