Prosesdə şahid ifadələri arasında kəskin ziddiyyətlər ortaya çıxdı
«Təəssüf ki, prosessual qanunvericiliyi oxumayan adamlar məni ittiham edir»
Dünən Nəsimi Rayon Məhkəməsində hakim Emin Mehdiyevin sədrliyilə tanınmış hüquqşünas Qurban Məmmədovun işi üzrə məhkəmə prosesi davam etdirildi. Qurban Məmmədovun səhhətində problem yarandığından məhkəməyə Təcili Tibbi Yardım çağırıldı və bu səbəbdən məhkəmə iclası bir saat gec başladı. Məhkəmə iclasında Qurban Məmmədov hadisə baş verən ərazidə taksi fəaliyyətilə məşğul olduğunu deyən şahid Isa Mansurova suallar verdi. Məsələ burasındadır ki, Isa Mansurovla digər şahid Rəhbər Hüseynovun dedikləri arasında kəskin ziddiyyətlər yaranmışdı.
“Şahid Rəhbər Hüseynov ifadəsində deyirdi ki, hadisə baş verən vaxt ərazidə heç kim olmayıb. Indi isə istintaq bu şahidi gətirib. Deməli, ya iki şahiddən biri, ya da hər ikisi yalan danışır. Mən hesab edirəm ki, hər ikisi yalan danışır”, – deyə Qurban Məmmədov məhkəmənin nəzərinə çatdırdı.
Hüquqşünas həmçinin şahid Rəhbər Hüseynovun ifadəsinin iş materiallarından çıxarılmasını istədi. Prokuror isə bildirdi ki, qanunvericiliyin tələbinə görə, hansısa ifadənin işdən çıxarılması hazırlıq iclasının predmetidir və hazırkı mərhələdə mümkün deyil.
Qurban Məmmədov prokurorun bu fikrilə razılaşmadı: “Gedin, prosessual qanunvericiliyi yaxşı oxuyun, cənab prokuror. Əgər şahidin yalan ifadə verməsi aşkar olunarsa, istənilən mərhələdə çıxarmaq mümkündür. Təəssüf ki, prosessual qanunvericiliyi oxumayan adamlar məni ittiham edir. Halbuki, mən hazırlıq iclasında da bu məsələni qaldırmışdım və o zaman bildirdiniz ki, şahid dindirilərsə, belə hal yaranarsa, məsələyə baxılar”.
Şahid Isa Mansurovla sual-cavabdan sonra o da bəlli oldu ki, onun istintaqa ifadəsilə məhkəmədə dedikləri üst-üstə düşmür. Bu səbəbdən Qurban Məmmədov onun iş materiallarından onun istintaqa ifadəsinin elan olunmasını istədi. Ifadə elan olunandan sonra şahid pis vəziyyətə düşdü və qarışıq cavablar verməkdə bu durumdan çıxmağa çalışdı.
Qurban Məmmədov bildirdi ki, istintaq dövründə üzləşmə zamanı şahid hadisənin gah axşamüstü, gah səhər, gah da günorta baş verdiyini deyib və müstəntiqin yönəltməsilə axırda günorta cavabının üstündə durub.
Daha sonra Qurban Məmmədov şahidin dindirmə zamanı adını çəkdiyi iş yoldaşı Zakirin də şahid kimi məhkəməyə çağırılması haqda vəsatət qaldırdı. Hakim bildirdi ki, növbəti məhkəmə iclaslarında zərurət yaranacağı halda, onun şahid kimi çağırılması təmin edilə bilər.
Qurban Məmmədov onu da qeyd etdi ki, qəza baş verən gün oğlunun əməliyyatı üçün klinikaya gedib. Hüquqşünas hadisənin başvermə vaxtının dəqiq bilinməsi üçün “Medikal” klinikasına Məmmədov Elnur Qurban oğlunun xəstəxanaya daxil olma vaxtı barədə sorğu verilməsini istədi. Vəsatət təmin edildi.
Digər bir vəsatət isə şahidin həmin vaxt orada olub-olmamasını dəqiqləşdirmək üçün ərazidə olan təhlükəsizlik kamerasının o günə olan çəkilişlərinin alınması barədə oldu. Amma bu vəsatət təmin edilmədi.
Şahidin ifadəsində digər bir ziddiyyətli məqam hadisəni görməyi haqda dedikləri oldu. O, istintaqa ifadəsində zərərçəkmiş Pərviz Abbasovun qışqırıq səsinə çevrilərək hadisəni gördüyünü deyib. Məhkəməyə ifadəsində isə Qurban Məmmədovun maşını saxlamaq istəməsi və geri verərək Pərvizin ayağının üstündən keçdiyini əvvəldən axıradək gördüyünü dedi.
Qurban Məmmədov şahidin ziddiyyətli ifadəsini onun müstəntiq tərəfindən öyrədilməsilə əlaqələndirdi.
Hadisə yerində digər maşının olub-olmaması və Q.Məmmədovun maşını ilə toqquşmasıyla bağlı şahid bildirdi ki, orada nömrəsini və markasını xatırlamadığı maşın olub. O, həmin maşının gah hadisədən əvvəl, gah da hadisədən sonra getdiyini bildirdi. Maşınların bir-birinə toxunmasını, həmin maşının sürücüsünün Q.Məmmədovla söhbət etməsini isə ümumiyyətlə, görmədiyini qeyd etdi. Q.Məmmədov bildirdi ki, digər maşının sürücüsü Xanlar Bayramov şahid qismində ifadə versə, indiki şahidin tamamilə yalan danışdığı ortaya çıxacaq.
Daha sonra hakim və prokuror da ifadələrindəki ziddiyyətli məqamlarla bağlı şahidə suallar verdilər. Şahid bildirdi ki, hadisədən çox zaman keçdiyinə görə hansısa yanlışlıqlara yol verə bilər və məhkəmədə dediklərini təsdiqlədiyini vurğuladı.
Q.Məmmədov həmçinin məhkəmə iclaslarının protokolları ilə tanış olmaq üçün ona şərait yaradılmasını istədi və bu barədə vəsatət verdi.
Prokuror vəsatətlərlə tanış olmaq üçün vaxt istədi.
Məhkəmə prosesi noyabrın 4-də davam etdiriləcək.
Ramin DEKO


