“İlham Əliyevin legitimliyini tanımırıq!”

 

AXCP ölkədə son siyasi proseslərlə bağlı bəyanat verdi

AXCP Ali Məclisinin sessiyasında ölkədə ictimai-siyasi proseslərin müzakirəsinin yekunu olaraq, bəyanat qəbul edilib. Bəyanatla bir sıra vacib məsələlərə qiymət verilib:
 
Bir ailə hakimiyyəti növbəti dəfə mənimsəyib

AXCP bəyan edir ki, 9 oktyabrda keçirilən seçkinin nəticələri növbəti dəfə xalqın iradəsinə zidd olaraq, saxtalaşdırıldı. Ölkə boyunca bir məntəqədə belə, nümunəvi seçki keçirilməyib, hamısında nəticələr saxtalaşdırılıb və beləliklə, xalqa qarşı ən ağır cinayət törədilib, hakimiyyət növbəti dəfə bir ailə tərəfindən mənimsənilib.

AXCP özünü prezident elan edən İlham Əliyevin legitimliyini tanımadığını bəyan edir və bundan sonrakı fəaliyyətinin əsas prioriteti kimi, Azərbaycanda azad, demokratik və ədalətli dövlət təsisatlarının formalaşdırılması olduğunu elan edir.

Repressiyalar

AXCP bəyan edir ki, hakimiyyət seçki kampaniyası başlayandan bu günə qədər qəddar addımlar atır. Siyasi rəqiblərini, fəalları susdurmaq, demokratikləşmə uğrunda mübarizədən çəkindirmək üçün onları şərləyir, bəzilərini günahsız yerə həbsə atır, bir qisminə qarşı da fiziki zorakılığa yol verilir.

AXCP xatırlatmağı vacib sayır ki…

– Seçki kampaniyası dövründə partiyanın gənc fəalı Rahib Hacıyev uydurma narkotik ittihamı ilə həbs olunub. Rahib Hacıyevin həbsinin gerçək səbəbi isə onun sosial şəbəkələrdə hakimiyyətin ünvanına sərt tənqidlərlə çıxış etməsidir;

– AXCP Ali Məclisinin üzvü, tanınmış jurnalist və hüquq müdafiəçisi Pərviz Həşimli uydurma silah qaçaqmalçılığı ittihamı ilə MTN əməkdaşları tərəfindən həbs olunub. Pərviz Həşimli işgəncələrə məruz qalıb, ondan AXCP sədri Əli Kərimlinin əleyhinə böhtan xarakterli ifadə vermək tələb olunur, əks halda, azadlığa buraxılmayacağı, hətta özünü öldürmə həddinə çatdırılacağıyla hədələnir;

– Milli Şuranın prezidentliyə vahid namizədi Cəmil Həsənlinin Sabirabad seçicilərilə görüşü zamanı YAP-ın təxribatçı dəstəsi və polislər AXCP üzvləri Türkel Əlisoy və Orxan Səlimzadəyə xəsarət yetiriblər. Türkel Əlisoyun 2 dişi sınıb, Orxan Səlimzadənin isə barmağı çıxıb;

– AXCP Qəbələ rayon şöbəsinin funksioneri Tehran Musayev Cəmil Həsənlinin posterlərini yapışdırarkən saxlanılıb və 25 sutka həbs cəzası alıb;

– Milli Şuranın 22 sentyabrda keçirdiyi seçkiqabağı təşviqat mitinqindən sonra AXCP sədri Əli Kərimlinin oğlu Türkel Kərimli və iki dostu (onlardan biri – Coşqun Salahov AXCP fəalıdır) saxlanılaraq, uydurma ittihamla 25-30 sutka inzibati həbs cəzasına məhkum edilib;

– Seçki günü AXCP fəalı Füzuli Qəhrəmanlını müşahidəçi olduğu məntəqədə döyərək, burnunu sındırıblar və məntəqədən çıxarıblar;

– Oktyabrın 12-də Milli Şuranın mitinqi başa çatandan sonra hüquq-mühafizə orqanları əməkdaşlarının törətdiyi təxribat nəticəsində AXCP üzvləri Türkel Əlisoy və Sərvər Abdullah döyülərək saxlanılıb. Onlar həmin gün cərimələnərək sərbəst buraxılsalar da, iki gün sonra – oktyabrın 14-də yenidən məhkəməyə aparılıb və Türkel Əlisoya 15, Sərvər Abdullaha 10 sutka inzibati həbs cəzası verilib;

– Oktyabrın 14-də Nəsimi Rayon Məhkəməsində AXCP üzvü Dəyanət Babayevə hökm oxunub. Məhkəmə siyasi sifariş əsasında AXCP fəalına 3 il azadlıqdan məhrumetmə cəzası verilməsini hökm edib, amma Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edərək, cəzanı 2 il şərti cəza ilə əvəzləyib;

– Oktyabrın 17-də isə AXCP-nin daha iki gənc fəalı – Zaur Məmmədov və İqbal Dəmirli uyudurma ittihamlarla saxlanılaraq, 15 sutka inzibati həbs cəzasına məhkum ediliblər;

– Oktyabrın 29-da Bakı Ağır Cinayətlər Məhkəməsində AXCP sədrinin qaynı, “Texnikabank”ın Yasamal filialının sabiq müdir müavini Elnur Seyidov 7 il 6 ay azadlıqdan məhrum edilib. Bütün obyektiv və qərəzsiz müşahidəçilərin qiymətləndirməsi birmənalıdır ki, bu həbs qisas məqsədi daşıyır. Çünki məhkəmə prosesində heç bir ağlabatan dəlil ortaya qoyulmadan, ağır xəstəliyinə, günahsızlığına baxmayaraq, Elnur Seyidov uzun müddətə azadlıqdan məhrum olunub.

İnanclı kəsimə qarşı “müharibə”

AXCP Azərbaycan hakimiyyətinin dinlə bağlı riyakar siyasətini də şiddətlə qınayır. Əliyevçi hakimiyyət Qərbdən hər dəfə demokratikləşmə ilə bağlı tənqidləri eşitdikdə, bunu Qərbdəki “islamafob” dairələrin əməli kimi təqdim edir. Belə bir vəziyyətdə isə hakimiyyət özü inanclı kəsimə qarşı müharibə aparır; ölkənin nüfuzlu din xadimləri şərlənərək həbsə atılır.

AXCP Milli Şuranın üzvü, ilahaiyyatçı alim Tale Bağırzadənin noyabrın 1-də 2 il azadlıqdan məhrum edilməsini qanunsuzluq, özbaşınalıq kimi dəyərləndirərək, bəyan edir ki, bu cür ədalətsiz hökmlər ölkədəki vətəndaş qarşıdurmasını gücləndirir, insanların dövlətə inamını sarsıdır.

AXCP Tale Bağırzadənin, eləcə də təqsiri sübuta yetirilməyən, heç bir cinayət törətmədiyi halda, şərlənərək həbsə atılan daha 5 nəfərin də müdafiəsində duracağını bəyan edir.

Partiya eyni zamanda, Nicat Əliyev, Elvin Nəsirov, Ceyhun Səfərli, Qorxmaz Camalov, Samir Hüseynov, Valeh Abdullayev, Əlimxan Hüseynov, Emin Tofiqli, Əli Əliyev, Səfər Məmmədov kimi ruhani və dindarların qərəzli ittihamlarla uzun müddətə azadlıqdan məhrum edilməsini qətiyyətlə pisləyir.

AXCP bloqçu, dini baxışları ilə fərqlənən, iki azyaşlı uşaq atası və ağır xəstə olan Rəşad Ramazanlıya 10 il həbs cəzası istənilməsini də ədalətsizlik, söz azadlığına qənim kəsilmə kimi dəyərləndirir.

Demokratiya adacıqlarına hücum

AXCP həmçinin seçkidən sonra Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinə qarşı vergi yoxlaması adı altında hakimiyyətin hücumlarını pisləyir, baş verənləri demokratiya adacıqları ilə “haqq-hesab çəkmə” kimi qəbul edir.

AXCP bəyan edir ki, vətəndaş cəmiyyəti sektorunda intizamı və obyektivliyilə seçilən bu təşkilata qarşı hakimiyyətin hər seçkidən sonra hücumları təsadüfi xarakter daşıya bilməz. Bu, azad və müstəqil, sözün əsl mənasında hökumətdən asılı olmayan təşkilatın cəzalandırılması, onun “sözəbaxanlığa” vadar edilməsidir.

“Azadlıq”a qarşı İlham Əliyevdən qaynaqlanan basqı

AXCP hakimiyyətin ölkədə tənqidçi çap orqanı adına az qala, şəriksiz qalan “Azadlıq” qəzeti ilə qeyri-bərabər və vandal müharibəsini də narahatlıqla izləyir.

AXCP “Azadlıq” qəzetinə qarşı yönələn ittihamları, məhkəmə qərarlarını birbaşa İlham Əliyevdən qaynaqlanan əməllər kimi qəbul edir və bu davanın sonunda avtoritarizmin məğlub olacağına əminliyini ifadə edir.

Azərbaycanda azad, demokratik və firavan cəmiyyət qurulacaq!

Nəhayət, AXCP qətiyyətlə bəyan edir ki, avtoritar Əliyev rejiminnin ölkədə yaratmaq istədiyi qəbiristanlıq sükutu nakam və bəd arzu olaraq qalacaq. AXCP-nin minlərlə fədakar üzvü xalqımızın cəsarətli və demokratiyaya sadiq nümayəndələrilə birgə bu mübarizənin bir an da səngiməsinə imkan verməyəcək. Nəyin bahasına olursa olsun, Azərbaycanda azad, demokratik və firavan cəmiyyətin qurulmasına nail olunacaq.
AXCP bu şərəf mübarizəsində bütün ölkə vətəndaşlarını qətiyyətli və sağlam mövqe tutmağa səsləyir.