Ukraynaya təzyiq başladı, Azərbaycanı nə gözləyir?

Razi Nurullayev: «Rusiya həm miqrantlar vasitəsilə, həm də etnik zəmində münaqişələr yaratmaqla Azərbaycana təzyiq edə bilər»

Rusiya Gömrük Ittifaqı arzusuna israrla nail olmaq istəyir. Hələ ki, bəzi ölkələr bu ittifaqa qoşulmaq istəmir və öz gələcəklərini avrointeqrasiyada görürlər. Belə vəziyyətdə isə Rusiya bu ölkələrə müxtəlif vasitələrlə təzyiq etməyə başlayır.

Gömrük Ittifaqına qoşulmaq istəməyən ölkələrdən biri də Ukraynadır. Təsadüfi deyil ki, Rusiyanın “Qazprom” şirkəti Ukraynadan borcunun təcili ödənilməsini tələb edir. Şirkət rəhbəri Aleksey Miller Ukraynanın hazırda şirkətə 882 milyon dollar borcu olduğunu bildirib. 

Azərbaycanla da oxşar vəziyyətdir və Rusiya ölkəmizi Gömrük Ittifaqında görmək istəyir. Azərbaycan isə hələ ki, bu ittifaqa qoşulmağa razılıq verməyib. Belə olan təqdirdə Azərbaycana ilk növbədə miqrantlarla təzyiq göstərmək siyasəti həyata keçirilir və son günlər baş verənləri də bunun tərkib hissəsi adlandırmaq olar. 

Azərbaycanın Gömrük Ittifaqına qoşulmaqdan sona qədər imtina etməsi Rusiyanın daha hansı addımlar atmasına səbəb ola bilər. Yəni Rusiyada yaşayan vətəndaşlarımızın deportasiya edilməsindən başqa, hansı yollarla Azərbaycana təzyiq edilə bilər?

Politoloq Razi Nurullayev bildirdi ki, Rusiyanın bu şəkildə fəallaşmasının səbəbi “Şərq Tərəfdaşlığı” ölkələrinin Vilnüsdə keçiriləcək Avropa Birliyinin sammitidir. Ukrayna bir çox məsələləri həll etsə, Assossiativ üzvlüklə bağlı müqaviləyə imza atacaq və Avropa Birliyinin Assosiativ üzvünə çevriləcək. Gürcüstan da bu istiqamətdə addımlamaqda israrlıdır. Azərbaycan da bu istiqamətdə danışıqlar aparmışdı və bu danışıqlar reallaşa bilər. Rusiya hazırda çox narahatdır ki, həmin sammitdə irəliləyişlər ola bilər və buna görə də həmin ölkələrə müxtəlif təzyiqlər həyata keçirir. Azərbaycana təzyiq üçün Rusiyanın əlində olan ən böyük silah miqrantlardı ki, bu insanların ölkəyə qayıtması sosial partlayış törədə bilər. Digər təzyiq yolu isə etnik zəmində münaqişələr yaratmaq ola bilər. Yəni ölkədə yaşayan etnik azlıqlarla azərbaycanlılar arasında müəyyən təxribatlar yarada bilərlər. Bu da ciddi faciələrlə nəticələnə bilər?

Razi Nurullayev onu da əlavə etdi ki, Ilham Əliyev Minskdə keçirilən sammitdə şəxsən iştirak etdiyi üçün Vilnüsdə keçiriləcək sammitdə də özü təmsil olunmalıdır. Əks halda o mənzərə yaranacaq ki, Azərbaycan Rusiyanın qarşısında geri çəkilir.

Ilham Hüseyn