Bu qurumla bağlı baş verənlər müxtəlif mülahizələrə səbəb olub
Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları bu yaxınlarda Qazağın Qırmızı Körpü gömrük məntəqəsində əməliyyat keçirib. Bu barədə məlumatı “Yeni Müsavat” qəzeti gömrük xidmətindəki mənbələrə istinadən yayıb.
Məlumatda deyilir ki, əməliyyat nəticəsində gömrük məntəqəsində olan “Broker” MMC-nin brokerləri oradan uzaqlaşdırılıb. “Broker” MMC-ni prezidentin şəxsi mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubovun himayə etdiyi bildirilir.
Məlumatda deyilir ki, MTN-nin əməliyyatı Türkiyənin təkidi ilə baş tutub. Türkiyə vətəndaşlarının və iş adamlarının Türkiyənin Bakıdakı səfirliyinə edilən çox saylı şikayətlərdən Ankara rəsmi şəkildə bu məsələyə qarışmalı olub. Türkiyənin Xarici Işlər Nazirliyi Azərbaycanın Xarici Işlər Nazirliyinə müraciət edərək problemi həll etməyi, məntəqədə qayda-qanun yaratmağı xahiş edib. Bu məsələ yüksək səviyyədə müzakirə edilib və məsələnin həlli MTN-ə tapşırılıb. Əməliyyatçılar ölkənin girişlərini generalın adamlarından, geri alıblar.
Generalın brokerlərinin Qırmızı Körpüdə koordinatoru və “Kürd Əli” kimi tanınan şəxs də həbs edilib.
Qırmızı Körpü ilə bağlı “Azadlıq”a da maraqlı məlumatlar daxil olub. Bildirilir ki, bu günlərdə sözügedən məntəqəyə Kənan Nehrəmli adlı bir şəxs rəis təyin edilib. Həmin şəxs öz qaydalarını tətbiq etməyə çalışır və bu üzdən məntəqədə narazılıq yaranıb. Yeni rəis ətrafına idmançıları yığaraq tətbiq etdiyi qaydalara etiraz edənləri döydürür.
Məlumat üçün deyək ki, Dövlət Gömrük Komitəsi fövqəladə hallar naziri Kəmaləddin Heydərovun nəzarətində olan qurumdur. “Fövqəlnazir” Naxçıvan qruplaşmasının rəhbərlərindən hesab edilir. Elə bu səbəbdəndir ki, Dövlət Gömrük Komitəsində yüksək vəzifədə çalışanlar da əslən Naxçıvandandırlar. Bu sırada komitə sədri Aydın Əliyevin birinci müavin Səfər Mehdiyevi, müavinləri Əsgər Abdullayevi, Rza Həsənəliyevi və Nazim Məmmədovu göstərmək olar. Həmçinin komitənin idarə rəislərinin çoxu da məhz Naxçıvan əsilli kadrlardır. Konkret olaraq Xarici Əlaqələr Idarəsi, Audit və Risk Analizləri Idarəsi, Daxili Təhlükəsizlik Idarəsi, Əsaslı Tikinti və Maddi-Texniki Təchizat Idarəsi, Hüquq şöbəsi, Gömrük Mühafizə Xidməti, Mətbuat Xidməti, Avtomobil Təsərrüfatının rəisləri məhz naxçıvanlılardır. Bakı Baş Gömrük Idarəsi, Avtonəqliyyat Gömrük Idarəsi, Xəzər Dənizində Azərbaycan Respublikasının Iqtisadi Mənafelərinin Mühafizəsi Gömrük Idarəsinə Muxtar Respublikadan olan şəxslər rəhbərlik edir.
Doğrudur, “fövqəlnazir”in artıq Paşayevlərlə anlaşması barədə xəbərlər var. Amma görünür, rəqib qruplaşma Dövlət Gömrük Komitəsini özünə yaxın kadrlarla zəngiləşdirmək və mühüm əhəmiyyət kəsb edən bir dövlət qurumundan tamamilə arxayın olmaq istəyir.


