Hökumət “Qanun” nəşriyyatının fəaliyyətini dayandırdı

Proses vergi müfəttişləri vasitəsilə həyata keçirildi

Vergilər Nazirliyinin əməkdaşları noyabrın 1-də əvvəlcədən xəbərdarlıq etmədən “Qanun” nəşriyyatına gedərək, yoxlamaya başlayıblar. Nazirliyin nümayəndələri nəşriyyatda olduğu müddətdə “Qanun”un əməkdaşlarının binaya daxil olmasına icazə verilməyib.
Vergi müfəttişləri “Qanun”a məxsus bütün maliyyə sənədlərini özlərilə aparıblar və nəticədə Nəşrlər Evi fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb.
“Qanun” nəşriyyatının əməkdaşları bildirib ki, iki nəfər vergi müfəttişi heç bir sənəd təqdim etmədən, yoxlama aparmağa gəldiklərini deyiblər. Onlar nəşriyyatın mühasibat sənədlərini özlərilə aparıblar. Amma nəşriyyatın fəaliyyətini dayandırması üçün Vergilər Nazirliyinin heç bir qərarı yoxdur.
“Qanun” Nəşrlər Evinin rəhbəri Şahbaz Xuduoğlu da nəşriyyatın fəaliyyətini dayandığını bildirib.
Vergilər Nazirliyi Analitik Informasiya şöbəsinin əməkdaşı
Ceyhun Məmmədov “axar.az”a açıqlamasında bildirib ki, “Qanun” Nəşriyyatında yoxlamalar nazirliyin göstərişilə, Bakı şəhər Vergilər Departamenti tərəfindən başlanıb: “Aparılan yoxlamalar vergi qanunvericiliyinə və onun tələbinə əməl olunması vəziyyətinin araşdırılması ilə bağlıdır. Yoxlama başa çatdıqdan sonra bu barədə ətraflı və izahlı məlumat yayacağıq”.
Ceyhun Məmmədov nəşriyyatın fəaliyyətinin dayandırılması xəbərinə də aydınlıq gətirib: “Bizdə belə bir məlumat yoxdur. Əgər fəaliyyəti dayandırılsaydı, məlumatımız olardı”.