ABŞ Senatında Iranın nüvə fəaliyyətlərinə görə bu ölkəyə qarşı yeni sanksiya layihəsi hazırlanır. Bunu ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri Robert Menendez oktyabrın 28-də Nyu-Yorkda AIPAC-ın toplantısında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, əvvəlcə Iran nüvə fəaliyyətlərini dayandırmalı və daha sonra sanksiyalar ləğv edilməlidir: “Ancaq indi Irana qarşı sanksiyaların azaldılmasının zamanı deyil”. R.Menendez deyib ki, yeni sanksiyaların tətbiqi nəticəsində Çin, Hindistan, Cənubi Koreya, Türkiyə və Yaponiyanın Irandan xam neft və digər neft məhsullarının idxalını azaltması xahiş olunacaq. Qeyd edək ki, qapalı qapılar arxasında hazırlanan sənəd əsasən Iranın neft sektorunu əhatə edəcək. Belə ki, qanun layihəsində Iranın gündəlik neft ixracının bir il ərzində 500 min barelə düşürülməsi qarşıya əsas məqsəd kimi qoyulub. Çünki ABŞ və Avropa Birliyinin Irana qarşı tətbiq etdiyi sanksiyalar nəticəsində bu ölkənin neft ixracı 2,5 milyon bareldən 1 milyon barelə düşüb. Bu da rəsmi Tehrana milyardlarla dollar zərər vurub(APA).


