Məhəmməd Talıblı: «Azərbaycanda ərzaq təhlükəsizliyi siyasəti olduqca aşağı səviyyədədir»
Iqtisadiyyat və Sənaye Nazirliyi iddia edir ki, son on ildə Azərbaycanda əhalinin etibarlı ərzaq təhlükəsizliyinin təmin olunması sahəsində ciddi nailiyyətlər əldə olunub. Nazirliyin məlumatında bildirilir ki, ölkəmizdə əsas ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsi yüksəlib. Hazırda ölkə əhalisinin istifadə etdiyi bir çox əsas qida məhsulları Azərbaycanda istehsal olunur.
Nazirliyin bu məlumatının reallığı əks etdirib-etdirmədiyini iqtisadçı-ekspert Məhəmməd Talıblıdan soruşduq. Ekspert deyir ki, bütün dünyada ərzaq təhlükəsizliyinin təmin olunması bir sıra vacib amillərə bağlıdır. Əsas amillərdən biri ölkənin qanunvericilik bazasının təkmilləşdirilməsidir. Məhəmməd Talıblının sözlərinə görə, Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində qanunlar var. Amma qanunların icrası Azərbaycanda çox ciddi problemdir: “Bu illər ərzində ərzaq təhlükəsizliyi proqramının icra vəziyyəti və keyfiyyətinin hansı durumda olduğunu görmək çətin deyil. Kənd təsərrüfatı sahəsində ərzaq təhlükəsizliyinin təminatıyla bağlı məhsulların keyfiyyətinə diqqət yetirmək lazımdır”.
Ekspert qeyd edir ki, beynəlxalq hesabatlarda da ərzaq təhlükəsizliyinin təminatıyla bağlı, kodu dəyişdirilmiş gen məhsullarının ölkəyə gətirilməsi kimi ciddi problemlər, həmin məhsulların istehsalına dair məsələlər ətraflı şəkildə öz əksini tapıb.
Məhəmməd Talıblı deyir ki, aqrar sahə üzrə ixtisaslaşmış sahədə indi genetik modifikasiya olunmuş məhsulların kütləvi olaraq gətirilməsi halı güclənib: “Əhalinin seçim imkanları az olduğundan ölkəyə gətirilən məhsulların ekoloji cəhətdən nə dərəcədə təmiz və standartlara uyğun olub-olmadığına diqqət yetirilmir. Nəticədə xəstəliklərin sayının artması, gənc ailələrdə övlad dünyaya gətirmə kimi ciddi genetik problemlər ortaya çıxır. Yəni, bu xəstəliklərin çoxu ölkəyə gətirilən məhsulların keyfiyyətilə bağlıdır. Həmin xəstəliklərin sayının artması ekoloji təmiz məhsulların istehsal olunmamasıyla bağlıdır”.
Ekspert əlavə edir ki, ərzaq təhlükəsizliyinin təmin olunmasının əsas göstəricilərindən biri də idxal olunan məhsulların daha çox istehsalıyla bağlıdır: “Məhsul istehsalının aşağı düşməsi ölkənin idxal asılılığını artırır. Idxal asılılığının artması da ekoloji təmiz deyil, ucuz və keyfiyyəti aşağı məhsulların ölkəyə gətirilməsilə nəticələnir. Bu mənada, ekoloji təmiz məhsulların istehsalını genişləndirmək lazımdır. Ölkədə kodu dəyişdirilmiş məhsulların idxalı təhlükəsizlik problemi yaradır. Çoxsaylı xəstəliklərin meydana çıxması isə əhalinin gəlirinin əhəmiyyətli hissəsinin xarici ölkə klinikalarına daşınmasına gətirir. Onu da qeyd edim ki, ərzaq təhlükəsizliyilə bağlı həyata keçirilən siyasət və onun effektivliyinə nəzarət olduqca aşağı səviyyədədir”.
Nigar


