Sevinc Babayevanın oğlu yenə də də Gülər Əhmədovanı ittiham etdi
“Anamın Elşad Abdullayevdən alıb Gülərə verdiyi pula görə baş verib bu qalmaqal. Günah yenə də Gülər Əhmədovadadır. Anamı da bədbəxt edən o oldu, bizim ailəni də. Görərsiz, gedəcəm məhkəməyə, bütün bunları onun özünə də deyəcəm. Az qalıb”. Bu sözləri mandat alverinə görə həbs edilən sabiq deputat Gülər Əhmədovanın mərhum rəfiqəsi Sevinc Babayevanın oğlu Ayxan Məmmədov “Yeni Müsavat” qəzetinə müsahibəsində deyib.
O, daha sonra əlavə edib ki, anasının Elşad Abdullayevin əleyhinə hazırladığı video da Gülər Əhmədovanın sifarişilə olub: “Gülər Əhmədova anamgilə demişdi ki, Elşad belə bir video yayacaq bizim barəmizdə. Siz də onu qabaqlamaq üçün bir video çəkdirin. Allaha and olsun, onlar əvvəldən bilirdilər ki, bu video yayılacaq. Hətta Elşad Abdullayev əleyhinə o video çıxanda mən anamla mübahisə elədim. Dedim, bu nə məsələdi belə? Dedi ki, hamısını Gülər Əhmədova elətdirib, videonun yayılacağından xəbərim olmayıb”.
Ayxan Məmmədov Gülər Əhmədovanın məhkəmədə Sevinc Babayeva ilə tanışlığı barədə yalan ifadə verdiyini iddia edib: “Gülər Əhmədova yalandan deyir ki, guya anamla tanışlıqları belə olub: anam ona yaxınlaşaraq bacısı, bacısının uşaqları üçün yardım istəyib. O kimdi ki, bizə kömək etsin? Mənim anam özü ona zamanında yardım edib. Mənim anam heç vaxt ona yaxınlaşıb deməz ki, mənim bacıma kömək elə. Çünki biz hər zaman imkanlı ailə olmuşuq. Rəhmətlik babam xalam qızlarına hər şey eləmişdi, onları hər şeylə təmin eləmişdi…
…Anam onu tanıyanda o deputat deyildi. Ikincisi də adam çox şeyi demək istəmir e. Çünki bu işə aidiyyəti yoxdur. Amma guya bizə kömək etməsi ilə bağlı dedikləri başdan-ayağa yalandır. Bizim hər şeyimiz olub, anam da, babam da imkanlı idi. Niyə gedib ona ağız açaq ki? Baxıram məhkəmədə dediklərinə. Mən onun yanına niyə gəlmişdim? Gəlmişdim ki, anamı necə göndərmisən, elə də qaytar…
…Səbirsizliklə məni məhkəməyə çağırmalarını gözləyirəm. Gözləyirəm ki, gəlim, orda çıxış edim”.


