Azərbaycanda ümumvətəndaş pasportları şəxsin yaşayış yeri üzrə qeydiyyatından asılı olmayaraq, Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin bütün regional mərkəzlərində veriləcək. Bu barədə Trend-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Məlumatda deyilir ki, Azərbaycan Prezidentinin 2012-ci il 17 iyul tarixli fərmanına uyğun olaraq, cari il sentyabr ayının 1-dən elektron daşıyıcısı olan ümumvətəndaş pasportlarının verilməsinə başlanılıb, əhalinin rahatlığının, vətəndaş məmnunluğunun təmin edilməsi üçün bir sıra digər təşkilati-praktik addımlar atılıb.
Məhz vətəndaş məmnunluğunun təmin edilməsi və sözügedən Əsasnamənin tələblərinin icrası məqsədilə Daxili İşlər Nazirliyinin rəhbərliyi bu istiqamətdə əlavə tədbirlərin görülməsi barədə müvafiq göstəriş verib. Həmin göstərişə uyğun olaraq, bundan sonra ümumvətəndaş pasportları şəxsin yaşayış yeri üzrə qeydiyyatından asılı olmayaraq, Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin bütün regional mərkəzlərində veriləcək.


