Məhkəmələr isə bu şikayətlərlə bağlı prosesləri bir ildir ki, uzadır
“Azərsu” ASC yüzlərlə mülkiyyətçinin hüquqlarını pozmaqda ittiham edilir. Bu barədə “virtualaz.org”a vəkil Azər Quliyev məlumat verib.
Vəkil bildirib ki, Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilişi zamanı mülkiyyətçilərə dəyən ziyan hesablanarkən kəmərə sərf edilən 1 milyard manata yaxın vəsaitin şəffaf xərclənməsinə dair qaranlıq məqamlar ortaya çıxıb: “Mülkiyyətçilər üçün ayrılmış kompensasiyanın hara sərf edildiyi indiyədək bəlli deyil. Qaranlıq məqamlardan biri də məhkəmələrə təzyiqdir. Dünyanın heç bir ölkəsində 3255 nəfər mülkiyyətçinin əlindən alınmış torpağına görə kompensasiyanın ödənilməməsinə rast gəlinməyib. ”Azərsu”nun bu əməli isə cəzasız qalıb. Mülkiyyətçinin xeyrinə çaxarılan qərarların yerinə yetirilməsi prosesləri də uzadılır. Buna görə də beynəlxalq məhkəmələrə müraciət edərək mülkiyyətçilərin hüquqlarını pozmaqla onlara maddi və mənəvi ziyan vuran “Azərsu”ya qarşı iddia qaldırılacaq”.
Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı deyir ki, onda bu insanların torpağının və ya buna görə kompensasiyasının verilməyəcəyi təəssüratı yaranıb. Hüquq müdafiəçisinin sözlərinə görə, Oğuz-Qəbələ-Bakı su kəmərinin açılışı 2010-cu il dekabrın 28-də olsa da, neçə ildir ki, mülkiyyətçilərin şikayəti təmin edilməyib: “Həmin mülkiyyətçilərin bir neçəsinə köməyimiz nəticəsində kompensasiya verilib. Amma hazırda vəziyyət lap pisdir. Məhkəmələr müxtəlif yollarla işi gecikdirir və ya başqa məhkəməyə ötürür. Ona görə də bu insanlara veriləcək kompensasiyaya hər vəchlə maneçilik törədilir. Onlar üçün ayrılmış vəsaitin harada olması da qaranlıqdır. Heç torpaq da yoxdur. Neft pulu gözləyən insanlar artıq torpağından da məhrum olub. Onların artıq torpağı yoxdur və kompensasiya da verilmir”.
M.Qəhrəmanlı qeyd edir ki, təmsil etdiyi təşkilat
2012-2013-cü illərdə Ali Məhkəmədə, Bakı Apelyasiya, Yasamal rayon və 1 saylı Inzibati Iqtisadi məhkəməsində Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilişi ilə əlaqədar kompensasiya ödənilməyən mülkiyyətçilərə hüquqi yardım göstərib və bu prosesi davam etdirir: “Yasamal rayon məhkəməsinin hakimiləri Mətanət Hacıyeva və Tahir Ismayılovun icraatında olan mülki iş – Qucayev Hacıməhəmməd, Qucayeva Xalidə, Vəzirov Bayramın ”Azərsu” ASC və Oğuz rayon icra Hakimiyyətinə qarşı “Mülkiyyətin dövlət ehtiyacları üçün özgəninkiləşdirilməsi ilə əlaqədar: kompensasiyanın, əldən çıxmış faydanın və dəymiş zərərin əvəzinin ödənilməsi barədə” iddia ərizələri 28 dekabr 2012-ci ildə Yasamal rayon məhkəməsinə təqdim edilib. Müxtəlif bəhanələrlə bu məhkəmə işinin vaxtı uzadılır, məhkəmə iclasları təxirə salınır. Başqa bir iddia ərizəsi 19 sentyabr 2012-ci ildə Yasamal rayon məhkəməsinə təqdim edilib. Ərizə məhkəməyə daxil olduğu vaxtdan sonra 3 aydan gec olmayan müddətdə işə baxılmalı və həmin işin həllinə dair qətnamə və ya qərardad çıxarılmalıdır. 1 il 2 aydır ki, bu mülki işə baxılaraq qətnamə qəbul edilməyib. Həmçinin hakim Fuad Talışinskinin icraatında olan, Qarayev Mahir Mürsəl oğlunun “Azərsu” ASC-yə və Oğuz rayon icra Hakimiyyətinə qarşı iddia ərizəsi 12 sentyabr 2012-ci ildə Yasamal rayon Məhkəməsinə təqdim edilsə də, bu mülki işə baxılaraq qətnamə qəbul edilməyib”.
Sosial şöbə


