Gənc fəal DIN-in açıqlamasına etiraz etdi

Elvin Adıyev: «Əgər məni ailə münaqişəsinə görə həbs ediblərsə, niyə məhkəmə qərarında başqa ittiham göstərilib?»

Cəbhəçi gənc Elvin Adıyevin Abşeron rayon polis idarəsinin rəisi Namiq Ismayılov tərəfindən döyülməsi və qondarma ittihamlarla 3 sutka inzabati həbs alması haqda məlumat vermişdik.
Belə ki, Elvin Adıyev qəzetimizə açıqlamasında bildirmişdi ki, onu siyasi fəaliyyətinə görə təhqir ediblər və vəhşicəsinə döyüblər. Daha sonra isə zor tətbiq etməklə  polis idarəsinin zirzəmisində protokola imza atdırıblar. Abşeron rayon məhkəməsi isə 2 polis nəfərinin şahidliyi ilə Elvin Adıyevə telefonla danışdığı zaman söyüş söydüyü üçün 3 sutka həbs cəzası verib.
DIN mətbuat xidməti isə qəzetimizə açıqlamasında, Elvin Adıyevin söylədiklərinin cəfəngiyyat olduğunu bildirmişdi. Mətbuat xidmətinin açıqlamasında bildirilirdi ki, Elvin Adıyevin anası Fatma Adıyevə polisə müraciət edib, oğlunun təhqir və işgəncələrinə məruz qaldığını bildirib. DIN-in məlumatına görə Elvinin 3 sutka inzibati həbslə cəzalandırılması da bununla bağlıdır.
Elvin Adıyev DIN-in açıqlamasının yalan olduğunu sübut etmək üçün qəzetimizə məhkəmə qərarının sürətin göndərib.
Məhkəmə qərarında göstərilir ki, Elvin Adiyev telefonla danışarkən nalayiq ifadələr işlətdiyinə görə həbs olunub.
Elvin Adıyev bildirdi ki, DIN-in açıqlaması növbəti böhtandı və mənin anam heç bir şikayət verməyib: “Əgər məni ailə münaqişəsinə görə həbs ediblərsə, niyə məhkəmə qərarında başaqa ittiham qeyd olunub? Hətta məhkəmə zamanı hakim mənim bədənimdəki xəsarətlərə də diqqət yetirmədi. DIN yaxşı olar ki, bu hadisəni ciddi araşdırsın və ədalətli açıqlama yaysın. Bu dərəcədə zorakılığı ört-basdır etmək qanun adına ləkə gətirir. Mənim ailəmlə heç bir problemim yoxdur və anam məndən şikayət verməyib”