Əvəz Zeynallı Bakı İstintaq Təcridxanasına köçürüldü

Əvəz Zeynallı: «Ədliyyə sisteminin Avropa standartlarına çatdırılması üçün hər il milyonlarla vəsaitin hansı məqsədlərə xərcləndiyi hiss olunmur»

“Xural” qəzetinin saxta ittihamlarla hazırda həbsdə saxlanılan baş redaktoru Əvəz Zeynallının 10 saylı cəzaçəkmə müəssisəsindən (CÇM) Bakı Istintaq Təcridxanasına köçürülməsi haqda qərar verilib. Buna səbəb Ə.Zeynallının daha bir məhkəmə işinə baxılması göstərilib.
Qeyd edək ki, budəfəki məhkəmə prosesi 2 il əvvəl “Xural” qəzetində “Baltika-Bakı” MMC-nin pivə istehsalını antisanitariya şəritində aparması ilə bağlı tənqidi yazı dərc olunandan sonra, “Baltika” MMC-nin Rusiyanın Sankt-Peterburq şərəhində yerləşən baş ofisindən Azərbaycana təyin olunmuş rəhbəri Adam Tlexurayın məhkəməyə bunun üçün heç bir əsası olmadan (Məqalədə MMC-nin iş fəaliyyətində buraxdığı nöqsanlar və müəssisə əməkdaşlarına qarşı edilən kobudluqlar, 20 Yanvar şəhidlərinə A.Texurayın hörmətsiz yanaşmasını əks etdirən fotoşəkillər yer tapmışdı və heç bir şəxsin “şərəf və ləyaqət”inə toxunan məqamlara yol verilməmişdi – red.) müraciət edərək, “şərəf və ləyaqətin təhqir olunması” iddiası ilə bağlıdır. A.Tlexurayın 2 ilə yaxın müddətdə Azərbaycanı tərk etməsinə və faktiki olaraq iddiaçı tərəfin məhkəmədə iştirakının təmin olunmamasına baxmayaraq, Azərbaycan məhkəmələri siyasi sifarişlə A.Tlexurayın əsassız iddialarını, cavabdeh tərəfin göstərdiyi fakt və dəlillərə əhəmiyyət vermədən təmin edib. Ondan sonra bir-birinin ardınca bu işlə bağlı “quraşdırma məhkəmə prosesləri” başlayıb. Nərimanov Rayon Məhkəməsinin qərarından Apelyasiya Məhkəməsinə şikayət verən Ə.Zeynallının məhkəmədə iştirakı təmin olunmadığından Ali Məhkəmə Apelyasiya Məhkəməsinin qərarını ləğv edərək, yenidən özünə qaytarıb. Buna baxmayaraq, Apelyasiya Məhkəməsi bir daha əvvəlki qərarını qüvvədə saxlayıb. Ə.Zeynallı bu qərardan Ali Məhkəməyə kassasiya şikayəti verib. Kasassiya şikayətinə 5 noyabr 2013-cü il saat 10:00-da Ali Məhkəmədə baxılacaq.
Son bir neçə ildə məhkəmələrin qanunsuz və ədalətsiz keçirilməsinin şahidi olan baş redaktor, budəfəki prosesin də yarım saat ərzində başa çatacağını əsas gətirərək və Ali Məhkəmənin də bir daha siyasi sifariş əsasında qərarı qüvvədə saxlayacağını nəzərə alaraq, Ədliyyə nazirinə və həbsxana rəhbərliyinə yazılı şəkildə müraciət edərək, qısa müddət üçün yenidən Bakı Istintaq Təcridxanasına köçürülmək istəmədiyini bildirib. Belə hallarda müstəsna hüquqlar tanındığından o bu hüquqlarından istifadə etməyə çalışıb. Belə ki, Ə.Zeynallı vəsatətlə çıxış edərək, CÇM-dən birbaşa Ali Məhkəməyə və məhkəmədən sonra CÇM-ə qaytarılması üçün şərait yaradılmasını xahiş edib. Lakin Ədliyyə nazirliyi Ə.Zeynallının ərizəsini təmin etməyib. Ə.Zeynallı bu cür ədliyyə sisteminin insan hüquqlarını nəzərə almadan həyata keçirilməsinə öz etirazını bildirib: “Azərbaycanın ədliyyə sisteminin Avropa standartlarına çatdırılması üçün hər il dövlət büdcəsindən milyonlarla manat vəsait ayrılır. Amma təcrübədə bu vəsaitlərin hansı məqsədlər üçün xərcləndiyi hiss olunmur. Yenə də köhnə sistem qüvvədədir. Qısa çəkən məhkəmələr üçün yenidən BIT-yə aparılma və qısa müddətdən sonra yenidən CÇM-ə qaytarılma əlavə işgəncədən başqa bir şey deyil. Əlaqədar qurumlar bu məqamı diqqətə almalıdırlar”.
Qeyd edək ki, Ə.Zeynallı 2011-ci il oktyabrın 28-də həbs olunandan sonra Nərimanov Rayon Məhkəməsinin hakimi Sevinc Quliyeva A.Tlexurayın 150 min manatlıq iddiasını qismən təmin edərək, “Xural” qəzetini 50 min manat cərimələmiş, Bakı Apelyasiya Məhkəməsi isə, Ə.Zeynallının apelyasiya şikayətini qismən təmin edərək, cərimə məbləğini 50 min manatdan 25 min manata endirmişdi.

Informasiya şöbəsi