Əliyevə təbrik, Azərbaycana təhdid

Fuad Qəhrəmanlı: «Rusiya Azərbaycana münasibətdə «kökə və dəyənək» siyasətini həyata keçirir»

Rusiya ilə Azərbaycan hakimiyyəti arasındakı münasibətlərdə hazırda maraqlı proseslər müşahidə olunur. Belə ki, Gömrük İttifaqı ilə bağlı Azərbaycanı ciddi hədələrə məruz qoyan Rusiya, getdikcə Azərbaycana qarşı təhdidlərini daha da sərtləşdirməkdədir. Ermənistanda yerləşən Rusiya qoşunlarının komandanının Qarabağla son açıqlaması da bunu deməyə əsas verir ki. Rusiyalı hərbiçi Azərbaycanın Qarabağda müharibə başlayacağı təqdirdə rəhbərlik etdiyi qüvvələrin hərbi əməliyyatlara müdaxilə edəcəyini bildirib. Amma bu hadisələrin fonunda saxta seçkiyə demokratik don geyindirilməsində hakimiyyətin ən yaxın dəstəkçisi də Rusiya hakimiyyətidir. Seçkidən sonra İlham Əliyevi ilk təbrik edənlərdən biri məhz Rusiya prezidenti Vladimr Putin oldu. Bəs bu təzad nə ilə bağlıdır. İlham Əliyev hakimiyyətinə saxta seçkidə dəstək verən Rusiya nəyə görə o biri tərəfdən də Azərbaycana ciddi təzyiqlər təşkil edir?

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı bildirdi ki, Rusiya Azərbaycana münasibətdə «kökə və dəyənək» siyasətini həyata keçirir. Bir tərəfdən İlham Əliyevə nümayiş etdirmək istəyirlər ki, əgər Kremlin tələblərini nəzərə alacaqsa, onun apardığı siyasət, avtoritarizm  dəstəklənəcək. Digər tərəfdən isə, təhdid elementlərinin fonunda açıq şəkildə bəyan olunur ki, Rusiyanın tələblərinin nəzərə alınmaması ciddi nəticələrə səbəb ola bilər: «Rusiyanın təzyiqləri hazırda ona görə qabarıq hiss olunur ki, qarşıdan Vilnüs sammiti gəlir və Azərbaycanın Avropa Birliyi ilə assosasiya sazişi imzalaması gözlənilir. Bu ərəfədə Rusiya öz mövcudluğunu Azərbaycana ciddi şəkildə xatırlatmağa çalışır. Rusiya bu yolla Azərbaycanın Avropa Birliyi ilə əməkdaşlığının qarşısını almağa çalışır. Bu baxımdan hakimiyyət üçün bir seçim anıdır. Əgər Azərbaycan Qərbi seçməyəcəksə, o zamandan Qərbdən Azərbaycana sanksiyalar məsələsi gündəmə gələcək. Azərbaycan Qərblə inteqrasiyaya üstünlük verəcəksə, Qərbin Azərbaycanda gedən demokratikləşmə prosesində fəal iştirakı mümkün olacaq. Bütün hallarda ölkənin demokratikləşməsi məsələsi həm də geosiyasi məsələyə çevrilir. Rusiyanın da bu məsələlərdə oynayacağı rol Azərbaycanı Qərbə inteqrasiya prosesindən yayındırmaqdır».

Rusiyanın öz ətrafında anti-demokratik rejimlərdən bir bufer zona yaratmağa çalışdığını deyən F.Qəhrəmanlı vurğuladı ki, Rusiya bununla neoimperialist maraqlarını yeritməyə çalışır, amma bu siyasətin perspektivi yoxdur: «Müasir dünya göstərir ki, dəyərlər üzərində qurulmayan, insanların həyatını yüngüləşdirməyən siyasət zor gücüylə reallaşdırıla bilməz.  Bu siyasət Rusiyanın özü üçün də ciddi problemlərə yol aça bilər».

Xəyal