Türkiyə Cümhuriyyəti tarixində ilk

Millət vəkilləri Böyük Millət Məclisinin iclasına baş örtüyü ilə qatıldılar

Türkiyə Böyük Millət Məclisində tarixi anlar yaşanıb. Türkiyə Cümhuriyyəti tarixində ilk dəfə olaraq baş örtüyü taxmış qadın millət vəkilləri Böyük Millət Məclisinin iclasına qatılıblar. Hakim Ədalət və İnkişaf Partiyasının (AKP) millət vəkilləri Gülay Samançı (Konya ), Sevde Beyazıt Kaçar (Kahramanmaraş), Nurcan Dalbudaq (Dənizli), Könül Bekin Şahqulubəy (Mardin) parlamentin binasına baş örtüyü ilə daxil olublar. Ümumiyyətlə, son vaxtlar Türkiyə və Azərbaycan parlamentariləri mətbuatın gündəmindən düşmürlər.

Türkiyə ilə bağlı müzakirə olunan məqam millət vəkillərinin görünüşüdürsə, Azərbaycanla bağlı məqam deputatların parlamentin iclasında olmayan həmkarlarının əvəzinə səs vermələridir. Azərbaycanı dünyada biabır edən bu saxtakarlıq bir çox xəbərlərdə heyrətlə izləndi. Türkiyə Böyük Millət Məclisi ilə bağlı gündəmi yaradan 4 AKP-çi qadın millət vəkilinin parlamentin iclasına baş örtüyü ilə gələcəyini bəyan etməsi oldu.

Hamını düşündürən məsələ bu qadınların 1999-cu ildə oxşar addımı atan Səadət Partiyasının qadın millət vəkili Merve Kavakçının aqibəti ilə üzləşib-üzləşməyəcəyi idi. MHP mövqeyini əvvəlcədən açıqlayaraq bu addımın atılmasında bir qəbahət görmədiyini bildirmişdi. Bu mənada, Türkiyənin nəzərləri CHP-nin üzərində idi. CHP-nin son ana qədər hansı mövqedən çıxış edəcəyi bəlli deyildi. Oktyabrın 31-də hər kəsin diqqəti parlamentdə nələrin yaşanacağına yönəlmişdi. Məclis başlayan kimi on dəqiqəlik fasilə elan olundu. Daha sonra növbə ilə CHP, MHP, BDP və AKP-dən olan deputat qruplarının rəhbərləri söz aldı.

CHP-çi deputatın çıxışını bütün məclis alqışladı

CHP deputat qrupunun rəhbəri Məhərrəm İncənin baş örtüyü ilə bağlı çıxışı zaman-zaman zalda gərginlik yaratdı. Lakin onun «hicablı bacım» ifadəsi hər kəs tərəfindən alqışlandı. M.İncə «Baş örtüyü taxanlar sadəcə sizin deyil, bizim də bacımızdır. Belma xanım (AKP-dən olan başı açıq millət vəkili), sizə bir şey deyim. Mənim bir bacım var, o da baş örtüyü taxır, sizin kimi başı açıq deyil. 4 yoldaşınız bu yeniliyi indi edirsə, bacım bunu 12 yaşındaykən edib. Bu baxımdan, «hicablı bacım» ifadəsindən istifadə etmək mənə yaraşar. Amma mən bundan siyasət üçün istifadə etəmərəm, sizin də istifadə etməyinizə izn vermərəm» deyə, bildirdi.

«Kişilər öz işləri ilə məşğul olsunlar»

MHP-dən olan Ruhsar Dəmirəl partiyasının adından çıxış edərək hicablı millət vəkilləri ilə bağlı MHP-nin 2008-ci ildə hökumətə ünvanladığı təklifə laqeyd yanaşıldığını bildirdi. Kişilərə müraciət edən Dəmirəl «özünüzü bir az da bizim yerimizə qoyun» dedi və «ayran için, qeysəriyyə əməliyyatı etdirməyin… Bunlar bizim məhrəmimizdir, məhrəmimizə qarışmayın» sözləriylə tənqidlərini çatdırdı.

“Hər şeyin qadağan olunduğu Baş məclis”

Bir ayağı olmaya-olmaya qadağan olunduğu üçün Böyük Millət Məclisinə şalvarla gələ bilməyən və məcburən ətək geyinən CHP başqan yardımçısı Şəfəq Payev də tənqidlərini səsləndirməyi unutmadı: «Orta yaş həddinin 50 olduğu, su içməyin belə, qadağan edildiyi bir Məclisdə işləyirik. Məclisin iclaslarına şalvarla gəlmək kişi millət vəkillərindən biri tərəfindən qadağan edilib». İclasa baş örtüyü ilə gələn bir qadın millət vəkilinin «bir daha başımı açaraq çirklənməyəcəm» fikrini xatırladan Payev «bu halda, başı açıq millət vəkilləri çirkləniblərmi? İnanc üzərində bir başqasını çirkli elan etməyə kimin həddi çata bilər?» deyə sual etdi. Çıxışlar davam edərkən AKP-dən olan millət vəkillərinin baş örtüyü taxmış həmkarlarının şəkillərini çərəkərək «facebook» və «twitter» səhifələrində paylaşması diqqətlərdən yayınmadı. CHP millət vəkili Akagün Yılmaz isə hicablı millət vəkillərinə etiraz olaraq zalda üzərində Atatürkün rəsmi olan köynəklə oturdu.

Aydın Taş, Ankara