Ilahiyyatçı Taleh Bağırzadənin keçmiş müstəntiqi Vüsal Salehovun vəkil Cavad Cavadlıya və “Azadlıq” qəzetinə qarşı iddiası üzrə məhkəmə prosesi noyabrın 12-nə qədər təxirə salınıb. Bu barədə Yasamal Rayon Məhkəməsində bu işə baxan hakim Ayaz Məmmədovun imzasıyla “Azadlıq”a məktub daxil olub.
Xatırladaq ki, müstəntiqin iddiası vəkil Cavad Cavadlının “facebook” səhifəsində yazdığı statusla bağlıdır. “Azadlıq” qəzetinin də sonradan çap elədiyi bu statusda vəkil müstəntiqin Tale Bağırzadə ilə söhbətdən sonra vəzifəsindən istefa verdiyini yazıb: “Tale Bağırzadə müstəntiqlərilə ünsiyyətdə imkan olduğu qədər onları səhv yoldan çəkindirən söhbətlər edir. Bu yöndə söhbətlərdən biri də müstəntiq Vüsal Salehovla aparılıb. Tale Bağırzadə ona peyğəmbərin, imamların həyatından, islam ehkamlarından danışıb, hədislər söyləyib. Söhbət nəticəsiz qalmayıb. Vüsal Salehov ərizəsini yazıb, orqanlardan könüllü çıxıb. Keçmiş müstəntiq özünə yeni iş tapıb, ailəsini halal yolla dolandırır. Onun yerinə çox şad oldum. Allah bütün məmurlara bunu qismət eləsin. Bu sistemdə dövlət məmuru olmaq özünü həlak etmək deməkdir”.
Keçmiş müstəntiq ona 100ÿmin manat maddi təzminat ödənilməsini tələb edir.


