Səlim Müslümov daha bir kadrını vəzifəyə gətirdi

Dövlət Sosial Müdafiə Fondunun Maliyyə-büdcə şöbəsinin müdiri İdris İsayev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə sədr təyin olunub. Bu barədə AzVision.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən eksklüziv məlumat daxil olub.

Bildirilib ki, Səlim Müslümov fondun Maliyyə-büdcə şöbəsinin müdiri İdris İsayev Əmək Müfəttlişliyinə sədr gətirib.

Qeyd edək ki, İdris İsayev yeni postunda Nəbi Şükürlünü əvəz edəcək.

İdris Balakişi oğlu İsayev 22 oktyabr 1970-ci ildə anadan olub. 1987-1992-ci illərdə D.Bünyadzadə adına Azərbaycan Xalq Тəsərrüfatı İnstitutunun (Azərbaycan Dövlət İqtisad Universiteti) maliyyə və kredit fakültəsində əyani təhsil alıb və fərqlənmə diplomu ilə bitirib. 1992-1993-cü illərdə «İnkişaf» Səhmdar Kommersiya bankında iqtisadçı-mühasib vəzifəsində işləyib. 1993-2005-ci illərdə Azərbaycan Respublikasının Maliyyə Nazirliyində iqtisadçı vəzifəsindən başlamış şöbə müdirinin müavini vəzifəsinədək müxtəlif vəzifələrdə çalışıb. 2002-2005-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasının ABŞ-nın Gorce Universiteti ilə birgə təşkil etdiyi MBA proqramında təhsil almış və biznesin idarə olunması ixtisası üzrə magistr dərəcəsi alıb. 24 yanvar 2005-ci il tarixində Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun Aparatının Maliyyə-büdcə şöbəsinin müdiri vəzifəsinə təyin edilib. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 iyun 2005-ci il tarixli 117 nömrəli qərarı ilə Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu Kollegiyasının üzvüdür. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 5 oktyabr 2007-ci il tarixli Sərəncamı ilə dövlət qulluğunda səmərəli fəaliyyətinə görə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

Rus və ingilis dilləri bilir.

Evlidir. 3 övladı var.