Elman Rüstəmova cinayət işi açılmalıdır

Müzəffər Baxışov: «Əgər xarici dövlətin məhkəməsinin qərarı ilə Azərbaycan rəsmilərindən kimlərəsə rüşvət verilməsi təsdiq olunubsa, cinayət işi başlamalıdır»

Vyana məhkəməsində Avstriya Mərkəzi Bankının törəmə şirkəti olan “OeBS”nin Azərbaycan və Suriya mərkəzi banklarından milli banknotların çapına dair alınmış sifarişlərə görə rüşvət ödəməsi işi üzrə prosesə başlandığı barədə məlumat vermişdik. Avstriya nəşrləri xəbər verir ki, məhkəmə “OeBS” şirkətinin Azərbaycan və Suriya Mərkəzi bankları ilə müqavilələrini “mikroskop altında” araşdırır.
Məhkəməyə təqdim olunmuş 126 səhifəlik cinayət işinin materiallarında göstərilir ki, şirkətin bu ölkələrlə bağladığı müqavilələrin əvəzində on milyonlarla avro “komissiyon haqqı” ödənilib. Məhkəmə “OeBS” şirkətinin 2008-ci ildən etibarən Azərbaycan və Suriya Mərkəzi bankları ilə əməliyyatlarda bir epizod üzrə 530 min avro rüşvət ödədiyini artıq təsdiqləyib.ÿ Pullar Panamada qeydiyyatdan keçmiş “Venkoy” adlı offşor şirkətin hesablarına köçürülüb.
Xəbərdə bildirilir ki, məhkəmə bu şirkətlə bağlı ciddi araşdırmalar aparır. Şirkətin rəhbəri kimi sənədlərdə Ispaniya və Isveçrə vətəndaşlığı daşıyan 73 yaşlı qadın göstərilir.
Xatırladaq ki, banknot çap edən Avstriya şirkətinin Azərbaycan Mərkəzi Bankının rəhbərliyinə rüşvət verdiyinə dair cinayət işi iki il əvvəl qaldırılıb. Mətbuat bu qalmaqaldan dəfələrlə yazsa da Mərkəzi Bank buna reaksiya vermir.
Bəs bu qalmaqal hüquq-mühafizə orqanlarının diqqətini cəlb etməlidirmi?
Hüquqşünas Müzəffər Baxışov bildirdi ki, qanuna görə mətbuatda gedən məlumatlar hüquq-mühafizə orqanlarının araşdırma predmeti olmalıdır. Amma M.Baxışov onu da vurğuladı ki, Azərbaycanda belə bir addımın atılması qeyri-mümkündür. Çünki prokurorluq orqanları yalnız siyasi göstərişlərlə hərəkət edir: “Siyasi sifariş verilməsə bu məsələ araşdırma predmeti ola bilməz. Əgər məhkəmə qərarı varsa və ya xarici dövlətin məhkəməsinin qərarı ilə Azərbaycan rəsmilərindən kimlərəsə rüşvət verilməsi təsdiq olunubsa, cinayət işi başlamalıdır. Bu prokurorluğun qanunda nəzərdə tutulan səlahiyyətidir. Amma prokurorluq qanundakı səlahiyyətlər əsasında deyil, sifarişlər əsasında fəaliyyət göstərir. Bu nöqteyi nəzərdən nə qədər siyasi sifariş yoxdur, bu məsələ araşdırılmayacaq”.
Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarının mövqeyini öyrənməyə çalışsaq da, cəhdimiz nəticə vermədi.

Hikmət