Daha bir universitet etiraza qalxdı VİDEO

“Azərbaycan” universitetinin tələbələri imtahanların yazılı keçirilməsinə etiraz olaraq bu gün aksiya keçirdilər.
Tələbələr imtahanların test üsulu ilə keçirilməsini tələb edirlər. Dəfələrlə universitet rəhbərliyinə tələblərini xatırlatsalar da heç bir nəticə əldə olunmadığı üçün oxuduqları tədris ocağının qarşısına toplaşmaq qərarına gəldilər.

“Universitetdə oxuyanların 16-17 kəsiri var”

İzdihamın qarşısını almaq üçün öncə fakültə dekanları tələbələrin önünə çıxdılar. Ancaq bunun heç bir nəticəsi olmadı. “Test”, “test” şüarları səsləndirən tələbələri önünü polis də ala bilmədi. Hüquq-mühafizə orqanlarının əməkdaşları universitetin binası önünə gəlsə də olayı bir müddət kənardan seyr etdilər.
“Dekan gəldi bizi tələblərimizi irəli sürdük. Sabah (bu gün-red) saat 12-də hər qrupdan 2 nəfər rektorun qəbulunda olacaq. Deyildi ki, bizə konkret cavab veriləcək. Cavablar qane etməsə yenidən etiraz aksiyası keçirəcəyik”, – deyə tələbələr bildirdilər.

Onların sözlərinə görə, imtahanlar test üsulu ilə olsa universiteti bitirə bilərlər: “6-7 imtahan açıq keçirilir. Bəzən elə olur ki, bir gündə iki imtahan olur. Heç kimi nəzərə almırlar. Burada elə tələbə var ki, Xırdalandan, Sahil qəsəbəsindən gəlir. Bir gündə iki imtahanı olan tələbə bunu necə çatdırsın? Heç bir tələbə deyə bilməz ki, onun 2-3 kəsiri var. Ən yaxşı oxuyan tələbənin belə 7-8 kəsiri olur. Orta hesabla universitetdə oxuyanların 16-17 kəsiri var. Boloniya sistemində haradan görünür ki, açıq sual olsun? Heç bir universitet “D” yoxdur. “D” davranışa görə verilən qayıbdır və bu iki dərsdə olmamağa bərabərdir. Dərsdə oturursan biri söz deyir hamı gülür. Müəllimdə baxır ürəyi istəyən tələbəyə “D” yazır. Dərsin bitməsinə 5 dəqiqə qalmış bir neçə tələbə “D” alır və bu o deməkdir ki, o iki dərsdə iştirak etməyib. Heç yerdə belə bir sistem yoxdur”.

“Bütün universitetlərdə keçid balı 51 baldır, bizdə isə 61 bal tətbiq ediblər”

Tələbələr universitetdə Boloniya sistemi deyil, Azərbaycansayağı sistem olduğunu söyləyirlər: “Hər bir kəsir üçün 200-300 manat pul tələb edirlər. Hər “Azərbaycan” universitetini ən yaxşı halda 5-6 tələbə bitirir. Əksər tələbələr hərbi xidmətdə il yarım olurlar. 6-7 il oxuyan tələbələr var. Bütün universitetlərdə keçid balı 51 baldır, bizdə isə 61 bal tətbiq ediblər. Tələbə ilə müəllim münasibəti sıfırdır. Dekana bir söz demək olmur. Hərəsinin yanında bir “axran” dayanır. Açıq suallar testlə əvəzlənsə bizə də rahat olar”.
Getdikcə etirazçıların sayı çoxaldığını görən universitet rəhbərliyi onları akt zalına dəvət etdi. Görüş təxminən yarım saat çəkdi. Ancaq görüşdən çıxan tələbələr narazı qaldıqları üçün yenidən tələblərini, şüarlarını səsləndirməyə başladılar. Sonda universitet rəhbərliyi bu gün saat 12:00-da yenidən onlarla görüşəcəyini vəd etdi.
Prorektor Ağamalı Ağamalıyev tələbələrin qarşısına çıxaraq qeyd etdi ki, universitetin təməl prinsiplərini istəklə, tələblə dəyişdirmək olmaz. Ancaq o, məsələyə baxılacağını vəd etdi. Tələbələr prorektora tələblərini bird aha xatırlatdılar və yerinə yetirilməyəcəyi təqdirdə yenidən aksiya keçiricəklərini bəyan etdilər.

“Bu bir təzyiq formasıdır”

Təhsil Nazirliyinin sözçüsü də universietə gəldi. Tələbələrə bildirdi ki, bütün tələblərini yazılı şəkildə bugünki yığıncağa təqdim etsinlər və fakir mübadiləsi parılsın və qərarverilsin.
“Azərbaycan” universitetinin rektoru Eldar Qəhrəmanov APA-ya açıqlamasında deyib ki, etiraz edən tələbələr əsasən IV kursun tələbələri və müəyyən fənlərdən kəsiri olanlardadır. Rektor qeyd edib ki, həmin tələbələr universiteti qurtara bilməyəcəkləri ilə bağlı müəyyən narahatlıq keçirirlər: “Əslində bu bir təzyiq formasıdır. Bəzi universitetlərdə belə təzyiq forması olmuşdu. Onlar da bir-birinə xəbər veriblər. İndi təzyiq kimi belə hadisələrdən istifadə etmək istəyənlər də var. Belə hadisələr universitetlərdə olur. Gərək universitet də çalışsın ki, təhsilin keyfiyyəti təmin olunsun, müəyyən standartlar gözlənilsin. Amma bundan narazı olanlar da həmişə olur. Bizim mövqeyimiz belədir ki, hər kəs universiteti özü seçib, hüquqi müqavilə imzalayıb və daxili prosedur qaydalarına riayət etməlidir”.

E.Qəhrəmanov onu da bildirib ki, tələbələrin narazılıqlarının araşdırılması və yekun qərarın verilməsi 1-2 gün vaxt aparacaq: “Bu, tələbələrin müraciətlərinin sayından və onların tələblərindən asılıdır. Hər bir qrup yığılaraq öz tələblərini müəyyənləşdirəcək, fikirlərini cəmləşdirib rektorluğa təqdim edəcək. Yaxın günlərdə məsələyə baxaraq yekun qərar çıxarılacaq”.

Təhsil Nazirliyi isə…

Təhsil Nazirliyinin yaydığı məlumatda qeyd edilir ki, ali məktəblərdə təsdiq olunan Kredit sistemi ilə təhsil alan tələbələrin biliyinin qiymətləndirilməsi haqqında əsasnaməyə görə, tələbələrin biliyinin qiymətləndirilməsi üçün imtahanların bir qayda olaraq, yazılı şəkildə aparılması nəzərdə tutulur.

“Ali təhsil müəssisələrində kurs imtahanları 1994-cü ildən başlayaraq yazılı şəkildə və ya test üsulu ilə keçirilir. Bu, Təhsil Nazirliyinin 11.10.1994-cü il tarixli 595 nömrəli əmri ilə təsdiq edilmiş “Ali məktəblərin kurs imtahanları və məqbulları haqqında Əsasnamə”yə əsasən aparılır. Ali təhsil müəssisələrində kredit sisteminin tətbiqi ilə əlaqədar “Kredit sistemi ilə təhsil alan tələbələrin biliyinin qiymətləndirilməsi haqqında Əsasnamə” təsdiq edilib. Bu Əsasnaməyə görə, tələbələrin biliyinin qiymətləndirilməsi üçün imtahanların bir qayda olaraq, yazılı şəkildə aparılması nəzərdə tutulur”, – deyə nazirliyin məlumatında qeyd edilir.
Qeyd edək ki, oktyabrın 21-də Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) tələbələri smester imtahanlarının yazılı olmasına etiraz olaraq aksiya keçiriblər.
Etirazçı tələbələr imtahanların yazılı olmasının əleyhinə idilər. Onların etirazından sonra ADPU tələbələrinin tələbi yerinə yetirildi.

Ramin DEKO