İlham Əliyevin azadıstanı

Dünyada həqiqətən də müsbət, ürəkaçan şeylər çoxdur. Bu mənada mediadan gileylənən I.Əliyevlə razılaşmaq olar. Bəli, dünya təkcə fəlakətlərdən, dağıntılardan, aclıqdan və terrordan ibarət deyil. Bu dünyanın üzağardan işləri də var.  

Sizə də aydın olsun deyə, xatırladım ki, Bakıda bu günlərdə keçirilən böyük humanitar forumda çıxışı zamanı I.Əliyev həm də mediadan gileylənmişdi və onu neqativ informasiyaları daha çox qabartmaqda qınamışdı.

Amma bu sözlər mənim yadıma başqa bir şeyi saldı. “Yaxşı padşah”ın nağılını xatırladım. Padşah darıxdığından gündə bir qadağa, bir yasaq fikirləşir. 

Ona görə də I.Əliyev bilməlidir ki, yaxşı işlər görmək, yaxşı sərəncamlar vermək, dəhşətli nöqsanları, qüsurları, mütləqiyyəti və zülmü aradan qaldırmaq lazımdır ki, bunu media da, insanlar da görüb etiraf etsinlər, həm də ölkə təkcə yaxşı görünməsin, gerçək mənada da yaxşı olsun. 

Bizim üçün dünya elə Azərbaycandır. O Azərbaycan ki, orada insanların böyük əksəriyyəti kasıblıq həddində yaşyır, insanlar ağlagəlməz dərəcədə asanlıqla şərlənir, həbsə atılır, insan özünü və sözünü reallaşdıra bilməyir, onun malı və mlükü bir yana, hətta səsi də oğurlanır.

O, Azərbaycan ki, orada toxunulmaz bir şey qalmayıb, O Azərbaycan ki, onun insanları yalnız həsədlə yaşayır – ona-buna, yaxına və uzağa həsəd aparır və dərindən köks ötürür.

I.Əliyev axırıncı dəfə nə vaxt Azərbaycan qəzetlərini oxuyub, Azərbaycan televiziyasına baxıb, doğrusu, mən bunu bilmirəm. Bunu ona görə deyirəm ki, Azərbaycan telekanalları elə onun arzuladığı şəkildə işləyir. 

Ölkə qalır bir tərəfə, insanlar qalır bir tərəfə, bunlar səhərdən axşama qədər iki müğənninin deyişməsi haqda verilişlər verirlər, meyxana “fırladırlar”. Belə “media”dan heç narazı qalmaq olarmı?

Hətta Azərbaycanda məşhur bir deyim də yaranıb: deyirlər ki, kimin problemi yoxdursa, kim düşünmək istəmirsə, Azərbaycan telekanallarına baxsın. 

Əhalinin 90 faizi artıq bu kanallara baxmır, çünki bu kanallardan təqdim edilən ölkə adamı iyrəndirir, bezdirir, hətta düşünmək və fikirləşmək qabiliyyətini aşılayır.

I.Əliyev yaxşı ölkə görmək istəyir, yaxşı xəbərlər eşitməyi arzulayır. Bunun üçün əvvəl yaxşı ölkə qurmaq lazımdır. Hər dəfə bu kanallar onun növbəti dəfə prezident olması ilə bağlı təbrikləri oxuyanda biz əzilirik, üzülürük. Üçüncü dəfə prezident olmağa görə də adamı təbrik edərlərmi? Ona görə ki, siyasətçi iki dəfə prezident seçilə bilir, üçüncü dəfə isə sadəcə prezident olur… 

Bu, nə ölkədir? Bu ölkə siyasi cəhətdən niyə belə qısırdır? Buna heç ölkə demək olarmı? Bir vaxtlar bizdə deyirdilər ki, uzaq Afrika səhralarında nələr baş verir? Indi uzaq Afrika səhralarında belə insanlar diktatorları istəmirlər, onları siyasətdən qovurlar…

Bizə isə “təbrik”lər gəlir. Mən bu təbriklərdə bir ironiya, bir satira elementi görürəm. Ona görə ki, yolumuz iki dəfə haçalandı – bir 2003-cü ildə, bir də 2013-cü ildə. Hər iki halda bizim doğruya, düzgünlüyə qayıtmaq imkanlarımız vardı. 

Amma biz başqa səmtə döndük. Bir dəfə hakimiyyət atadan oğula ötürüldü. Olsun. Tutaq ki, bu, bir səhv idi. Amma sonra nə oldu? Bu dəfə oğul üçüncü dəfə prezident olmaq istədi. 

Sabah dördüncü və beşinci dəfə prezident olmaq istəyəcək. Buna görə də təbriklər gələcək. “Təbrik edirik!” deyəcəklər. Bəli, geriyə doğru daha bir addım atdığınıza görə…

Hər dəfə bizə “Irəliyə doğru daha bir addım atıldı!” deyəndə mən bunun əksini düşünürəm. Əslində onlar bizi gerilədiyimizə görə təbrik edirlər. 

Mən dünya siyasətində dini motivləri o qədər də qəbul etmirəm. Amma bizə, özü də tək bizə yox, bütün müsəlman dünyasına qarşı bir ironiya, aşağılamaq cəhdi hiss olunur. Adamda təsəvvür yaranır ki, bunlar müsəlman dünyasının inkişafını istəmirlər. 

Onlar üçün I.Əliyev, N.Nazarbayev, I.Kərimov daha əzizdir. Ona görə ki, bu adamlar öz millətələrinin inkişafı yolunda böyük bir tıxac yaradıblar.

I.Əliyev yaxşı ölkə görmək, yaxşı xəbərlər eşitmək istəyir. Amma necə? Doğru xəbərlərin də yolunda bir tıxac yaratmaqla. 

Bunu sovet vaxtında çox gözəl edirdilər. Insanlara yaxşı dünyanı göstərmirdilər, yaxşı dünyanı görməyə qoymurdular. Televiziya da elə işləyirdi ki, sanki buralar heç SSRI deyil, əsl Azadıstan idi!

Indi I.Əliyev də öz Azadıstanını qurmaq istəyir. Amma necə? Çox sadə: həqiqətləri gizlətmək, unutdurmaq yolu ilə, qaraya ağ deməklə…

Fəqət, misal var, deyirlər ki, qələbə sonuncu gülənindir. Görək indi kim sonuncu güləcək?